Vətənə sipər oğullar… – Natiq İbrahimov yazır

 

Sentyabrın 27-də başlanan, 44 gün davam edən və azğın düşmənin acı məğlubiyyəti ilə bitən Vətən müharibəsi Azərbaycan tarixinin şərəf, şöhrət, zəfər salnaməsidir. Böyük fəxarət hissi ilə deyirəm ki, bu zəfər döyüşünə Lənkəran Dövlət Universitetinin (LDU) məzunları, tələbələri, işçiləri ilk günlərdən  könüllü olaraq qatıldılar, hünər və cəsurluq nümunələri göstərərək zəfər salnaməsinə imzalarını qoydular.

Bu gün erməni qəsbkarlarına qarşı Azərbaycan xalqının zəfərlə başa çatdırdığı Vətən müharibəsi artıq tarixdir və fəxrlə deyə bilirik ki: “Qarabağ Azərbaycandır!” .Müharibə  bitdikdən sonra  tərxis olunan işçilərimiz bir-bir sıralarımıza qayıdır. Tərxis olunmuş  döyüşçü tələbələrimiz də  tədris prosesinə  qatılmaqdadır.  Döyüşdən qazi kimi qayıdanlarımız da var. Azərbaycanın bütövlüyü uğrunda sağlamlığını qurban verən oğullarımıza qayğı daim diqqət mərkəzindədir və yeni il ərəfəsində onların ailələri ziyarət edib, lazımi diqqət göstərməyi özümüzə mənəvi borc bilmişik.

Amma çox təəssüf ki, heç bir müharibə itkisiz, qansız, qurbansız ötüşmür.İkinci Qarabağ savaşında   canından keçib şəhidlik zirvəsinə ucalanlar arasında  bizim universitetimizin  tələbə və məzunları  da  oldu. Onların   müqəddəs xatirəsi kollektivin hər bir üzvünə əzizdir və  bütün tədbirlərdə daima  minnətdarlıqla yad edilir.

Sin descripción disponible.

Bu gün daha bir şəhid  tələbə-məzunumuzun-baş leytnant Vüsal Kazımovun şəhid kimi torpağa tapşırılmasından  40 gün keçir. Vüsal həm Lənkəran Dövlət Universitetinin məzunu, həm də  tələbəsi idi. Fiziki tərbiyə və gənclərin çağırışa qədərki hazırlığı fakültəsini bitirdikdən sonra ikinci ali təhsil kimi iqtisadiyyat ixtisasını seçmişdi, sonuncu- V kurs tələbəsi idi. Ötən  ilin əvvəlindən Lənkəran şəhər uşaq gənclər və idman məktəbinin direktoru təyin edilmişdi. Rayonda , universitetdə vətənpərvərlik mövzusunda keçirilən tədbirlərin təşkilatçısı və iştirakçısı kimi tanıyırdıq onu. Vüsal  həm də dəyərli  həmkarımız, LDU-nun  sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun yeganə oğul övladı idi. Kamran müəllim müharibənin ilk günlərindən Vüsalın döyüş yolu ilə bağlı xəbərləri bizimlə həvəslə paylaşar, açıq aydın döyüşçü oğlu ilə qürur duyardı.Bu sevincdən hamımıza pay düşərdi. Çünki Vüsal tək yetirməmiz, ictimai fəal kimi  yox, həm də vətənimizin bir cəsur övladı, hərbçisi kimi bizə əziz, doğma  idi.

Cəsur ürəkli zabitimiz Füzuli, Cəbrayıl şəhərləri və kəndlərinin azad olunmasında əzmkarlıq və qəhrəmanlıq göstərib, Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.15 noyabr 2020-ci il tarixində şəhidimizin nəşi neytral zonadan götürülüb və 29 noyabr tarixində ailəsinə təhvil verilib.

29 noyabr tarixində yaşadığı Lənkəran rayonunun Yuxarı Nüvədi kənd qəbristanlığında torpağa tapşırılan Vüsal Kazımovun dəfnində minlərlə insan, bütün LDU kollektivi iştirak edirdi.

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Vüsal Kazımovun ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilməsi onun döyüş şücaətlərindən xəbər verir.

Sin descripción disponible.

Vətənin çətin günündə düşmənə sipər olan bütün şəhidlərin- həmçinin Vüsal Kazımovun  xatirəsi bizə əzizdir. Torpağı Vətən edənlər , qürur və şərəfimizi bizə qaytaranlar, erməni qəsbkarlarının cavabını layiqincə verənlər, qisasımızı düşməndə qoymayanlar-hamınıza minnətdarıq.  Vətən var olduqca siz də varsınız. Bu gün Vüsalın timsalında bütün şəhid tələbə və məzunlarımızın xatirəsini bir daha  ehtiramla yad edir, ruhunuz şad olsun deyirik. Siz qalibiyyət, əbədiyyət yolunun şərəfli yolçularısınız.  Siz şəhadətə könüllü getdiniz ki,

Vətən sağ olsun!

Natiq İbrahimov

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən,

professor.

 

Müstəqil.Az

Share: