Şəhid Baş Leytenant Ramil Bayramov… – Oğuz Alparslan, döyüş xatirələri

Baş Leytenant Ramil Bayramov (Cəlilabad)
Baş Leytenant Bayramov bizim bölük komandiri idi.
Gülərüz, zarafatçıl, dostcanlı idi.
Ehtiyatda olan bir hərbiçi kimi o da səfərbərlik olan kimi cəbhəyə yollanmışdı.
Hər kəsin, bütün əsgərlərinin telefon nömrəsini bir-bir qeyd etmişdi.
Bir gün dağı qalxa-qalxa ayağı büdrədi və bir balaca ayağı əzildi. Bir az da nasazlamışdı deyə əsgərlər tez onun yataq kisəsini və bel çantasını aldılar ki, yükü azalsın və rahat qalxa bilsin zirvəyə.
Bir az dincələsi olduq. nədənsə söhbət gedirdi ki,əsgərlərdən biri ona sual verdi.
Əsgər:
— Komandir Səncə müharibə neçə il davam edər?
Komandir:
— Allah sənə kömək olsun sən lap bizi qarğıdın ki! İnşallah tez vaxtda bu dığaların kökünü kəsəcəyik. Allahdan bircə arzum var,hər biriniz evinizə sağ salamat qayidin, içi mən qarışıq. Ama etibarsız olmayın ha, müharibə bitdikdən sonra yenidən toplaşacağıq.
Əsgər:
— Komandir, toyuma çağırsam nə qədər nəmər salacaqsan?
Komandir:
— Hələ Qarabağı sağ salamat alaq, inşallah özüm elçi gedəcəm sənə qız almağa.
Əsgər:
—Komandir, istədiyim qızın atasının məndən zəhləsi gedir e)))
Komandir:
— Qorxma, o yan bu yan oldu, qaçırdarıq))
Əsgər:
— Komandir, onda bir qonaqlığın məndə.
Komandir:
— Ə sən hələ ürək elə qızı qaçırdaq, o məsələ asandı,qonaqlıq da əminin boynuna.
Baxın ha, whatsappda qrup açıb hamınızı bir yerə yığacağam . Nə vaxt ki çağırdım,hamı bir nəfər kimi gəlsin. Qorxmayın, qonaqlıq mənim boynumadı, hesabı özüm ödəyəcəyəm.
Baş Leytenant Bayramov çox səmimi biri idi, və hədsiz ailəcanlı idi.
Mövzu bəhsi vətən olmasa bir dəqiqə ayrı qala bilmərəm, deyirdi.
Səhf etmirəmsə 3 övladı var idi.
Lakin övladından ayrı keçirdiyi bir dəqiqəsi bir ilə bərabər olan adam bilmirdi ki, o gündən bir gün sonra əbədi olaraq gözlərini yumacaq həyata.
Qubadlı Zirvəsi Uğrunda döyüş!
Sübh çağı Erməni dəstələri ilə qızğın döyüş başladı.
Günorta saatları idi, ermənilər eyni zamanda iri çaplı silahlardan istifadə edirdilər, şəhidlərimiz var idi.
Erməni snayperləri meşələrdə pusqu qurmuş və uzaqdan atəş açırdılar.
Minamyot mərmisi isə lap yağış kimi yağırdı.
Mərmilərdən biri, Bayramovun olduğu yerə düşdü, əsgərlərdən Səmədov Kamran ağır yaralandı.
Lakin xoşbəxtlikdən Komandir yara almamışdı.O əsgəri ilə birlikdə çiyin-çiyinə döyüşürdü.
Lakin artıq yerləri bəlli olmuşdu və ölüm gözlə qaş arasında idi.
O, qorunmaq üçün mövqe dəyişmək istəyəndə snayper gülləsinə tuş gəldi və ağır yaralandı.
Əsgərlərdən iki nəfər, Əliniyaz və Tural Komandir və əsgəri atəş altından çıxarmaq üçün var gücləri ilə çalışırdılar, çox az qalmışdı ki, yenə o səs!
Minayot mərmisi düz onların yanına düşdü.
Komandir də, Səmədov Kamran da şəhid oldular.
Onlara yardım edən əsgərlər də yaralandı.
Baş Leytenant Bayramov deyirdi ki, içimizdə Oğuz kimi 35 yaşı olan da var, Qasımov kimi 20 yaşı olan da, burada hər kəs əsgərdir, elə mən də!
Lakin hamımızın bir amalı var, biz qələbə ilə dönməliyik və dönəcəyik.
Elə də oldu. Biz Qələbə ilə döndük. Lakin kimimiz Qazi olaraq, kimimiz Şəhid olaraq.
Ruhun Şad olsun Komandir!
Qələbə bizimdir! Qanın yerdə qalmadı.
Qisasın Alındı!
Əsgərin:

Oğuz AlpArslan
Müstəqil.Az
Share: