45 nəfər əsgəri ölümdən xilas edən bir qazinin iki statusu: “Murdar prosesdir” (FOTO)

“Ətrafımdaki insanların müharibə haqqında məndən belə bir statusu gözlədiklərini nəzərə alaraq, bacardıqca qısa şəkildə yazmağa çalışacam. Qəti fikrim bundan ibarətdir ki, müharibə çox murdar prosesdir!”

Müstəqil.Az xəbər verir ki, bu sözləri sosial şəbəkədə reaktiv artilleriya döyüş maşını komandiri (TKM), yeni piyada qoşunu pulemyot manqa komandiri Nurlan Məmmədov yazıb.

O, II Qarabağ müharibəsinin iştirakçısı olmasıyla fəxr etdiyini belə qeyd edib:
“Heç unutmuram, bir video var idi, jurnalist oğlana yaxınlaşıb soruşur ki, “siz özünüzlə fəxr edirsiz?” Cavabında oğlan “bəli” deyir. Jurmalist qız yenidən sual verir ki, nəyə görə özünüzlə fəxr edirsiz? Oğlan qımışır: “Aprel döyüşlərinin iştirakçısıyam, ayağımda qəlpə yarası var”. Ardınca qız ona “mən də sizinlə fəxr edirəm” deyib müsahibəni bitirir.
Nə yalan deyim, həmişə o oğlanı içdən-içə qısqanırdım ki, mən bu adamın elədiyinin 10 faizini nə etmişəm, nə görmüşəm. Amma taleh-qismət belə gətirdi ki, sizə bu statusu 4 qəlpə yarası almış, (xoşbəxtlikdən üçü sıyırdı, birindən yan keçə bilmədim) Horadizdə başladığı döyüşü Şuşada bitirmiş bir əsgər kimi yazıram. Və tam əminliklə deyə bilərəm ki, bu gün özümlə fəxr edirəm!
Müharibə boyunca piyada qoşun növündə, pulemyot manqa komandiri kimi fəaliyyət göstərmişəm və bütün həyatım boyunca özümlə qürur duyacağım bir iş görmüşəm: İnsan həyatını qurtarmağa vəsilə olmaq! Necə gözəl səslənir, ilahi… Düşünəndə ki, hansısa ananın oğlunu evdə sevinclə qarşılamasında sənin də payın var, insan sözlə ifadə edə bilmədiyi bir hiss yaşayır. Çox detallara girmədən izah edim:
– Füzulidə gedən şiddətli döyüşlərdə tək başıma döyüş yoldaşlarımı 2-2.5 metrlik “balota” səngərdən çıxartmışam, hansı ki, atəş altında idik və 15-20 metrliyimə mərmilər atırdılar, o an necə oldusa, belə bir kəskin qərar verdim: bu əsgərləri mən burdan çıxaracam! Mənə elə gəlirdi ki, Tanrı məni məhz o əsgərləri ordan çıxartmaq üçün təyin edib. Könüllü şəkildə digər döyüş yoldaşlarımın köməyilə səngərin üstünə çıxdım (həmin anlarda öz ruhumu bölüyə halal eləmişdim). Artıq açıq hədəfəm, amma bu mənim vecimə də deyil. Əlavə yüklərimi qırağa tullayıb, döyüş yoldaşlarıma əl uzadıb, onları bir-bir səngərdən çıxardıb, sağdakı mövqeyə doğru qaçsınlar, deyirdim. Hər əsgəri güclə dartıb çıxardanda daha da yorulmalı idim, amma mənim ürəyim rahatlayırdı ki, elə indicə burda məni vursalar, biləcəm ki, vurulduğum ana qədər, məsələn, 10 əsgərə kömək etməyi bacarmışam…
Bu qayda ilə 40-45 nəfər civarı insana kömək etdim, sonuncuya çatanda artıq sağ qolumu çiynimdən hiss eləmirdim, nəfəsim demək olar kəsilmişdi, amma özümlə həyatımda heç olmadığı qədər qürür duyurdum!
Əlavə olaraq, hücuma gedən zaman təxmini 3 metrliyimə düşən minaatan mərmisinin qəlpəsindən, özüm yaralanmağıma baxmayaraq, özümlə birgə yaralanıb şok vəziyyətinə düşən əsgərimizi atəş altından çıxarmışam. Hadisənin üstündən təxmini 1 ay sonra həmin oğlan qospitaldan salamat qayıtdı.
“Kamaz”dan düşən kimi qaçaraq məni qucaqlaması və “baxın, bu oğlan mənim xilaskarımdır” deməsi… O ana qədərki bütün döyüş yorğunluğum sanki keçmişdi.
Ayın 27-si səhər Bakıdan cəbhəyə yollananda yol qırağından bizə əl sallayıb, uğur diləyən, yolda yemək üçün bizə ərzaq verən hər kəsə öz təşəkkürümü bildirirəm. Siz görməsəz də, mən sizə deyim, “kamaz”larda gözlərimiz dolmuşdu ki, bu millət, bu məmləkət üçün döyüşə yox, ölümə də getməyə dəyər!
Cəbhə ətrafında yardım paketlərinin ustündə “Allah sizi qorusun, qəhrəman əsgərlər” yazısını görəndə ürəyimin necə isinib, gözlərimin necə dolmasını heç vaxt unutmayacam, əmin olun!
Müharibə boyu ailəmlə, mənimlə maraqlanan, mən yaralananda narahat olub kömək etməyə çalışan hər kəs bilsin ki, sizin varlığınız mənim xoşbəxtliyimdir! Düzdür, əslində ailəmlə maraqlanmağı Yasamal rayon İcra Hakimiyyətindən və ya məni imza atmaq adıyla evdən polislə aparmaq istəyən Yeni Yasamalın JEK-indən gözləyirdim, amma onlar yararsız qurumlar olduqlarını bir daha sübut etdilər. Ümumiyyətlə, şəhərdə orduya bir şüarla belə dəstək olan hər kəs bilməlidir ki, biz orda sizdən güc alıb vuruşurduq! Sağ olun ki, varsız!
Döyüş hesabatını məruzə etdi, köhnə reaktiv artilleriya döyüş maşını komandiri (TKM), yeni piyada qoşunu pulemyot manqa komandiri və ya ümumiyyətlə, sadəcə sizin əsgəriniz Nurlan Məmmədov. Hörmətlə!”
Bundan sonrakı bir statusunda isə Nurlan bunları yazıb:
“Füzulidə qəlpə yarası almaq, Füzulinin son kəndinə qədər vuruşmaq… Oktyabrın 28-i öz doğum günümdə Füzulinin son kəndinə bayrağın sancılması və bütövlükdə işğaldan azad olunması… Oktyabrın 29 -u cəmi bir gecə yatdıqdan sonra səhər Şuşa istiqamətində hərəkətə başlamaq. Və… bu boyda həngamədən sonra ümumi döyüşü 24 saat belə görməyən birinin medal alması, mənə isə medal verilməməsi, üstəgəl, yaralananda qospitala göndərmiyiblər deyə hərbi biletimə “yaralanmayıb” yazılması… İstər-istəməz yazdıqca gülməyim gəlir… Vətən sağ olsun!..”
Share: