İlkin Şakiroğlu yazır.. “Hər şəhid cənazəsini evinə yola salanda, öz-özümə düşünürdüm ki, mən yenə də sizin ucalığınıza çata bilmədim”

Onu illərdir tanıyıram. Hərbçi olmasına baxmayaraq kitabsevər, elmə dəyər verən biri kimi həmişə xatirimdədir. Tez-tez oğlu yanında kitab mağazalarında rastlaşırdıq. Amma bu 44 günlük Vətən savaşında onu bir başqa tanıdım. Qohum olmağımıza baxmayaraq, savaş boyunca onunla daha çox dostlaşdıq, doğmalaşdıq.

Demək olar ki, hər gün zəngləşirdik. Çox gərgin və həyəcanlı söhbətimiz olurdu. Son söhbətlərimizin birində bir söz işlətdi:”Hər şəhid cənazəsini evinə yola salanda, öz-özümə düşünürdüm ki, mən yenə də sizin ucalığınıza çata bilmədim”. Mən bu düşüncədən dəhşətə gəldim. “İlahi, bu necə arzudur?!” Sonra onun keçdiyi yola nəzər saldıqca, şərəfli tarix yazmış bir hərbçi, ancaq belə düşünə bilərdi deyə düşündüm Onun arzusunu anlamadığım üçün özümü qınadım. Və bu yazını yazmaq qərarına gəldim. İstədim ki, şanlı Azərbaycan ordusunun şərəfli bir zabitini də bütün Azərbaycan tanısın. Ramal Əzimovun keçdiyi hərb yolu, mənim bu kiçik yazıma sığmayacaq qədər böyükdür…
 
Ramal Adil oğlu Əzimov 5 fevral 1981-ci ildə Cəlilabad rayonunun Alar kəndində anadan olmuşdur. Uşaqlıq illərindən hərbçi olmaq arzusu ilə yaşayan Ramal 1995-1998-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə təhsil almışdır. O, 2002-ci ildə H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbni ümumilli lider H. Əliyevin imzalı təltifnaməsi ilə başa vurmuşdur. Ali Hərbi Məktəbdən məzun olduqdan sonra təyinatını Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissəyə almış, xidmətə tağım komandiri kimi başlamışdır. Ramal Əzimov təhsilini Türkiyənin Ankara və İzmir şəhərlərində, daha sonra isə ABŞ-ın Texas ştatında davam etdirmişdir. O, 30-a yaxın NATO-a üzv xarici dövlətlərdə təlim və seminarlarda iştirak etmiş, uzun müddət NATO tərəfdaşlıq çərçivəsində Əməliyyat İmkanları Konsepsiyası taborunda xidmət etmişdir. 2007-ci ildə ABŞ-ın Georgia ştatında yerləşən Quru Qoşunları Akademiyasında qərargah zabiti kursunu fərqlənmə ilə bitirmişdir. Ramal 2012-ci ildə Hollandiyada “Beynəlxalq hüquq”, 2014-cü ildə isə Türkiyədə “Hərbi münaqişələr hüququ” üzrə kursda təhsil almışdır. Ramal Əzimov şərəfli bir döyüş yolu keçmişdir. O, 2018-ci ildə öz istəyi ilə cəbhə bölgəsində yerləşən hərbi hissələrin birində xidmətini davam etdirmiş, şiddətli döyüşlərdə qəhrəmancasına vuruşmuşdur. Ramal Əzimov cəsurluğu, igidliyi ilə yanaşı, qayğıkeşliyi ilə də əsgərlərin rəğbətini qazanmışdır. Mayor Ramal Əzimov İkinci Qarabağ müharibəsinin ilk günlərindən ön cəbhədə şücaətlər göstərən, müzəffər ordumuzun ön sıralarında cəsarət və igidliklə xidmət göstərərək, şanlı tariximizə yeni səhifələr əlavə edir. Ramal Əzimov ailəlidir, üç övladı var. Qeyd edək ki, Ramal Əzimovun atası tanınmış polis zabiti Adil Mirzəbəy oğlu Əzimov (19.09.1951-04.06.2015)-da Birinci Qarabağ müharibəsində Qubadlı istiqamətində gedən döyüşlərdə şücaət göstərmişdir.
Share: