Ver, əsgər çəkməni köksümə sıxım – NARINGÜLün

Şəhidim

Yoluna su səpim, göz yaşı sıxım?

Çəkməndə torpaq var, torpaq, bir sıxım…

Ver, əsgər çəkməni köksümə sıxım,

Çəkməsində çiçək bitən şəhidim.

Ayağın yerdədi, yolun göylədi,

Göydən ulduz uçdu, yaram göynədi.

Xəbərin oldumu o qız neylədi?

Dönüb üfüqlərdə itən şəhidim.

 

Zəfərlə, hünərlə elə qoşasan

Bir az da Ağdamsan, bir az Şuşasan.

Sən qurban getdin ki, Vətən yaşasın

Bayrağa bürünüb ötən şəhidim.

 

Torpağa qan düşdü , torpaq oyandı,

Qanın çiçəkləndi, bu necə qandı?

Yazdın ki, Qarabağ Azərbaycandı!

Sən elə vətənsən, vətən, şəhidim.

 

Share: