Günəş Qarabağlı : Şəhidlik zirvəsinə ucalan hər bir əsgərin anası, bacısıyam

Müstəqil.Az-ın daimi oxucusu və yazarı, istedadlı şairə Günəş Qarabağlı ilə müsahibəni təqdim edirik:

– Günəş xanım, necəsiniz? Səhhətiniz necədir?

– Şükürlər olsun tanrının hər məsləhətinə. Onun yazdığı Tale ssenarisindən kənara çıxmaq iqtidarında deyilik biz. Mən də bu aralar yaxşıyam. Səhhətimdə ara-sıra problemlər olur. İndi yaxşılığa doğru bəslədiyim ümidlər yaşam istəyimi çoxaldır, deyə bilərəm. Təşəkkür edirəm diqqətinizə görə.
-Pandemiya ilə mübarizə, bu bəlaya yoluxmamaq üçün apardığınız müalicə və mübarizə özünü yaxşı tərəfdən göstərir yəqin ki. Bu bəla ilə bağlı düşüncənizi bilmək istərdim.
– İstər bu, istərsə də digər xəstəliyə qorxuyla yanaşmaq çox yanlış düşüncə tərzidir. Pnevmaniyanın bir növü kimi koronavirus illər öncə də aqressivləşə bilmişdi. Mən bu mövzuda çox nikbinəm və pozitiv mövqeyimi həmişə qoruyuram. Həyat davam edir…
-Bundan qabaq da əməliyyata məruz qalmışdız. Ayaqlarınızda problem vardı, ağrılar arxada qaldımı?
– Şükürlər olsun ki, şiddətli ağrılarla müşahudə olunan günlərim ötüb keçdi. Bu çox çətin əməliyyat oldu. Həkimin təcrübəsi də öz sözünü dedi. Daha çox çətinlik çəkməyə imkan vermədilər. Sağ olsun həkim heyəti.
– Siz əslən Füzuli rayonundansız. Artıq torpaqlarımız işğaldan azad olunub. Qələbəni necə qarşıladız?
– Bu qələbənin sevincini bir gözü yaşlı yaşadım, hamı kimi. Torpaqlarımız şəhid qanı bahasına qovuşdu azadlığına. Onların haqqını unutmaq olmaz.
-Güman ki, qələbəni səhhətinizin yaxşılaşmasında rolu oldu.
– Ruh yüksəkliyi əlbəttə ki, çox mühüm əhəmiyyət daşıyır.   Pozitiv düşüncə, düzgün motivasiya səhhətimdə yaxşılığa doğru əsaslı təkan verdi.
-Azad olunmuş torpaqlarınıza xəyali dönüşünüz də o yerlərdəki gənclik illərinizin Günəşi ilə “qarşılaşdınızmı”?
– Mən həmişə o yerlərin xəyallarıyla söhbət edirəm. O torpağa qırılmaz tellərlə bağlanan ruhum var mənim. Kəndimizdə keçən anlarımın xoş, şirin, həm də çox kövrək olan xatirələri getmir eynimdən…
-Şairəsiz, ilhamınız sizə nəyi diqtə edir, yaradılığınızda qələbəmizin hər hansı bir izi qoyulurmu, təsiri varmı?
– Bu zamanla olacaq sözsüz ki. Hələ bu sevincin şokundaymış kimi hiss edirəm özümü. Qələbə ovqatı tam olaraq ruhuma hopunca qələm də dilə gələcəkdir.
– Gəncliyinizin keçdiyi yerlərə xəyali dönüşünüzdə əlavə nələrlə təmas qurduz? İlk sevgi, dost, qohum, doğma insanlar və sair baxımdan.
– Xəyali dönüş illər ərzində tez-tez baş tuturdu məndə. Xatırladıqca doğmaların çöhrələrindəki məsum cizgilər üçün darıxmışam həmişə…
– Söhbətimiz zamanı hazırda soyuqlamadan əziyyət çəkdiyinizi dediniz. Qələbə xəbərləri bütün qəlbləri isidər, sizin də soyuqdəyməniz sona çatar, inşallah.
– Güman edirəm ki, tezliklə mən də öz sağlığıma qovuşacağam. Təslim olmaq mənim üçün qəbul ediləcək bir şey deyil. İnşallah, bunun da öhdəsindən gələcəyəm.
Özünüz işğal olunan rayonundansız, müharibəyə, qələbə gətirən əsgərlərimizə, şəhidlərimizə bir şərəf borcumuz var. Nə düşünürsüz, qohumdan, yaxınlardan əbədiyyətə qovuşanlar, itkiniz olar yəqin.
– Şəhidlik zirvəsinə ucalan hər bir əsgərin anası, bacısıyam mən. Hər biri doğma övladım qədər yaxındır mənə. Birinci Qarabağ müharibəsində mənim də doğma əmim şəhid olub…  Uca rəbbimdən şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləyirəm. Tanrı bizim xalqa bir daha acılar yaşatmasın. Amin!
– Sizi çox incitməyim, inşallah yeni şeirlərinizi oxumaq istəyi ilə, sağollaşıram.
– Çox xoş oldu. Göstərdiyiniz diqqət və qayğıya görə sizə bir daha təşəkkür edirəm. Sağ olun.

Şairənin səhhəti ilə Faiq Balabəyli maraqlandı

Share: