Ağzıgöyçəklərə dərs oldu: ermənilər nəyi “qaytaracaqdı”?

Azərbaycan-Ermənistan sərhədində baş verənlər, Ermənistanın son 26 ildə heç bir beynəlxalq hüquqa sığmayan davranışları, işğal etdikləri vətən torpaqlarımızdan eninə-boyuna istifadə etmələri, yollar, körpülər tikmələri bir daha sübut edir ki, işğalçı Ermənistanın heç vaxt öz xoşu ilə keçmiş Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmaq fikri olmayıb.

Müstəqil.Az xəbər verir ki, bu barədə danışan iqtisadçı Natiq Cəfərli deyib.

“Yəni, danışıqları uzatmaqla Birinci Qarabağ savaşından sonra işğal etdikləri torpaqları “özününküləşdirirdi”. Ağdam, Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı, Laçın və Kəlbəcərdə qurduqları istehkamlar, davranışlarla Ermənistan sərhədlərini faktiki olaraq Goranboy, Tər-Tər, Ağcabədi, Beyləqana qədər uzatmışdılar.

Onlar 26 ildir sərhədin bu rayonlardan başlandığına inanaraq davranıblar, gündəlik həyatlarını yaratdıqları yeni “reallığa” görə qurublar. Bizim 44 günlük Vətən savaşında möhtəşəm hərbi qələbəmiz tək torpaqlarımızı işğaldan azad etmədi, həm də Ermənistanın qurduğu “dünyanı” başlarına yıxdı. İndi ona görə Qafanda sərhədin dəqiqiləşdirilməsini faciə kimi görürlər, halbuki orada beynəlxalq hüquq bərpa edilir, sərhədlər müəyyənləşdirilir”.

Ekspert bildirib ki, ermənilər sərhəd dəqiqləşməsini normal qarşılaya bilmirlər, çünki 26 il başqa dünyada yaşayıblar:

“Son sərhəd məsələsi bir daha əsgərimizin və Ordumuzun nə qədər böyük bir iş gördüyünü sübut etdi. İçimizdəki bəzi “ağzıgöyçəklərə” də dərs oldu – hələ də utanmadan, “əşi, onsuz da 7 rayonu qaytaracaqdılar da” yanaşması ilə ürək bulandırırlar. Qaytarmayacaqdılar, fikirləri belə yox idi. Əsgərin bilək gücü olmasaydı, 7 rayonun danışıqlarla qayıtması mümkün deyildi, çünki onun bədəli qondarma qurumun müstəqilliyinin tanınması, Azərbaycan-Ermənistan sərhədini isə ermənilərin istədikləri kimi cızması olacaqdı”.

Turan RZAYEV

 

 

Share: