Nikol Paşinyan:-Bir millət olaraq kabus yaşadıq və yaşayırıq da…

Ermənistanın baş naziri Nikol Paşinyanın bu gün erməni xalqına etdiyi videomüraciətdə səsləndirdiyi fikirlərdən belə başa düşdüm ki, deyəsən, bu adam Ermənistanın 44 günlük savaşda ağır məğlubiyyətinin təsiri nəticəsində az da olsa ağıllanıb.

Müstəqil.Az bildirir ki, bu sözləri  Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov  özünün sosial şəbəkədəki divarında paylaşım edərkən qeyd edib:
“Hiss olunur ki, o Ermənistan hakimiyyətlərinin indiyə qədər Azərbaycana qarşı yürütdükləri işğalçılıq siyasətinin yaratdığı fəsadları, fəlakətli nəticələri, habelə özünün də yol verdiyi səhvləri indi düzgün dəyərləndirməyə başlayıb.
Məsələ burasındadır ki, bu gün Ermənistanda 3 günlük ümummilli matəm elan olunub. Onlar İkinci Qarabağ müharibəsində öldürülmüş əsgər və zabitlərinin xatirəsinə yas saxlayırlar. Paşinyanın bu münasibətlə bütün ermənilərə etdiyi müraciətinin giriş hissəsində vurğuladığı bu məqamlar ermənilərin özləri üçün dərs almalı, nəticə çıxarmalı olduqları məqamlardır.
Müharibənin yaratdığı ağır durum və ictimai-siyasi proseslər haqda danışan Paşinyan müraciətinin girişində bunları deyib:
“Əziz xalqım, əziz həmvətənlər! Artıq İkinci Qarabağ müharibəsinin dayandırılmasından 40 gün keçir. Bu müharibənin bizim üçün ciddi nəticələri oldu. Bir çox insanlarımız döyüşlərdə öldürüldü ki, nəticədə də Ermənistanda üç günlük matəm elan olundu. Son 84 gün, xalqımız üçün ən ağır günlərdən oldu. Bir millət olaraq kabus yaşadıq və yaşayırıq da. Bəzən xəyallarımızın, bəzən isə nikbinliyimizin uğursuz olduğu görünür.Bütün bunların nəticəsi olaraq böyük bir sual yaranıb- bundan sonra nə edəcəyik, bundan sonra necə yaşayacağıq və hədəflərimiz nə olacaq? Əlbəttə ki, ilk gündən baş verənlərə görə bütün məsuliyyəti öz üzərimə götürmüşəm”.
Paşinyan həmçinin deyib ki, gələcəyi qurmaq üçün keçmişdə gedilən yanlış yolları təkrarlamamaq lazımdır.
Bu fikirlər doğrudan da ilginc fikirlərdir. Paşinyan öz ölkəsinin Ali Baş Komandanı kimi Azərbaycan Ordusundan yediyi “Dəmir yumruq” nəticəsində necə deyərlər, beyin silkələnməsi yaşayıb və ayıq düşünməyə, real fikirlər səsləndirməyə başlayıb. Paşinyan dərk edir ki, artıq bundan sonra Azərbaycanla güc diliylə, müharibə ritorikası ilə, revanşist çağırışlarla danışmaq olmaz. Çünki bundan sonra başlaya biləcək hər hansı bir genişmiqyaslı hərbi əməliyyat bütövlükdə Ermənistanın özünün məhvi ilə nəticələnə bilər.
Bəli, Paşinyan bu acı həqiqəti başa düşür. Ancaq gəlin görək bu həqiqəti sıravi ermənilər də başa düşürmü və yaxud, başa düşmək istəyirlərmi? Təəssüf ki, biz bu sualı müsbət cavablandıra bilməyəcəyik. Çünki övladları müharibədə həlak olmuş erməni əsgər analarını, atalarını çıxmaq şərti ilə, yerdə qalan ermənilərin əksəriyyəti revanşist düşüncəyə, qisasçı əhval-ruhiyyəyə kökləniblər. Daha doğrusu, onları bu əhval-ruhiyyəyə kökləyən siyasi qüvvələr var. Söhbət sabiq prezidentlər Robert Köçəryan, Serj Sarkisyan, sabiq baş nazir Vazgen Manukyan, habelə Artur Vanetsyan, Qagik Tsarukyan kimi digər rusiyapərəst siyasi fiqurların körüklədiyi qüvvələrdən gedir.
Onlar müharibədən məğlub çıxmış Ermənistanın məğlubiyyətin gətirdiyi reallıqlarla, kapitulyasiyanın şərtləri ilə barışmasını və erməni xalqının öz acı taleyi ilə üzləşib postmüharibə dövrünə transformasiya olunmasını istəmirlər. Onlar erməni xalqının millətçi və qisasçı hisslərini qızışdıraraq hazırki hakimiyyəti devirmək və öz siyasi maraqlarını həyata keçirmək istəyirlər. Başqa sözlə desək, bu qüvvələr erməni xalqından öz siyasi mənafeləri üçün alət kimi istifadə edirlər.
Erməni xalqı isə hazırda psixoz vəziyyətində olduğuna görə bu qüvvələrin dalınca getməyə meyllənir. Bu mənada, Ermənistanın bu günkü fəlakətli duruma düşməsində erməni xalqının özünün də günahı böyükdür. Əgər erməni xalqı zamanında irqçi-faşist ideologiyanın əsirinə çevrilməsəydi, daşnakların antitürk təbliğatlarına uymasaydı və Qarabağın işğalına göz yummasaydı, bu gün də Ermənistan üç günlük matəm qaranlığına qərq olmazdı.”
Müstəqil.Az
Share: