Şəhid  məzunumuz Vüsal Kazımovun  30 yaşına- Elegiya.

 

Erməni qəsbkarlarına  qarşı Azərbaycan xalqının apardığı haqq savaşında -44 günlük Vətən müharibəsində şəhid olanlar  arasında Lənkəran Dövlət Universitetinin prorektoru, filologiya elmləri namizədi , dosent Kamran Kazımovun yeganə oğlu  Vüsal Kazımov da  var. Bu gün  şəhid  baş leytenantın- Vüsal Kazımovun   doğum günüdür . Yaşasaydı, bu gün  30 yaşını qeyd edəcəydik. Amma nə ağır ki, doğum gününə hədiyyəsi ölümündən sonra təltif olunduğu “Vətən uğrunda medalı” oldu.

Sin descripción disponible.

… 30 il əvvəl 2 qız övladından sonra dünyaya gəlişində Kamran müəllim  körpəyə   “düşmənə  çəpər oğlum”  deyəndə, tanrının qapıları o dəm açıq imiş sən demə… Azğın erməni qəsbkarları ilə döyüşdə, əzəli torpaqlarımızı düşmən tapdağından azad  edərkən düşmənə elə çəpər,  sipər oldu Vüsal Kazımov. Şuşa uğrunda  döyüşlərdə qəhrəmanlıqla şəhid oldu.

Şəhidlik uca zirvədir, ölümlərin ən şərəflisidir…Amma   həm də doğmalarını ömürlərinin sonunacan  daima için –için sızladan əbədi ayrılıqdır…

Uşaqlığın kimi, bala, ürəyimdə dolanırsan,

Gözlərimdə yaş olursan, qalanırsan, calanırsan,

Hərdən də bir dağ –qəm olub ürəyimdə qalanırsan,

Dağlar kimi başı uca, yaxşı çatdın şəhadətə,

Şəhid balam, bayram sənin, görüş qalsın qiyamətə.

Sin descripción disponible.

30 yaşlı cənnətməkan…Ad gününə, 30 illik yubileyinə   Şəhriyarın  şeirindən yaxşı oxşama tapa bilmədim sənə . Oxuduğun universitetdə, çalışdığın kollektivlərdə  qısa zaman kəsiyində   çox  böyük hörmət, ehtiram qazandın, sevdirə bildin özünü hamıya, bizlərə. Sanki ürəyinə damıbmış ki, sonra   zamanın çatmayacaq, əcəl macal verməyəcək. İşgüzar, səmimi, qətiyyəti, iradəli kimi tanıdıq, sevdik  səni. General Polad Həşimov şəhid olanda cəhbəyə könüllü yazılmaqla  sübut etdin ki, Vətən təəssübü hər şeydən irəlidir, şəxsi maraqlardan, qayğılardan çox-çox üstündür. Gözü yollardan yığılmayan ömür gün yoldaşından, ürəyi qübarlı valideynlərdən, iki körpə fidanından da üstündür vətən təəssübkeşliyi, vətəndaşlıq borcu!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,

Şəhidlər azadlığın uca heykəl daşıdır.

Şəhidlər məmləkətin , xalqın qan yaddaşıdır,

Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar,

Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Ölməzi ağlamazlar, Kamran Kazımov! Belini dikəlt, əziz həmkarım! İndi sizin çiyinlərinizə  təkcə  şəhid Vüsalınızın iki ciyərparasını ovutmaq deyil, həm də atalarının adına layiq böyütmək məsüliyyəti  düşür, şəhid atası adının ülviliyini, ucalığını yaşatmaq düşür.Şəhid anası qəlbinin ağrısını göz yaşı ilə, ağılarla ovutsa da, siz  dik dayanın nə qədər çətin olsa da!   Vətəni yaşatmaq üçün vətənin daşına dönmək hamımızın vicdan borcudur. Nə xoş ki,  Vüsal bu borcunu şərəflə ödədi. Ödədi  ki, yağı düşmən bir daha  ana torpağımda at oynatmasın, Paşinyan  Cıdır  düzündə  “Yallı” getməsin.Şəhid oldu ki, qızları vətənində xoşbəxt böyüsünlər, adı ilə fəxr etsinlər. Şəhid oldu ki…

…Vətən sağ olsun!

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin mətbuat xidmətinin rəhbəri.

 

Müstəqil.Az

 

Sin descripción disponible.

Share:

Author: admin