ATƏT-in Minsk qrupunun edə bilmədiyini Azərbaycan təkbaşına etdi

1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddialarına başladı. Bir müddət sonra isə Ermənistan tərəfindən Azərbaycan ərazilərinə hərbi təcavüz başlandı. Dağlıq Qarabağ və ətraf 7 rayon – Azərbaycan ərazisinin 20 faizi – Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu.

1994-cü ilin mayında tərəflər atəşkəs rejiminə nail olublar. Münaqişənin həlli üçün ATƏT-in Minsk qrupunun himayəsində – Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə qrum yaradıldı.
Lakin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Ötən 28 il müddətində Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı.
Dekabrın 12-də Prezident İlham Əliyev həmsədrlərlə görüşündə reallıqları qarşı tərəfin diqqətinə çatdırdı. Belə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin sonuncu dəfə Azərbaycana səfərindən ötən bir il ərzində bölgə və dünyadakı vəziyyət dəyişib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli regionda vəziyyəti dəyişdirib.
Minsk qrupunun həmsədr ölkələrinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “hərbi variant yoxdur” deyənlər sadəcə, mövcud vəziyyəti olduğu kimi saxlamaq istəyirdilər. Ancaq status-kvo güc yolu ilə, Azərbaycan hökumətinin iradəsi, yürüdülən müdrik siyasət, Azərbaycan xalqının əzmi, həmrəyliyi, bütün qüvvələrin səfərbər olunması, Azərbaycan əsgərinin şücaəti sayəsində dəyişdirildi.
Görüşdə Prezident İlham Əliyev bildirdi ki, Minsk qrupu münaqişənin həllində heç bir rol oynamayıb. Halbuki bunu etmək üçün Minsk qrupu 28 il ərzində müvafiq mandata sahib idi. BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə, ATƏT-in qərarlarına, digər beynəlxalq təşkilatların qərarlarına baxmayaraq, bu qədər illər ərzində münaqişə niyə həll olunmurdu? Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının daimi üzvü olsalar da, Ermənistan qoşunlarının çıxarılmasını tələb edən 4 qətnamənin icrası üçün heç nə etməyiblər. Beynəlxalq vasitəçi olan ölkələrin hər biri öz imkanlarından, potensialından istifadə edərək Ermənistanı işğal etdiyi əraziləri tərk etməsi üçün mesaj verə bilərdi, lakin belə mesaj verilməyib. Həmsədr dövlətlərin işğalçı Ermənistana ciddi təsir etmək imkanları var idi. Müəyyən sanksiyalar tətbiq olunsaydı, işğalçı qüvvələr geri çəkilməyə məcbur olardı. Amma bunu etməyiblər. Həmsədrlər vaxtaşırı bölgəyə səfər etməkdən, müəyyən ideyalarla çıxış etməkdən, bir-birinin təkrarı olan bəyanatlar səsləndirməkdən başqa heç bir iş görməyiblər. Ona görə də Azərbaycan xalqı haqlı olaraq Minsk qrupunun fəaliyyətindən həmişə narazı olub. Artıq bu məsələlər geridə qalıb. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Biz gələcəyə baxırıq. İşğaldan azad olunmuş bölgələrdə quruculuq işlərinin həyata keçirilməsi və insanların öz yurdlarına qayıtması qarşıda duran əsas vəzifədir. Azərbaycan öz torpaqlarını işğaldan azad etməklə beynəlxalq müstəvidə də yerini və rolunu gücləndirdi.
Bu gün Azərbaycan diktə edən tərəfdir. Və öz gələcək taleyini özü müəyyənləşdirir.
QARABAĞ AZƏRBAYCANDIR!
 
Xəzər rayon təhsil işçiləri adından;
HƏZƏRXAN Əbilov
Share: