Sülhməramlı, yoxsa separatçıların xilaskarı? – Moskva açıqlama verməlidir

Dağlıq Qarabağda erməni separatçılarının ilk mitinqləri başlayanda Azərbaycan insanının üz tutduğu ilk ünvan Moskva oldu. Hər kəs elə düşünürdü ki, Kreml son nəticədə SSRİ-nin süqutuna səbəb olacaq və Rusiyanın imicini zədələyəcək addımların qarşısını alacaq. Lakin belə olmadı. SSRİ rəhbəri Mixail Qorbaçov sonradan bütün İttifaqa yayılacaq separatizminin qarşısını almaq əvəzinə, Bakıya qoşun yeritdi və bu qanlı olay SSRİ-nin dağılması ilə sonuclandı. Sonrakı proseslərdə Rusiyanın və Rusiya ordusunun ədalətsiz mövqe tutması, Ermənistanı və separatçıları dəstəkləməsi Qarabağ məsələsində həlledici rol oynadı və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf 7 rayonunun 30 ilə yaxın işğal altında qalması ilə nəticələndi.  

44 günlük müharibədən sonra vəziyyət köklü şəkildə dəyişsə də, Rusiya amili bölgədə yenə də vacib rol oynayır və bu, heç kimə sirr deyil. Azərbaycan yaxın və böyük qonşusu olan Rusiya amilini nəzərə alır. Kremlin təsir imkanları böyük olduğundan Bakı Moskvanın münaqişənin həllində fəal rol oynaya biləcəyini düşünür.

44 günlük əks-hücum əməliyyatı nəticəsində Azərbaycan işğal altında olan ərazilərini azad edə bildi. Baxmayaraq ki, Bakı təkbaşına erməni separatizminin kökünü kəsməyə qadir idi, Azərbaycan böyük jest edərək, 10 noyabr 2020-ci il tarixində  Rusiya Prezidenti və Ermənistanın Baş nazirinin iştirakı ilə birgə bəyanat imzalayaraq, ermənilərin dinc şəkildə kapitulyasiyasına imkan verdi. Azərbaycan ictimai rəyi riyakar erməni separatçılarının fürsət gözlədiyini bilirdi. Lakin əlavə insan tələfatının olmaması üçün ermənilərə ərazilərin boşaldılması üçün vaxt verildi. Kəlbəcərin boşaldılması üçün Rusiyanın xahişi ilə əlavə 10 gün də vaxt verməklə, Bakı 10 noyabr razılaşmasına sadiq qaldığını əməldə nümayiş etdirdi. Bu məsələdə erməni faşizminə heç bir etibar yox idi. Lakin birgə bəyanatda Rusiya Prezidenti Vladimir Putinin imzası var idi və ermənilərin cığallığı, ilk növbədə, Rusiyanın və onun rəhbərinin imicini zədələyə bilərdi.

Bakı kənar təzyiqlərə baxmayaraq, atəşkəsin dayanıqlı olması üçün Rusiya sülhməramlılarının münaqişə zonasına gəlişinə də imkan verdi. Geosiyasət barədə az-çox təsəvvürü olan hər kəs anlayırdı ki, bu addımı atmaq sıradan məsələ deyil və Bakı qətiyyət göstərərək qərar verə bildi. Azərbaycanda inanırdılar ki, 30 il əvvəlkindən fərqli olaraq, Rusiya bu dəfə ədalətli davranacaq, öz imzasına sadiq qalacaq. Lakin bu inamın sarsılması üçün cəmi 1 ay kifayət etdi.

Təəssüf ki, Rusiya artıq 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulmuş hüdudları aşan addımlar atmağa başlayıb. Rusiyanın Dağlıq Qarabağla bağlı yeni xəritə təqdim etməsi Azərbaycan ictimaiyyətində ciddi narazılıq, təəssüf və təəccüb doğurmaya bilməzdi. Bu, ilk növbədə, zəmanətçi kimi çıxış edən Rusiya Prezidentinin imzasına hörmətsizlik kimi dəyərləndirilə bilər.

Yeni xəritələrlə manipulyasiya etməklə Rusiya sülhməramlıların öz missiyasını aşan hərəkətlərə yol verir. Rusiyanın öz öhdəliklərini pozması göz önündədir. Azərbaycan buna dözə bilməz.

Məlum olduğu kimi, Xocavənd rayonunun Köhnə Tağlar və Çaylaqqala kəndlərində erməni terrorçuları yenidən Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücumlar edib, nəticədə şəhidlər və yaralananlar var. Ordumuzun gördüyü müvafiq tədbirlər nəticəsində düşmən təxribatının qarşısı alınıb və Köhnə Tağlar və Çaylaqqalaya hazırda Azərbaycan nəzarət edir. Bu fakt həm də onu deməyə əsas verir ki, ölkəmizə qarşı yeni təxribat, pozuculuq halları baş verəcəksə, Ordumuzun cavabı çox sərt olacaq.

Bunu Rusiya da anlamalıdır.

Rusiya onu da anlamalıdır ki, sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycan ictimaiyyəti tərəfindən heç də birmənalı qarşılanmayıb. Rusiyanın etimad limiti onsuz da böyük deyildi. Baş verən yeni hallar isə Rusiya sülhməramlılarına olan inamı daha da azaldır, hətta Kremlə ümidlə baxan insanlarda xəyal qırıqlığı yaradır.

Bu ilin iyulunda Tovuz istiqamətində dövlət sərhədində baş verən hadisələrdən sonra, eləcə də, 44 günlük müharibə dövründə Rusiyanın Ermənistanı ən müxtəlif marşrutlar üzrə intensiv şəkildə silahlandırdığını hər kəs bilir. Ermənistan cəbhə xəttindən uzaqda yerləşən Gəncə və Bərdəni məhz Rusiyanın Ermənistana təmənnasız verdiyi silahlarla atəşə tutub. Bütün bunlarla yanaşı, Bakı nəzərə alır ki, Rusiya yaxın və böyük qonşudur, bu amili diqqətdən qaçırmaq olmaz. Əvəzində, Rusiya nə edir? Rusiya sülhməramlıları növbəti dəfə terrorçuları, separatçıları dəstəkləyən addımlar atır, bununla da, Azərbaycan cəmiyyətində Rusiyaya olan inamsızlığın daha da kəskinləşməsinə səbəb olur. Belə çıxır ki, Azərbaycan Ordusu təxribata əl atan erməni separatçılarını hər dəfə zərərsizləşdirmək istəyəndə, vəzifəsi, əslində, separatçıları cəzalandırmaq, terrorçuları bölgədən çıxarmaq olan Rusiya sülhməramlıları araya girib, onları himayə edəcək, bundan ruhlanan separatçı-terrorçular da yeni-yeni həvəslərə düzəcəklər?

Moskva nəzərə almalıdır ki, Azərbaycan Ordusu 44 gün ərzində tarix yazıb və artıq heç kəs bizə əzələ nümayiş etdirə bilməz. Rusiyada millətçi qruplaşmalar mövcuddur. Onlar Gürcüstan, Ukrayna, Moldovada həyata keçirtdikləri planları Azərbaycanda da təkrarlamağı təklif edə bilərlər, lakin Azərbaycan fərqli ölkədir. 44 günlük savaş da göstərdi ki, biz düşmənə qarşı “dəmir yumruq” kimi birləşə bilirik. Rusiyandakı millətçi qüvvələr başa düşməlidir ki, Azərbaycanla zor dilində danışmaq yersizdir. Ermənilər də anlamalıdır ki, Rusiyanın millətçi qruplarına arxayın olub, revanş götürmək xəyalına düşsələr, yenidən “dəmir yumruq”la başları əziləcək.

Əslində, 10 noyabr razılaşmasını Rusiya üçün sınaq da hesab etmək olar. Azərbaycana qarşı atılan hər bir addımın ardınca əzilən yalnız Ermənistan olmayacaq, eyni zamanda Rusiyanın Azərbaycandakı olan-qalan imicini zərbə alacaq.

Bu gün Azərbaycan ictimaiyyəti haqlı olaraq Rusiya sülhməramlılarına gündə bir xəritə cızaraq dövriyyəyə buraxmaq səlahiyyətini kimin verdiyini sual edir. Dekabrın 12-dək insident baş verən ərazini xəritədə Cəbrayıl rayonu kimi təqdim edən Rusiya MN görəsən hansı səbəbdən dekabrın 13-də bu ərazini artıq Hadrut rayonu kimi təqdim etməyi lazım bilib? Yeni “xəritə”nin müəllifinin hansı məntiqindən doğub bu yenilik?

Bunu millətçilər edir, yoxsa Kreml? Bunu kimin etməsindən asılı olmayaraq, bir həqiqət var – Dağlıq Qarabağdakı ermənilər tam tərksilah olunmayınca heç bir atəşkəsdən danışmaq mümkün olmayacaq. Atəşkəs beləcə kövrək olacaq və məsələ tam həll olunmamış qalacaq. Hər gün yeni “xəritə” ilə çıxış edən rusiyalı sülhməramlılar anlamaldılar ki, onlar dincəlməyə və yeni-yeni “xəritələr” dərc eləməyə gəlməyiblər, onlar da təhlükə altındadırlar, atəş xəttinin ortasında qala bilərlər və bunun günahı ermənilərdə və 10 noyabr razılaşmasını pozan bütün qüvvələrdə olacaq. Sülhməramlılar tərəfsiz olmalıdırlar. Sülhməramlıların fəaliyyət istiqamətləri 10 noyabrda imzalanmış üçtərəfli bəyanatla təsbit olunub. İrəvandan Xankəndiyə erməni daşımaq sülhməramlının vəzifəsi deyil. Sülhməramlı əsgərin vəzifəsi Xankəndidə avtomatını oyuncaq kimi erməni uşaqlarının əlinə vermək, onlara silahdan istifadənin qaydalarını öyrətmək də deyil. Rusiya sülhməramlıları deyəsən anlamırlar ki, bir vəzifələri də bölgəni silahsızlaşdırmaqdır, uşaqlarda silaha, müharibəyə həvəs oyatmaq yox…

Sülhməramlı inşaatçı da deyil. Dağlıq Qarabağda ermənilər üçün minlərlə ev tikməyə ehtiyac yoxdur. Bu ərazilərdə özünü ev sahibi kimi aparmaq yersizdir. Bu coğrafiyanın sahibi Rusiya və Ermənistan deyil. Torpağın sahibi Azərbaycandır. Azərbaycanın Dağlıq Qarabağda inşaat işləri aparmaq üçün kifayət qədər imkanı var.

Lakin bunlar görünən tərəflərdir. Müşahidələr onu deməyə əsas verir ki, erməni separatçıları asimmetrik müharibəyə hazırlaşır. Bölgədə hələ də erməni yaraqlılarının qalması, separatçı rejim rəhbəri Araik Arutyunyanın vaxtaşırı onlarla görüşləri yaxın vaxtlarda ermənilərin məkrli niyyətlərini həyata keçirməyə başlayacaqlarını göstərir. Sülhməramlıların buna seyrçi qalması haqlı olaraq Azərbaycan vətəndaşlarının narazılığına səbəb olur.

Burada bir məqama da diqqət yetirmək lazım gəlir. Rusiyanın “xəritə oyunu” və erməni separatçılarının terror aktları Bakıda keçirilən Zəfər paradı və Türkiyə Prezidentinin bu tədbirdə iştirakından sonra baş verdi.

Qələbə paradında Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın iştirakından qıcıqlananlar anlamalıdır ki, Rusiya istər Dağlıq Qarabağda sülhməramlı missiyanın həyata keçirilməsində, istərsə də bu regiondakı fəaliyyətində Azərbaycan xalqının maraqlarını nəzərə almalıdır, əks təqdirdə, Bakı anti-terror əməliyyatını davam etdirə bilər. Rusiyada bəzi dairələr başa düşməlidir ki, ənənəvi qaydada, digər ölkələrə qarşı olduğu kimi, Azərbaycandan da ixrac edilən kənd təsərrüfatı məhsullarına məhdudiyyətlər tətbiq olunması və bunun olduqca bəsit şəkildə sanitar-epidemioloji tələblərlə pərdələnməsi süni şəkildə əngəl yaratmaqdan bir şey deyil. Azərbaycan ictimaiyyəti bunu görür və başa düşür. Bu isə Azərbaycanda anti-Rusiya meyllərinin daha da güclənməsinə səbəb olur və bu meyllər get-gedə daha da güclənir.

Daha bir maraqlı fakt ondan ibarətdir ki, Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycan və Türkiyə ilə yaxınlaşmanın vacib olması barədə fikirləri İrəvan üçün xilas kəməri hesab olunmalı idi. Paşinyanın bu bəyanatı separatçı rejimdən imtina anlamına gəlirdi. Paşinyan hakimiyyətinin separatçı rejimi döyüş meydanında tək qoyacağı gözlənilən idi. Lakin belə gedişatdan yalnız separatçılar deyil, eyni zamanda Rusiyanın millətçi dairələri narahatdır. Məsələ bundadır ki, separatçı rejim rəsmi İrəvandan daha çox Rusiyaya bağlıdır. Bu, Rusiya sülhməramlılarının separatçı rejimlə isti münasibətlərindən də görünür. Paşinyandan əlləri üzülən separatçılar Moskvaya sığınmaq istəyirlər. Ümumiyyətlə, Ermənistanda Qarabağ klanının Moskvaya bağlı olması sirr deyil. Bu gün Nikol Paşinyanı xəyanətdə ittiham edən də əsasən bu klan ətrafında birləşən siyasi qüvvələrdir.

Burada bir məqam da mövcuddur. Qarabağda yaranmış gərginlik Paşinyanın diqqəti ölkədaxili problemlərdən yayındırmaq məqsədinə xidmət edə bilər. İstənilən halda Qarabağda bir dəfə ağır məğlubiyyətə uğrayan Paşinyanın növbəti məğlubiyyəti qaçılmaz görünür. Bu prosesdə istər separatçılar, istərsə də Ermənistanın bütün siyasi dairələri məğlubiyyətə uğrayıb. Rusiya sülhməramlıları isə onları xilas etmir, əksinə “xəritə oyunu” ilə vəziyyətlərini daha da ağırlaşdırır.

Ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizə davam edir. Rusiya sülhməramlılarının Qarabağdakı özbaşınalığına son qoyulmasa, proses daha tünd çalar ala bilər. Yeni xəritə qalmaqalı ilə Kreml üzərinə götürdüyü öhdəliyi pozur. Rusiya sülhməramlılarının bu davranışı yeni müharibəni alovlandıra bilər.

Onu da qeyd edək ki, ATƏT Minsk Qrupu həmsədrlərinin Bakı və Ermənistan səfərindən və Prezident İlham Əliyevin onlara verdiyi tarixi və unuda bilməyəcəkləri dərsdən sonra çoxu qıcıqlanıb. Bakı isə öz ərazi bütövlüyünü sona qədər bərpa etmək əzmində və gücündədir. Sülhməramlının əvəzinə bu işi Azərbaycan əsgəri görməyə qadirdir. Lakin belə bir sual yaranır: bunu Bakı özü edəcəksə, onda sülhməramlıya nə ehtiyac var?! Nəyə görə Azərbaycan dünya gücləri ilə üz-üzə gəlməlidir? Xəritə manipulyasiyaları Rusiyanın öhdəliklərini açıq-aşkar pozmasıdır və buna tezliklə rəsmi açıqlama verilməlidir. Bakı Moskvadan rəsmi açıqlama gözləyir…

APA Analytic

Sülhməramlıların yaydığı xəritə

Sülhməramlıların “xəritə-xəritə” oyunu:

Share: