Cənnətin nur üzlü sakini -Orxan ƏKBƏROV… – Aysel Nəsirzadə

Çox şəhid ailələrinin dinləyib, onların Vətən boyda şəhid dərdlərini qələmə almışam, daha doğrusu onlarla dərdləşmişəm. Hər dəfə də əksər şəhid anaları, ataları övladları haqqında danışdıqlarını dinləyib yazarkən yaddaşımda eyni sözlər təkrarlanıb “Vətən sağ olsun, amma balam da sağ olaydı kaş”. Hər bir şəhidin həyat yoldaşının kədərli baxışlarla dünyaya boylanmasının ağrısını, hər şəhid övladının “Mənim atam qəhrəmandır” sözündəki qürurla yanaşı addımlayan ata yoxluğunun acısını iliklərinə qədər hiss etməmək qeyri-mümkündür.
Od düşdüyü yeri yaxar deyirlər, ancaq bu gün şəhid ağrısı hər birimizin ağrımıza çevrilib. Bir gözü qələbənin qüruruyla parlayan xalqın, bir gözü şəhidinə ağlayır. “Şəhidi olmayan xalqın mənliyi, kimliyi bilinməz, azadlığı canı ilə, qanı ilə qazanmayan xalq hər vaxt kölə kimi gözüqıpıqdır” deyiblər. Biz bu gün gözüqıpıq deyilik qürurluyuq, çünki düşmənə layiqli cavab verən igidlər, ərənlər vətəninin vətəndaşıyıq, qalib xalqın nümayəndəsiyik. 2020-ci il sentyabrın 27-si səhər saatlarında Ermənistanın atəşkəs rejimini pozub Azərbaycana qarşı hücum etməsi və Müzəffər ordumuzun əsk-hücum əməliyyatı keçirməsiylə VƏTƏN MÜHARİBƏSİ başladı.
Sin descripción disponible.
Qəribədir bəlkə də dünyada yeganə xalq olduq ki, müharibədə hər birimizin ən yaxını, ən doğması olmasına rəğmən müharibə xəbərinə sevindik. Çünki bizim müharibəmiz haqlı müharibə idi, öz torpaqlarımızı işğaldan azad etmək üçün illərlə bu günü – qisas gününü gözləyirdik. Son damla qanımıza qədər vuruşmağa hazırdıq. Xocalı intiqamıyla böyüyənlər, Qarabağ həsrətini çəkənlər, düşmənə həddini bildirmək istəyənlər könüllü şəkildə yumruq kimi birləşdilər, atıldılar ər meydanına. Ali Baş Komandan İlham Əliyevin əmriylə Müzəffər Ordumuzun cəsur igidləri torpağımızın hər qarışını 44 gün ərzində düşməndən azad edib düşmənə hədini bildirərək bütün günahsız tökülən qanların, vətən uğrunda canından keçən şəhidlərimizin qisasını aldılar və Qarabağımızı işğaldan azad etdilər. Zəfər tariximizi yazan şəhidlərimizdən biri öz cəsurluğuyla yaddaşarda iz buraxmış, əməliylə şəxsiyyətini təsdiq etmiş şəhidimiz polkovnik-leytenant Əkbərov Orxan Nadir oğludur. O 12 dekabr 1982-ci il Biləsuvar rayonunda ziyalı ailəsində anadan olmuşdur. 1989-1997-ci illərdə Saatlı rayonu 3 saylı orta məktəbdə, 1997-1999-cu illərdə Biləsuvar rayonu 1 saylı tam orta məktəbdə orta təhsilini almışdır. Məktəb illərindən öz vətənpərvərliyinə görə yaşıdlarından seçilən Orxan Əkbərov orta məktəbi bitirdikdən sonra Ali Hərbi Məktəbə daxil olmuşdur. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbini Qoşun Kəşfiyyat ixtisası üzrə bitirmiş, 2004-2005- ci illərdə Təlim-Tədris mərkəzində ixtisası üzrə təhsil almışdır. 2005-ci ildən N saylı kəşfiyyat bölüyündə kəşfiyyat tağım komandiri vəzifəsində, 2007-ci ildən kəşfiyyat bölük komandiri vəzifəsində, 2012-ci ildən 2020-ci ilədək N saylı hərbi hissənin kəşfiyyat bölməsinin rəisi vəzifəsində işləmişdir. 2020-ci ilin yanvar ayından şəhid olduğu tarixədək N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət etmişdir. Ailəli olan şəhidimizin vətənə əmanət iki övladı yadigar qalıb. Hərbidə qulluq etdiyi müddətdə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, Qüsursuz xidmətə görə 3-cü dərəcəli medal, Qüsursuz xidmətə görə 2-ci dərəcəli medal, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yuibley medalı təltif edilmişdir. 2016-cı ildə aprel döyüşlərində və 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşlərdə fəal iştirak etmişdir. 2020-ci il sentyabr ayında torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə böyük şücaətlər göstərmiş, düşmənin 200-dən çox əsgərini və bir neçə silah dolu maşınını məhv etmişdir. Polkovnik-leytenant Orxan Əkbərov 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmənin snayperlə qəfl açdığı atəş nəticəsində qəhrəmancasına şəhid olmuşdur. Oktyabrın 6-sı isə şəhidin nəşi götürülərək Biləsuvar rayonunda uğurunda şəhid olduğu torpağa tapşırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Orxan Nadir oğlu Əkbərova (ölümündən sonra) Vətən Müharibəsi Qəhrəmanı adı verilmişdir.
AYSEL NƏSİRZADƏ
Müstəqil.Az
Share: