Aşıq Namiqin səs yazısı yayıldı: I yer üçün 10 min istəyir..

Aşıq Tufan Daşkəsənli ilə sosial şəbəkələrdə yayılan telefon danışığım 7 il əvvəl olub. İçkili idim, onunla “məzələnirdim”.

Müstəqil.Az bildirir ki bunu Kult.az-a açıqlamasında Aşıq Namiq Fərhadoğlu (Namiq Hüseynov) Lider TV-də yayımlanan verilişində iştirakçılardan 1-ci yer üçün pul tələb etməsi ilə bağlı yayılan səs yazısına münasibət bildirərkən deyib.

Namiq Fərhadoğlu bildirib ki, Aşıq Tufan Daşkəsənli bu səs yazısından sonra onu şantaj edib:

“O şəxs qəsdən mənim səsimi yazıb. Səsimi yazandan sonra da şantaj edərək, məndən pul tələb etdi. Ona cinayət işi açılması üçün məhkəməyə müraciət edəcəkdim. Lakin aşıq dostlarım buna imkan vermədi və o aşıq məndən üzr istədi deyə, söhbəti bağladım. Bu adam məni şantaj edib və cinayət məsuliyyəti daşıyır. Amma mən onu Allahın öhdəsinə buraxdım. Efirdə də demişəm ki, kimin pulu çoxdursa, SMS çox gəlirsə, o qalibdir. Mən yarışma keçirirəm. Prodakşn kimi kanala pul ödəyirəm. Kim bilmir ki, bu layihələr pulludur?! Burada SMS-dən əldə olunan pullar mənə çatır. Bizim verilişin sponsoru da yoxdur. Yeganə insanam ki, 7 ildir verilişləri sponsursuz, öz hesabıma çəkirəm. SMS-dən gələn puldan da hər ay 18 faiz dövlətə vergi ödəyirəm. Qalibə avtomobil verilir. Bu avtomobili qazanmaq üçün ikiqat SMS toplamaq lazımdır”.

Aşıq Namiq sözügedən səs yazısının xaricdə yaşayan müxalif jurnalistlər tərəfindən ictimailəşdirildiyini bildirib:

“Mübariz İbrahimov, Polad Həşimov, İbad Hüseynov, İlyas Tapdıq, Rəşid Poladoğlu, Aşıq Səyyad Pənahov, Aşıq Vüqar Mahmudoğlu, Azər Xanlaroğlu haqqında verilişlər çəkdik, təmənnasız olaraq qazilərimizi efirə dəvət edib, onları tanıdırıq. Bunları yazmadılar, yaymadılar, amma 7 il əvvəlki söhbəti ictimailəşdirirlər. Bunu məni gözdən salmaq üçün xaricdə oturan müxaliflər yayır”.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan səs yazısında Aşıq Namiq verilişində qalib olması üçün Aşıq Tufan Daşkəsənlinin ona 10 min manat pul verməli olduğunu bildirir.

Müstəqil.Az

Share: