Vaqif Bəhmənlinin Araz bayatıları

Üzü dönsün yazanın,
Xan hanı, Araz hanı?
Qəm zəmisi tellənir,
Biçəsi dəryaz hanı?
Yol ağır, atım ölü,
Bu dünya itim-ölüm!
Keçim Xudafərindən,
Təbrizə çatım ölüm!
Əzizim, susuz evə,
Qəm axar susuz evə…
Araza suya getdim,
Qayıtdım susuz, evə!
Gördüm qardaş dağıdı,
Vətən deyib şığıdım…
Alnımda qırış deyil;
Məftilin cızığıdı!
Mən aşiqəm, o taya,
Canım qurban o taya!
Öləndə sümüyüm al,
Körpü düzəlt o taya!
Bölük ürəyim ağlar,
Gözlər, mələyim ağlar!
Mən bir qərib durnayam,
Sınıq lələyim ağlar!
Arazım ləmdi hələ,
Ləbələb qəmdi hələ!
Gözüm yaşı qurudu,
Dəsmalım nəmdi hələ…
Qaya yapıncım ola,
Oxumu sancım ola?
Düşmən başı kəsəndə
Araz qılıncım ola!
Share: