Günəş hansı ölkəyə aiddir? – Yeni müharibə şeirləri

Müstəqil.Az Amil Amalın yeni müharibə şeirlərini təqdim edir.

Buna hansı ana dözərdi,
hansı ana tab gətirərdi,
ilahi?
Heç kimin
gözün üstə qaşın var
deyə bilmədiyi oğlu
döyüşdə
gözlərini itirmişdi.
İndi bundan sonra
o gözlərin üstündəki qaşlara
necə baxacaqdı anası?
Necə,
necə, ilahi?
Tək böyütmüşdü,
anasının
gözünün nuru,
gözünün işığı,
gözünün
bircə ağı-qarası
tək oğluydu.
Göz bəbəyi kimi qorumuşdu onu.
İndi cırmax-cırmax
ananın üzü-gözü.
Taqəti olsa vallah
çıxardar cərrahsız da
olan-qalan gözünü.
Yoxsa nəyinə lazım
bundan sonra gözləri?
Oğlu görməyəcəksə,
axşam vaxtı yatanda,
dincəlib yuxusunu alanda,
ölüm gəlib çatanda
necə yumacaq gözünü?
İlahi,
ilahi sən yardım et.
Bu ananın bir gözünü
oğluna ver
heç olmazsa
gözü arxada getməsin.

***

Atasını döyüşə yola salan qızcığaz
ona ən sonuncu sualını verirdi:

“Günəş hansı ölkəyə aiddir, ata?”

***

Əsgərlər də bilinirdi,
ağaclar da bilinirdi
hətta
heyvanlar da bilinirdi.

Bircə, quşlar,
quşlar, ilahi…
Yalnız onlar
bilinmirdi
hansı tərəfdəndir.

***

Gizlədilmiş
minanın üstündəki
nəm torpaqdan
bir cüt lalə
boylanmışdı.

Qıpqırmızı,
qan rəngində.

***

Adətən anası
əllərini qoynuna qoyan
oğlunun
qollarından vurub
təpinərdi.

Deyərdi pis əlamətdi,
pisniyyət olma.

İndi oğlu döyüşdən
təzəcə qayıtmışdı.

Yazıq ana.

Daha bundan sonra
hardan biləcəkdi
oğlunun darıxmasını?

***

Düşmənin ipini çəkmək üçün
gecə-gündüz
ip çəkirdi əsgərlər.

***

Müharibə uşaqlarının
gözlərində
dünyanın ən böyük
qələmi kimi
görsənirdi raketlər.

Yəqin
böyüdükdən sonra
başa düşəcəklər
tarix
belə də yazılırmış.

***

Ağcaqanadlar dişləyib
qanını soranda
heç vaxt öldürməzdi,
ya üfürürər
ya əli ilə yelləyib
qovardı.

İndi bu əsgər döyüşdə
qəfildən vurulmuşdu.

Qan yayılmış torpaqda
ağcaqanadlar darışıb
qanını sorurdu.

Aşıq tərzində

Gör haçandan eşitmir
Bu dağlar saz havası?

Qalxıb ən uca dikə
Bir qoşma deyəsən
Qırxqız dağına tərəf!

Dərib sonra təngnəfəs
Qırx qızdan seçib bir qız
Qaçırasan dağlara!

Mən kürən at belində
Qız mənim kürəyimdə
Çapasan yaylağa tərəf!

Təzədən yenə qalxıb
O dağdan da o tərəfə
Qışqırasan
gəldim eeeyy,
gəldim,
qayıtdım
VƏTƏN!

Dağlar da seçib hədəf
Təkrarən sənə tərəf
Göndərə ilahi bir səs!

Gəl…din
Qayıt…dın
Xoş gəldin,
eeyyy…
SƏN!

Share: