Sinəsi sipər olan igid haqqında ballada- Xatirə Xatun yazır

Narın yağış yağır…payız yağışı, Lənkəran yağışı…Sonuncu ifadəm bəlkə kiməsə qəribə görünə bilər, amma şəxsən mənə görə Lənkəranın yağışı da fərqlidi, doğmadı, əzizdi, xoşdu..
Növbəti ünvana doğru şütüyən maşınımızın yarıaçıq pəncərəsindən çiskin üzümə- gözümə toxunur, soyuq, amma doğma təmasını hiss edirəm…Sankı içimdəki hüznü hiss edirmiş kimi ürəyimin közünü azacıq söndürməyə çalışır.Ona təbəssümlə bir təşəkkür ifadə edib pəncərəni bağlayıram.
Maşın, eyvanından bayraq asılan bir evin qarşısında dayanır…həə, buradı demək…neçə vaxtdı adını demək olar ki hər gün eşitdiyim, haqqında son günlər tez-tez oxuduğum şəhid Emil Qurbanovun ocağı…
Qurbanov Emil Vaqif oğlu 25.08.1980 –ci ildə Lənkəran şəhərində dünyaya göz açıb.1986-1997-ci illərdə şəhər 7 saylı orta məktəbdə orta təhsil alıb.1998-ci ildə LDU-nin ,,Fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı”fakültəsinə daxil olur, 2002-ci ildə oranı bitirərək Beyləqanda yerləşən N saylı hərbi hissəyə xidmətə yola düşür.2003-cü ilin iyulunda hərbi xidməti leytenant rütbəsi ilə başa vurub doğma Lənkərana qayıdır.Amma doğma yurdda cəmi üç ay qala bilir-hərb sahəsinə olan hədsiz bağlılığı onu yenidən hərbçi həyatına qayıtmağa məcbur edir.2003-cü ilin oktyabrında 3 aylıq təlimdən sonra orduya qayıdaraq Yevlax rayonundakı N saylı hərbi hissədə zabit kimi xidmətinə davam edir.Artıq evli olan Emil (10.27.2001) bir ara ailəsini də yanına aparır.Yevlaxda bir qədər işlədikdən sonra ailəsini rayona gətirərək, özü yenidən xidmətə qayıdır.Bu dəfə Tərtərdə baş leytenant, taqım komandiri kimi düz üç il Vətənin xidmətində dayanır. 2006-cı ildən yenidən Lənkərana qayıdıb burdakı ,,Zirvə “idman kubunda baş məşqçi kimi fəaliyyətə başlayır.
2012-ci ildən 7 saylı orta məktəbdə çağırışaqədərki hazırlıq fənnini tədris etməklə yanaşı həm də məktəbin təlim –tərbiyə işləri üzrə direktor müavini idi.2015-ci ildən isə UGİM-də(uşaq-gənclər idman məktəbi) də məşqçı kimi fəaliyyət göstərirdi.
Evə daxil oluram, hər halı ilə hüzn təlqin edən geniş salonun ortasındakı masanın ətrafında xeyli adam var…Yer göstərirlər, otururam.Oturan kimi gözüm üzbəüz divardakı şəklə sataşır…Emilin şəklidi, sosial şəbəkələrdə demək olar ki hər gün gördüyüm…Bu balaca şəhərdə nədənsə heç vaxt qarşılaşmadığım nər biləkli, pəhləvan cüssəli, cəmi 40 yaşı olsa da saçlarına dən düşmüş bu oğlan şəkildən elə baxır ki sanki mənə ,,Xoş gəlmisiz” deyir…Ənənəvi olaraq ,,xoş gününə gəlim”demək keçir ürəyimdən…Nəysə, ağlımdan muğayat ol, Allah! Özümü toplayıb ətrafa baxıram.Mənə bura gəlməkdə bələdçilik edən, Lənkəranda hər kəsin yaxşı tanıdığı, bu ailənin yaxın qohumu Mötəbər müəllimə masanın baş tərəfində oturan ahıl cütlüyü təqdim edir:,, Emilin atası ilə anasıdı…”Hə, əlbəttə, dərdin büküb əydiyi bu ağsaqqal şəhid atası deyilsə, daha kim ola bilər ki? Tez-tez əlindəki kağız dəsmalla göz yaşlarını silən bu ağsaçlı xanım şəhid anası deyilsə, başqa kim olar ki?
Sualımı hər ikisinə birdən ünvanlayıram:
-Necə bir oğul idi Emil?
Nə qədər özünü şax tutmağa çalışsa da, oğul itkisinin ağırlığından sankı birdən qocalmış Vaqif dayı sualıma sualla cavab verir:
-Dəfndə burda idiz? Burda olsaydız, elə bilirəm daha bu suala ehtiyac qalmazdı…
Doluxsunur şəhid atası…Sürəyya xanım ömür – gün yoldaşının köməyinə çatır:
-Emil yaxşı övlad olmaqdan daha çox el atası idi, elin köməyinə gələn, hayına çatan oğul idi.Şagirdləri vardı , idmanda yaxşı nəticələr göstərib yer tuturdular.Elə müharibədən bir neçə gün əvvəl, sentyabrın 12-13-də Bakıda keçirilən yarışlarda bir şagirdi 1-ci , digəri isə 2-ci yeri tutdu. Ondan bir az da qabaq daha bir şagirdinə hətta 07 vermişdilər, uşaq gətirib açarı qoydu Emilin qabağına, dedi ki, müəllim,mən bunu sürə bilmərəm, bu sizə çatır əslində…Emilim də açarı yenidən o gəncə qaytarıb demişdi ki, bu sənin öz halal haqqındı, sağ ol ki mənim üzümü ağ elədin, bu elə mənə bəsdi. Daim çevrəsində olan yeniyetmələrə, gənclərə böyük qardaş kimi, əmi, dayı kimi ağsaqqalıq edib.Orda, cəbhədə də 60 əsgərin komandiri olub…Qubadlını aldıqdan sonra meşə ilə irəlidikləri vaxt qəfildən kol-kosda gizlənmiş düşmən əsgərləri ilə rastlaşıblar.Emil geri dönüb ardiyca gələn əsgərlərə müdafiə olunmaq əmri verib, özü isə düz düşmənin üstünə yeriyib… Balamı, o enlikürəkli, meydan sinəli uşağımı elə sinəsindən vurublar, şükür ki düşmənə arxa cevirməyib balam…
Sürəyya xanım bunları danışdıqca mən də Emilin şəkillərinə müxtəllif zamanlarda aldığı fəxri fərmanlara, diplomlara, təşəkkürnamələrə baxıram. Yunan- Roma güləşi ilə məşğul olub.Həm yarışlardan, həm də iş yerlərindən çoxlu təltifləri varmış…2011-ci ildə 210 kq çəki ilə ikinci yerə layiq görülüb. Adamda nağıllarda, dastanlarda deyildiyi kimi, tam bir pəhləvan boy-buxunu, qaməti varmış…
-Üzbəüz döyüşsəydilər, o erməni dığaları beşi birdən Emilimin bir qolun qatlaya bilməzdi…bilməzdi, bala, bilməzdi, – deyə sanki fikirlərimi oxuyurmuş kimi Sürəyya xanım dərdli başını tərpədərək asta-asta dillənir…
Qaynatası Aşur kişi ona baxdığımı hiss edib çətinliklə də olsa özünü toplayaraq söhbətə qoşulur:
-O mənə kürəkən yox, oğul kimi idi…Bir kəlmə sözümüz, söhbətimiz olmayıb…O qədər hörmət, pərdə vardı aramızda…Bu bərəkətə and olsun(əlini süfrədəki qəndə uzadır-X.X) bu 19 ildə bir dəfə də olsun sözümdən çıxmadı, nə dedim, dedi, necə məsləhətdirsə, elə də olsun, özün bildiyin kimi elə…
Emilin bir kənarda məlul-məlul başını aşağı dikərək susub oturmuş həyat yoldaşına baxıram…Baxışırıq daha doğrusu…kədəri gözlərindən oxunan bu cavan qadın yanındakı böyüklərdən həya edib susur…amma gözləri danışır…
Emillə bir sinifdə oxuyublar orta məktəbi…Elə orda qoyulub bu sevginin bünövrəsi…Sonra universitet- fərqli fakültələrdə oxudular, bitirdilər… Və birləşən əlləri, könülləri o gündən bu günə heç ayrılmadı…düz 19 il çəkdi bu səadətin ömrü…,,Əgər 19 il bundan əvvəl mənə bu taleyi kimsə öncədən xəbər versəydi, mən tərəddüd etmədən yenə də bunu seçərdim…Emilli həyatı…”-deyir şəhidin ömür-gün yoldaşı Vüsalə…,,30 sentyabrda ,,təlimə gedirəm” adı ilə cəbhəyə yollandı.Tez-tez evlə əlaqə saxlayırdı, hər kəslə tək-tək və çox pozitiv əhval-ruhiyyə ilə danışırdı…Oktyabrın 25 də səhər saat 10 olardı, zəng elədi, biz də ( əli ilə qızını göstərir-X.X) evdən çıxıb qaynanamgilə gedirdik, düz 30 dəqiqə danışdıq, elə deyirdi ki qoymayın yerə telefonu… Beləcə bütün yolu danışdıq, ta ora çatana qədər…” Bunları deyib susur gəlin…Sürəyya xanım gəlininin sözünün davamını gətirir:
-Evə girən kimi tez məni səslədilər ki, ay mama, Emil zəng edib. Telefonu alıb danışdım balamla, dedi burda set tutmur, sizlə danışa bilmək üçün indi dağa çıxmışam…Dedim, mama qurban, ordan səni vurarlar, düş aşağı…,,Heç nə olmaz”,- deyib mənə ürək- dirək verdi…son danışığımız oldu balamla…
O zəng Emilin evlə son danışığı olur, o gündən zəngləri kəsilir…Oktyabrın 27 evliliklərinin 19-cu ildönümü tamam olurdu, o gün də Emilin zəngini çox gözləyir Vüsalə…amma bir neçə gündən sonra Emilin şəhid olması xəbəri gəlir…Son zəngindən bir gün sonra, toy günü ildönümündən bir gün əvvəl- oktyabrın 26- da şəhid olubmuş Emil…
Emil həm də aktiv donor imiş, hər 3 aydan bir qan verər, neçə xəstənin dadına çatarmış…Bu gün azad olunmuş Vətən torpaqlarına hopan qanı indi həm də çoxlarının damarında axır…Qubadlının divarlarına yazdığı ,,Xan Lənkəran” imzası ilə içindəki yurd sevgisini, el-oba məhəbbətini bütün Azərbaycana çatdırmağa nail olmuşdu Emil…
Bir tək qız yadigarı qalıb Emilin- gözünün ağı-qarası, həm oğul¸həm qız yerinə qoyduğu, adını adına yaraşdırdığı 18 yaşlı gözəl Emilyası…LDHK-nin tələbəsidi, müəllim olacaq inşallah…Hələ dünyanın boz üzü ilə təzə-təzə tanış olur, taleyin bu qəfil şilləsi onu keyidib sanki…,,Atamı istəyirəm!!!” deyib durur…Tanış hisslərdi deyə çox üstünə getmirəm, amma yenə də söhbəti ordan- burdan, təhsilindən, arzularından salıb atasının üstünə gətirirəm:
-Heç yuxuna gəlib ata?
-Yox,-deyə həyəcandan titrəyən əllərini ovuşdurur…
-Bəs bir gün gəlsə, nə deyərsən ona?
-Deyərəm, ata, evə qayıt,-söyləyib ağlayır…Biz də ağlayırıq… indi bu sətirləri kompyüterdə yazdıqca bir də ağlayıram, yəqin ki, elə siz də…
Vüsalənin bibisi -Lənkəranda hər kəsin mərd, sözübütöv ağır xasiyyətli biri kimi tanıdığı Mötəbər müəllimə bütün bu zaman ərzində elə hey gözünün yaşını sildi…Onun da ürəyi dolu idi:
-Başqa cür oğlan idi Emil…Cüssəsi kimi ürəyi də geniş idi…Böyüklə böyük, uşaqla uşaq…Ailəsini, balasını dünyada hər şeydən çox sevirdi…Amma görünür Vətən sevgisi daha üstün gəldi…Qapıdan girəndə gördüyün o bayraq indi asılmayıb, o bayrağı Emil öz əlləri ilə asıb ordan…getməmişdən çox-çox qabaq…
Ortalığa dərin bir sükut çökür…masa ətrafındakı hər kəs öz içinə baş vurub…mən də mane olmuram…Zatən eşitdiklərim o qədər duyğulandırıb ki…Getməyə hazırlaşıram…Ayağa duranda gözüm yenə üzbəüz divardakı şəklə sataşır- gülümsəyir Emil, sanki ,,yaxşı yol” deyib vidalaşırmış kimi bir ifadə var içi gülən gözlərində…Mən də qarşılıq verirəm: ,,Həmişə belə qal, Emil müəllim, gülər qal, xoşca qal, gözəl qal- xatirələrdə…”-deyib hamı ilə xudahafizləşərək evdən çıxıram…
Çiskin yağış kəsib…Həyət qapısından çıxanda dönüb bir də balkona baxıram…Yaığışın islatdığı bayraq indi də küləyə qoşulub arxamca yellənir…Emilin asdığı bayraq…Şagirdlərinə dost, qardaş olan Emil müəllimin, sinəsini gülləyə sipər edən igid Emilin, içində Vətən sevgisi, yurd eşqı daşıdığı ürəyindən vurulan şəhid Emilin…Ruhun şad, yerin behişt olsun, pəhləvan oğlan,haqqını bizlərə halal elə…
Xatirə Xatun, yazar- publisist
Bakı, 5 dekabr, 2020-ci il.
Müstəqil.az
Share: