Fransanın özünü ciddi problemlərə gətirib çıxara bilər – Partiya sədri

El arasında belə bir deyim var: “At ölüb, eşşəklərin bayramıdır”. Hər nə qədər kobud məsəl olsa da, biz bu məsəli bu günkü fransız parlamentarilərinə və Fransa prezidenti Emmanuel Makrona şamil edə bilərik.

Müstəqil.Az bildirir ki, bu sözləri  Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov Fransa Senatının  noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqilliyinin tanınması zərurəti barədə qətnamə ilə bağlı fikrini bildirib.
Donald Trampın son 4 il ərzində “ABŞ dünya polisi deyil” şüarı ilə yürütdüyü siyasət və dünyanın başının koronavirusla mübarizəyə qarışması ona gətirib çıxardı ki, nəticədə Qərb dünyası lidersiz qaldı. Makron da məhz bu fürsətdən yararlanıb özünü Avropanın şəriksiz lideri və “Avropa və Şərq xristianlarının təəssübkeşi” kimi aparmağa başlayıb. Bu acı həqiqəti Makrondan təlimat alan fransız parlamentarilərinin son addımları da açıq-aşkar təsdiqləyir. Belə ki, əvvəlcə Fransa Senatı noyabrın 25-də qondarma “Dağlıq Qarabağ Respublikası” müstəqilliyinin tanınması zərurəti barədə qətnamə qəbil etdi. Fransa Senatının ardınca isə, bu ölkənin parlamentinin aşağı palatası olan Milli Assambleya dekabr ayının 3-də “Erməni xalqının və Avropa və Şərqin xristian icmalarının müdafiəsi” adlı qətnamə qəbul etdi.
Sözsüz ki, hər iki qətnamə absurddur və “ikili standart”ların təzahürüdür. Bu qətnamələr Fransanın siyasi kuluarlarında hökm sürən islamafobiyanın, türkofobiyanın təsiri nəticəsində ərsəyə gəlib. Fransa lideri və fransız parlamentariləri artıq Türkiyəyə qarşı düşmənçiliyi və anti-Azərbaycan mövqelərini açıq şəkildə nümayiş etdirirlər. Belə demək mümkünsə, onlar açıq “kart”larla oynamağa başlayıblar.
Lakin Makronun və Fransa Milli Assambleyasının fransız xalqının maraqlarını terrorçu Ermənistana qurban verərək, guya Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi məqsədilə addımlar atması heç bir sağlam məntiqə sığmır. Fransanın lideri və deputatları Avropada və Şərqdə xristian icmalarının müdafiə edilməsi üçün hərəkətə keçməzdən əvvəl yaxşı olar ki, Parisdə, Marseldə, Lionda, Strasburqda və digər fransız şəhərlərində müsəlmanlara qarşı baş qaldıran total təzyiqlərə, aşağılanmalara, diskriminasiyaya bir nəzər yetirsinlər.
Fransa hal-hazırda dünyada milli və irqi dözümsüzliyin, islamofobiyanın mərkəzinə çevrilməkdədir. Necə deyərlər, öz gözündəki tiri görməyib, özgələrinin (Azərbaycanın və Türkiyənin) gözündə tük axtarması Makronun siyasi korluğunun və nadanlığının göstəricisidir. Təəssüf ki, Milli Assambleyanın deputatları da ona qoşulub birgə “xor” oxuyurlar. Milli Assambleyanın qəbul etdiyi qətnamə Fransa Senatının qəbul etdiyi məlum qətnamənin ədalətsiz və qərəzli müddəalarını eynilə təkrar edir və yenidən Fransa hökumətinə qondarma “dqr”in tanınmasını tövsiyyə edir.
Doğrudur, Senatın qətnaməsi kimi, Milli Assambleyanın sözügedən qətnaməsi də heç bir hüquqi qüvvəyə malik deyil. Yuxarıda qeyd etdiyim kimi bu sadəcə tövsiyyə xarakterlidir. Amma buna baxmayaraq bu cür qətnamələrin qəbul edilməsi digər ölkələrin parlamentlərinin də eyni addımı atması üçün presedent yaradır, ənənəvi hala çevrilir.
Makron və fransız parlamentarilər özlərini məsuliyyət hissini itirmiş, beyinləri dumanlanmış tineycerlər (xuliqan yeniyetmələr) kimi aparırlar. Fransa kimi dünyanın aparıcı dövlətlərindən birinin liderinin və parlamentarilərinin özlərini qeyri-yetkin uşaqlar kimi aparması ilk növbədə Fransanın özü üçün ciddi problemlərə gətirib çıxara bilər. Fransız ziyalılar nə qədər ki, gec deyil, Makronun ağılsız siyasətini önləmək üçün hərəkətə keçsinlər.
Müstəqil.Az
Share: