“Ruhun şad olsun, şəhidim! Qisasın alındı! Torpağımız azaddır!” – Sevil Gül Nur yazır

Vətən müharibəsi dövründə həm ön, həm də arxa cəbhə birlik göstərib düşmənə qarşı birgə mübarizəyə qaxldı. Cəbhədə düşmənin başına od yağdıran əsgərlərə arxada xalq dayaq oldu, dəstək verdi. Lakin bu mübarizədə hər iki cəbhədə döyüşən insanlar da oldu. Onlar arxada xalqın sağlamlığının qayğısına qalmaqla yanaşı, ön cəbhədə də yaralı əsgərlərimizi həyata qaytarmaq vəzifəsini yerinə yetirirdilər.

Onlar bizim həkimlərimiz idi. O həkimlərimiz ki, bir yandan dünyanı cənginə alan virusla mübarizə aparır, bir yandan isə dolu kimi yağan güllələrə, ərşə qalxan od-alova baxmadan yaralıları çıxarmaq üçün döyüş meydanına atılırdılar. Ətrafa səpələnən mərmilərin altında vətənin azadlığı üçün canını fəda edənlərə can vermək üçün əllərindən gələni edirdilər. Bu yazım onlardan biri – Azər Şəmilov haqqındadır. Onunla tanışlığım 6-7 il öncə intellekt qruplarının birində sual yarışması zamanı olmuşdu. Kapitanı olduğum komandadan deyil, rəqib komandadan olmasına baxmayaraq bu oyunçuya qarşı həmişə böyük rəğbətim var idi. Verdiyi cavabların dəqiq, dediyi sözlərin məntiqli olması onun intellektual biri olmasının göstəricisi idi. Tərtib etdiyi suallar da düşündürücü, məntiqli olurdu həmişə. Dəqiq elmlərə, əsasən də riyaziyyata maraq göstərməsi onun riyazıyyatçı olduğu təsəvvürü yaradırdı adamda. Amma Azər həkim idi. İnsanların sağlamlığı qayğısına qalan, onlara həyat verən həkim. 13 avqust 1971-ci il Tərtər rayon Qapanlı kəndində anadan olmuşdu Azər Şəmilov. 1978-ci ildə Tərtər rayon Soyulan kəndindəki orta məktəbin birinci sinfinə daxil olmuş, həmin məktəbin 8-ci sinfini əla qiymətlərlə bitirib Bakı şəhəri “Kimya-Biologiya Təmayyüllü” məktəbə daxil olmuş və oranı da əla qiymətlərlə bitirmişdi. Qazaxıstanda hərbi xidmət müddətini başa vurduqdan sonra Azərbaycana qayıtmışdı. O vətənə qayıtdıqda artıq Qarabağ müharibəsi başlamışdı. Ürəyində vətən sevgisi olan Azər vətənin bu dar günündə biganə qala bilməmiş Qarabağ müharibəsində könüllü olaraq ön cəbhədə vuruşmuşdu. Atəşkəs elan olunduqdan sonra Bakıya qayıtmış, imtahan verərək Azərbaycan Tibb Universitetinə daxil olmuşdu. Oranı bitirdikdən sonra Naxçıvan şəhərinə hərbi qulluğa çağırılan Azər Şəmilov orada hərbi həkim işləmiş, bir müddət sonra Baş Leytenant rütbəsi almışdı. Hərbi qulluğu başa çatdıqdan sonra Tərtər şəhərinə qayıtmış və Soyulan Tibb məntəqəsində baş həkim vəzifəsində çalışmışdı. Azər Şəmilov 2004-cü ildən Tərtər rayonunda ANAMA qeyri-hökümət təşkilatında baş həkim vəzifəsində işləyirdi. 2006-cı ildən Bərdə Rayon Kələntərli kəndində yaşayırdı. 30 illik torpaq həsrəti xalqımızın qəlbində dərin yara açmış, sağalmayan bir dərdə dönmüşdü. Xalq əsarət altında inləyən, yad əllərdə əsir qalan yurd-yuvamızın azad olunacağı günü səbirsizliklə gözləyirdi. Artıq səbir daşmış, hövsələ daralmışdı. Nəhayət, illərlə gözlənilən o gün gəlib çatdı. Artıq hamı səfərbər olmuş, hər kəs vətənə olan borcunu ödəmək üçün birləşmişdi. Elan olunmuş səfərbərliklə əlaqədar olaraq Azər Şəmilov da təlimə çağırıldı. Vətən müharibəsinin başladığı gündən – 27 sentyabrdan müharibənin çətin, gərgin vaxtlarında döyüşlərdə qəhrəmanlıqla iştirak etdi, ön cəbhədə olan yüzlərlə yaralanmış əsgərimizə yardım göstərdi, onları yenidən həyata qaytardı. Təəssüf ki, daha çox əsgərə həyat bəxş etmək Azərə qismət olmadı. Oktyabrın 14-də Talış istiqamətində gedən ağır döyüşlərdə yaralıları döyüş meydanından çıxararkən düşmən gülləsinə tuş gəldi. Azər Şəmilov canı qədər sevdiyi vətən torpağında əbədi gözlərini yumaraq şəhidlik zirvəsinə ucaldı. O, 2 övlad atası idi. Oğlu 11-ci, qızı isə 9-cu sinif şagirdidir. Övladları ataları ilə fəxr edir, vətən uğrunda şəhid olanların məqamının ali olduğunu bilərək başlarını dik tutur, qürurla gəzirlər. Azər Şəmilov qələbə gününü, vətən mülkünün azad olunduğu günü görə bilmədi, amma bəlkə də onun həyata qaytardığı o əsgərlər bizə bu qələbəni bəxş etdi, bu azadlığı daddırdı. Bəlkə də o əsgərlər hələ də döyüş meydanındadır və hər zəfər çaldıqlarında o cəsur həkimi xatırlayır, üzlərini səmaya çevirib onlara məhəbbətlə gülümsəyən şəhidin ruhu qarşısında ehtiramla baş əyir, qürurla söyləyirlər:

“Ruhun şad olsun, şəhidim! Qisasın alındı! Torpağımız azaddır!”

Sevil Gül Nur

Müstəqil.Az 

Share: