Şəhid Vətən adı verir torpağa… – Qalib Nuri Arifin şeirləri

 

 

 

Şəhid general Polad Həşimovun əziz xatirəsinə

 

Şəfəqlər göründü göyün üzündə,

O zaman duman da, çən də boğuldu.

Odlar diyarının Vəndam kəndində

Əbədi olacaq insan doğuldu.

 

Polad adı verdi ona atası,

Polad əyilməzdir, dedi bərk olsun.

Əslinə, kökünə sadiq olası,

Dünyaya bir igid möhürü vursun.

 

Qanı türk qanıdır, əsgərdir Haqqa,

Əyilməz vicdanı igid Poladın.

Haqdan güc alaraq, dönüb nahaqqa-

Qalib olmağıyla yaşadar adın.

 

İlləri arxada qoyaraq zaman,

Tarixə qızıl bir səhifə qatdı.

Dünən uşaq kimi sevilən oğlan,

Bu gün könüllərdə dastan yaratdı.

 

Oxudu, general oldu vətənə,

Mənim igid balam dedi əsgərə.

Vətən toxunulmaz namusdur mənə,

Torpaq dediyimiz yurddan hər zərrə.

 

Mübariz adıyla göstərdi bunu,

Vətənə igidlik, mərdlik haqqını.

Düşmənə göstərdi kim olduğunu,

Dağıdıb tökməklə bir alayını.

 

Nə bilək, biz qonaq bildiklərimiz,

Dönüb yurdumuzu istəyə bizdən.

Nə bilək, biz qardaş dediklərimiz,

Bıçaq saplayalar kürəyimizdən.

 

Biz türkük, adımız qeyrətimizdir,

İlahi məkandır torpaqlarımız.

İgidlik, kişilik adətimizdir,

Dünyaya örnəkdir namus-arımız.

 

Vətən anamızdır, biz də oğluyuq,

Torpağı qanımız, suyu südümüz.

Onu qorumaqçün gərək bir olaq,

Ölümə şərəflə baxmalıyıq biz.

 

Əsgərik, Tanrının əsgərləriyik,

Ölsək şəhidlikdir mükafatımız.

Düşmənə yerini bildirməliyik,

Çünki ər oğluyuq, türkdür adımız.

 

Bu dəyərli çıxış igid Poladın,

Döyüşdən qabaqkı çıxışı idi.

Şəhid zirvəsinə yazaraq adın,

Ölməzlik taxtında oturub indi.

 

Düzlən! Farağat! və general gəlir –

Şəhid libasında.. düz dursun hamı.

Vətəndaş olmağı bizə əmr edir,

Mübarək torpağa tökülən qanı.

 

 

HAVA KƏDƏRLİDİR O GÜNKÜ KİMİ

 

Hava kədərlidir o günkü kimi,

Könül dəftərimi varaqlayıram.

Həyat kitabımın bu bir sirridi,

Hər səma dolanda əsir oluram.

 

ilk görüş… mən səni gördüyüm zaman,

Qəlbim ixtiyarsız təslim olmuşdu.

Ruhumda fırtına, könlümdə aman,

Özüm də özümə məəttəl qalmışdı.

 

Yanından keçəndə büdrədim o an,

Nurundan gözümün torlandı nuru.

Mən bilə bilməzdim bir anda insan,

Unuda özünü, sına qüruru.

 

Leylidən, Məcnundan çox oxumuşdum,

Bəzən nağıl deyib gülmüşdüm hələ.

Bax ki, indi özüm Məcnun olmuşdum,

Səndə mən özümü itirdim deyə.

 

Hava kədərlidir o günkü kimi..

Gözlərim səmada axtarır səni.

Yerdə parçaladın mənim qəlbimi,

Bəlkə göylər aça eşqin sirrini.

 

Bəlkə o gün mənə bir xəbər idi,

Səma kədər ilə baxırdı mənə.

Bəlkə də göy mənə kor ol,- deyirdi,

Yanından keçəndə baxmayım sənə.

 

Məhkumluq qazandım bir baxışından,

İndi illərdir ki, əzab çəkirəm.

Hər hava dolanda oluram bağban,

Mən könül bağıma həsrət əkirəm.

 

 

QARABAĞ

 

Canım Qarabağım, gözlərin aydın,

Axır ki qurtuldun, azadlıq aldın.

Artıq sevinc ilə çəkilir adın,

Hər daşı-torpağı Vətən Qarabağ.

 

Ayıldı Oğuzun mərd boz qurdları,

Gördülər talanır ana yurdları.

Vətənə müqəddəs oldu andları,

İllərdir dərd-bəla çəkən Qarabağ.

 

Xəyanət qurbanı olsan da bir gün,

Haqqını yeyənlər xar oldu bu gün.

Turanda birləşdi türk ellər bütün,

Yolları başlayır səndən Qarabağ.

 

Otuz ildə ancaq kədər-qəm yedin,

Gecə də, gündüz də fəğan eylədin.

Şəhid balalara ölməzlik verdin,

Azan səslərinə yetən Qarabağ.

 

Haqq təslim olmayıb heç vaxt nahaqqa,

Şəhid Vətən adı verir torpağa.

Alışsan alovun dönsün ocağa,

İllərdir göz açıq yatan Qarabağ.

 

Yenə gülüstana dönəcək qəlbin,

Doğacaq yenə də ilhamın, təbin.

Dünya görüşünə tələsir sənin,

Gözəllər gözəli, canım Qarabağ.

 

 

 

 

BİZ TÜRKÜK

 

Biz türkük, eşitsin qoy bilməyənlər,

Tarixin igidlik varağıyıq biz.

Türkün mərdliyinə şübhə edənlər,

Bilsinlər, dünyanın dayağıyıq biz.

 

Babam Alp ər Tonqadır, nənəm Tomirisdir,

Yaranandan mərdlik türklə əkizdir.

Allah özü türkü himayə edir,

Haqqın yer üzündə bayrağıyıq biz.

 

Haqqı bu dünyada qoruyan türkdür,

Şərin meydanında sədd olan türkdür.

Məzlum könüllərə iz salan türkdür,

Qaranlıq qəlblərin çırağıyıq biz.

 

Adəmin adını bizik daşıyan,

Qonşuya, yoldaşa ilqarı olan.

Eşitsin sözümü bədnam Paşinyan,

Biz türkük, dünyanın mayağıyıq biz.

 

Ey bədniyyət qonşu, bədnam erməni,

Haqqı itirməyin məhv etdi səni.

Artıq cəhənnəmdə tanı yerini,

Alçaq başınızın bıçağıyıq biz.

 

 

NƏQQAŞIN QƏLBİ

 

Daha inciyirəm özüm özümdən,

Doğan arzularım puç olur, hədər

Heç belə alçaqlıq görməmişəm mən,

Diriykən ölüyə tay olmaq qədər.

 

Qəlbim daşa dönüb dağdan da ağır,

Bir memar gəzirəm yarada, tikə.

Nəqqaş daş üstündə əsər yaradır,

Polad qələmiylə xətt çəkə-çəkə.

 

Sevinsin memarlar, gülsün nəqqaşlar,

Çoxdur mənim kimi daşa dönmüşlər.

Dünyanı daşlarla bəzəmək olar,

Daşı düz qoysalar daş üstə əgər.

 

Heç vaxt bu həyatdan qorxmamışam mən,

Həyatın üzümə kəm baxmağından.

Qorxmuşam həyatda ancaq bir şeydən,

Nəqqaşın qəlbinin daş olmağından.

 

 

ALLAHIN MÜKAFATI

 

Xəyallarım buza dönüb nədəndir,

Arzulara çatmaq üçün güman yox.

Ümidlərim şikəst olub dərd edir,

Dost deyib yolunda düşmən duran çox.

 

Toxumu bir yerdən olan insanın,

Nədəndir qəlbində qaranlığı var?

Axı xəlifəsi bizik cahanın,

Heç kindən, nifrətdən xoşbəxtlik olar?

 

Hədis var: etdiyin əməllərə bax,

Qarşına çıxmamış ölməyəcəksən.

Şərin cilovunu əlindən burax,

Axı Allahın öz nəfəsisən sən.

 

Doğmayan sabahın adı xəyaldır,

İki xəzinə var önündə bu gün.

Cənnətlə Cəhənnəm bu gün sualdır,

Getdiyin ünvanın cavabı üçün.

 

Allahdan məktubdur bu sözlər bizə,

Hər kəsin qəlb adlı kitabında var.

Gəlin, sevgi qataq qəlblərimizə,

Sevgimiz Allaha təşəkkür olar.

 

QALİB NURİ ARİF,

GÖYÇAY ŞƏHƏRİ – 2020

 

Müstəqil.Az

 

 

Share: