Başının altındakı  yumşaq yastığı vətən daşına,rahat evini,otağını da səngərə dəyişdi Əliheydər…

Hamımız yaxşı bilirik ki şəhidlik zirvəsi bütün zirvələrdən uca və alidir…

Xalqımızın 30 illik tarix səhifələrinə qürurla yazılan 44 günlük ikinci vətən  müharibəsinin canlı şahidləri oldu əsgərlərimiz…

Bu qürurverici tarixi onlar yaşatdı xalqımıza…Onların göstərdiyi qəhrəmanlıq nümunələri və vətən eşqi milyonları göz yaşına boğdu. Hər şəhid,hər igid ayrı bir hekayə yazdı… İllərdir boynubükük,sinəsi düşmən tapdağında əzilmiş,gözləri yol çəkən doğma Qarabağımız 44 günlük müharibə zamanı havada uçuşan mərmi səslərinə oyandı, doğma addım səslərinə sevinib əsirlikdən azad edildiyinə onların sayəsində sevinə bildi…

Bu gün tarixə öz qızıl imzasını şəhidlik zirvəsinə ucalmaqla atanlardan biri olan bir vətən sevdalısından söz açmağı özümə borc bildim…

İkinci  Vətən müharibəsi dövründə gözünü qırpmadan özünü odun,alovun içinə atan minlərlə igidlərimizdən  biri də Hüseynli Əliheydər Səlahəddin oğludur.

O, bütün həyatı boyu, eləcə də 2011-2015-ci illərdə Azərbaycan Texniki Universitetinin “İnformasiya Texnologiyaları və Sistemləri Mühəndisliyi” ixtisası üzrə ali təhsil aldığı dövrdə də, təhsilini müvəffəqiyyətlə bitirdikdən dərhal sonra getdiyi hərbi xidmətdə də atası fizika-riyaziyyat müəllimi Səlahəddin müəllimdən qavradığı Vətən sevgisini qəlbinin, zehninin ən dərin yerinə yerləşdirməyi bacarmışdı. Doğulub boya-başa çatdığı Ağstafa rayonu namərd qonşu Ermənistanla həmsərhəd olduğundan, Əliheydər onilliklər ərzində baş verənlərlə, mənfur düşmənin xain, faşist xisləti ilə daha yaxından tanış idi. Xocalı, Kəlbəcər, Zəngilanda tökülən günahsız qanların intiqamını almaq həsrətilə yaşayan gənclərdən idi.

Sin descripción disponible.

İllər sonra qisas günü yetişdi…

Əliheydər bu zaman ərzində Bakı şəhərində yaşayır və 2017-ci ildən etibarən “Azərişıq ASC”nin Nərimanov rayon şöbəsində nəzarətçi-mühəndis vəzifəsində çalışırdı. Söhbət vətən,namus və şərəfdən düşən zaman digər qeyrətli oğullarımız kimi, Əliheydər də düşünmədən,qisas və qələbə yanğısı ilə döyüşə getdi.

Çünki, o yaxşı bilirdi ki vətən eşqi – ana, övlad və başqa sevgilərdən də ən uca zirvədə dayanıb.Bu zirvəni fəth edə bilməyən insan nə ana,nə yar,nə də ilahi sevginin necə bir eşq olduğunun fərqinə vara bilməz.

 Bütün bunları dərindən anlayan bu ziyalı gənc valideynləri, doğmaları və nişanlısı ilə halallaşaraq könüllü olaraq cəbhəyə yollandı…

Mərmilərlə rəqs edən döyüş meydanında böyük igidliklər göstərdi Əliheydər. Fizuli, Cəbrayıl bölgələrindəki amansız, qanlı döyüşlərdə aslan kimi döyüşdü.

Başının altındakı  yumşaq yastığı vətən daşına,rahat evini,otağını da səngərə dəyişdi Əliheydər… Eyni zamanda neçə-neçə özü kimi qəhrəman, yaralı silahdaşlarını ölümün pəncəsindən xilas edərək təhlükəsiz əraziyə yerləşdirdikdən dərhal sonra yenidən döyüşə atıldı…

Sin descripción disponible.

Ən son Xocavənddə olarkən anası ilə telefon danışığı etdi . 

Böyük bir qürurla zəfər nailiyyətlərini, sürətlə irəlilədiklərini, torpaqların azad edilməsi sevincini bölüşdü ailə üzvləri ilə,sevdiyi ilə. 

-“Ana, ALLAHA əmanət olun, biz irəli gedirik”- deyərkən isə sanki halallaşırdı çox sevdiyi,əziz anası ilə…

O gün sən demə, doğrudan da Əliheydərin son telefon danışığı, son döyüş günü imiş…

Ailəsi ,doğmaları 11 gün ondan xəbər ala bilmədilər…

Anasının yuxusuz gecələri, oğul itirmə qorxusu, bacısının kiçik də olsa bir ümid qığılcımı ilə telefonlara sarılması, sevdiyinin yastığa axıtdığı qaynar göz yaşları 11 günü 11 il kimi yaşatdı hər bir doğmasına…

Yalnız 19 noyabr, 2020-ci il tarixində məlum oldu ki, əsgərimiz noyabrın 9-da Xocavənd uğrundakı döyüşlərdə böyük şücaət göstərərək bədəninin 3 yerindən aldığı ağır qəlpə yaraları nəticəsində qəhrəmancasına şəhid olmuşdur.

21 noyabr, 2020-ci ildə Ağstafa torpağı üçrəngli bayrağına qürurla bükülmüş şəhidini qoynuna aldı…

Minlərlə köçkünə doğma torpaqlarına qayıda bilmə sevincini, xalqımıza qələbə qürurunu yaşadan şəhid və qazilərimizə,onların ailələrinə ömür boyu borcluyuq… 30 illik şərəf,namusumuzun,heysiyyətimizin qurtuluş günü,zəfər günü şəhid,qazi hünərindən keçir…

Həmçinin,bütün şəhid ailələri -şəhidlərimizin bizə inamla əmanət etdiyi insanlar, bizim də ana-bacımız,ata-qardaşımız sayılır.Onların ağrı-acılarına şərik olmaq,onların yanında olmaq hamımızın namus borcudur.

Nə qədər ki Azərbaycan adlı dövlət var,biz varıq, şəhidlərin xatirəsi unudulmayacaq,xalqımız,tariximiz öz igid oğullarını əsrdən əsrə daşıyacaq,yaşadacaqdır.

Torpaq uğrunda əbədiyyətə ucalan bütün şəhidlərimizin müqəddəs ruhu qarşısında baş əyirik!

ALLAH RƏHMƏT ELƏSİN!

 

 

Aysel Səfərli 

Müstəqil.Az

 

 

Share: