Cəsur zabit xatirələrdə yaşayır

Qusar rayonunun Cibir kəndinin 4 oğlu Qarabağ uğrunda qəhrəmancasına həlak olub: Çoban Nurmətov, Murad Kəlbiyev, Rafik Bəyverdiyev və Malik Xeyirbəyov. Dörd igid kəşfiyyatçı.

Cibirdə olanda onların ailə üzvlərinin söhbətlərinə ürək ağrısız qulaq asmaq mümkün deyildi. Bu gün bu 4 qəhrəmandan biri, 4 övlad atası haqqında danışacağam.
Çoban Nurmətovda hərbçilərə xas bütün xüsususiyyətlər cəmləşmişdi: boy-buxunlu, möhkəm bədənli, qətiyyətli və mərd idi. 16 illik hərbçi həyatının 10 ilini Naxçıvanda xidmət etmişdi. Qüsursuz xidmətə görə saysız-hesabsız təşəkkürnamə, fəxri-fərman və mükafatlara layiq görülmüşdü. Komandirləri Tehran Mənsimov və Rəşad Aslanov onun qorxmaz kəşfiyyatçı kimi formalaşmasında böyük rol oynamışdılar.
Baş gizir Çoban Raziddin oğlu Nurmətov istiqanlı və mehriban olması ilə hamının sevgisini qazanmışdı. Valideynlərinə qarşı diqqətcil olan Çoban öz ailəsinə hədsiz bağlı idi. Sevib evləndiyi Əfsanə ilə bərabər 4-cü övladının doğulacağı günü səbrsizliklə gözləyirdi. Lakin oktyabrın 23-də Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu.
Qarabağda gedən qanlı döyüşlərdə bu igid döyüşçü yüzlərlə yaralını odun-alovun içindən çıxarıb. Bu barədə sosial şəbəkələrdə çoxlu yazılara rast gəldim. Onlardan tək birini misal gətirmək istəyirəm. Qusar rayonunun Kiçan kəndindən Qarabağ döyüşçüsü Pirməmməd Məlikov yazır: “Mən ağır yaralanmışdım. Məni ölümdən Çoban Nurmətov qurtardı. O, məni kürəyinə alıb 5 km-lik yolu sürünə-sürünə qət etdi. Mənim kimi çoxlarının həyatını xilas edib bu igid.”
Valideynləri Raziddinlə Raziyə, qardaşı Təbrik bu faciədən hələ də özlərinə gəlməyiblər. Dördüncü övladını atasız dünyaya gətirəcək Əfsanə isə Çobana olan məhəbbətini dörd övladından əsirgəməmək üçün mənəvi güc toplayır. Axı mərd və qətiyyətli hərbçi yoldaşı ona həyatın bütün çətinliklərinə qətiyyətlə tablaşmağı öyrədib.
Sədaqət Kərimova
Share: