AXDG rəsmiləri Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçini ziyarət ediblər

II Qarabağ savaşında dənizçilərimiz də ordu sıralarına könüllü qatılıb və ərazi bütövlüyümüzn bərpası, işğalçı Ermənistan ordusunun məhv edilməsində xüsusi qəhrəmanlıq göstəriblər. Elə qəhrəman dənizçilərimizdən biri də Cəfər Səfərlidir.

Müstəqil.Az AXDG QSC-nin mətbuat xidmətinin yayınladığı xəbərə istinad edərək bildirir ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”QSC-nin (#ASCO) əməkdaşları Vətən Müharibəsində iştirak edərək yaralanan dənizçi həmkarları Cəfər Səfərlini evində ziyarət ediblər.
Qəhrəman dənizçiyə ASCO sədri Rauf Vəliyevin və bütün kollektivin salamlarını çatdırıblar.
“Şahdağ” gəmisinin motorçusu olan Cəfər Səfərli Ermənistanın Azərbaycana qarşı hərbi təxribatından sonra başlayan əks-hücum əməliyyatlarında fəal iştirak edib. Qəhrəman dənizçi haqq savaşında iştirak etməkdən, Vətənin müdafiəsində durmaqdan qürur duyduğunu bildirib. O qeyd edib ki, Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşmənin müqavimətini qırmağı bacardı, işğalçıları darmadağın etdi.
Bu gün qalib ölkənin vətəndaşı olmağından fəxrlə danışan Cəfər Səfərlinin sağlıq durumu da qaydasındadır, hazırda özünü yaxşı hiss edir. O, tezliklə öz işinin başına qayıdacağı günü səbirsizliklə gözləyir. O, göstərilən diqqətə görə ASCO ailəsinə təşəkkürünü bildirib.
Müstəqil.Az
Share: