a bəy, sənin şəhidliyin mübarək olsun, bilirsən də.. qurtarıbdı davalar indi

Esmira MƏHİQIZI
hər kəs sevir birisini..
sən kimi sevdin,
ürəyində nələr qaldı, söyləmədiyin.
bir dəst kostyum,
ayaqqabın,
bir də köynəyin,
təptəzədi, qəttəzədi..geyinmədiyin.
hər kəs sevir birisini..sevdalı olur,
bir sevda var..qara sevda,
qalanıb gedir.
xəyal kimi, yuxu kimi qara yaylıqlı,
bir qız gəlib məzarına dolanıb gedir.
bir toy qalıb, çalınası..bəyi sənmisən ?
bir Vağzalı havasıdı..havalar indi
a bəy, sənin şəhidliyin mübarək olsun,
bilirsən də..
qurtarıbdı davalar indi
görürsən də, çəkilibdi dumanlar, çənlər
gözün aydın, Şuşada da günəş görünür.
hər kəs sevir birisini,
elə sevir ki,
sonra elə sevgi adlı nağıla dönür
analar da, nə umudla göylərə baxır,
analar da dolur belə, göylər də dolur.
elə dua eləyirlər,
göylərə çatsın-
deyirlər ki, o göylərdə şəhidlər olur.
bir qız da var..
yadındasan elə yadında
hər kəs sevir birisini vətən adında
Şəkildə bunlar ola bilər: 1 nəfər
(Rəhimli Orxan Rəşid oğlu. Oğuz rayonu, Xaçmaz kəndi. Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub)
****
və sonra..
ağac da olursan,
daş da olursan..özün olmursan.
heyrətlə güzgüyə baxırsan qəfil,
güzgüdən baxan da
heç sən olmursan..
harda unudulub, harda itmisən..
ha düşünürsən də..ağlına gəlmir
hərdən öz başına sığal çəkirsən,
deyirsən,
-o gedən, ağlama, gəlmir
gəlmir eeee,
görürsən gözlədiyin də
olmur eee
olmur eee..istədiyin də
yoxlara qarışıb yoxa çıxırsan
səsin də duyulmur,
mən..dediyində
hər şey belə itkin,
hər şey belə heç..
itib,
unudulub heçdən keçirsən.
bir sərçə köçüymüş ömür də elə
hər gün yaralanmış köçdən keçirsən
sonra görürsən ki, dünyanı sarıb
səssiz ağlayışlar,
səssiz gedişlər.
ayrılıq adında bir yerdi könül
içində xəyaldı gəllər, gəlişlər.
və sonra..
bulud da olursan,
quş da olursan..
bir uşaq gözündə yaş da olursan.
bütün ayrılıqlar səndən başlayır,
sən hansı sevdasan-
xatırlamırsan
Şəkildə bunlar ola bilər: 2 nəfər, günəş gözlüyü və çöldə
bir də.. bir də qurumuş ağaclara demək ki..
demək ki, qayıtmışam,
qollarınız hardadı
ağlayasan beləcə
ağaclara,
damlara,
bütün gəlməyənlərə,
bütün qalmayanlara..
o sevdiyin günlərə,
bir də olmayanlara.
bir də onda görəsən nəsə hər şey susqundu,
susub evlər, nağıllar.. susub burda hər nə var.
hönkürəsən uşaq tək
gözyaşları üşümüş əllərinə qonalar..
qonalar,
payızların sarı yarpağı kimi..
qonalar,
gözlərinin islaq qonağı kimi.
sonra hər şey beləcə
acı gerçəyə dönüb ürəyinə daşına,
ürəyində aşına gözlədiyin nə varsa.
səni səndə gizlədə gizlədiyin nə varsa.
və..bir anlıq,
bir anlıq
baxasan o günlərin uzaq pəncərəsinə.
görəsən uşaqlığın boynunu büküb durub..
sarılasan keçmişin uşaq xatirəsinə
*****
yenə qırmızı umudlara bağladım
sapın bir ucunu..
o biri ucunu göy quşun ayaqlarına
o qədər belə umudlar vurulmuş
o qədər belə quşlar vurulmuş
amma umudlar bitməmiş,
xəyallar tükənməmiş,
sönməmiş,
sönməmiş od-ocaq
o quş..
o quş uçmağa bir göy tapacaq
Şəkildə bunlar ola bilər: 1 nəfər, oturur və çöldə
****
elə bir gün gələ, lap güllə kimi,
güllə ələməyə ələyin ola.
yığasan ömründən boş gilizləri,
gün-gün doldurmağa gərəyin ola.
gözünə oturan qış da eymənə,
telində dən gəzən quş da eymənə,
qəpiyə atdığın güllələr dönə-
güllə keçirtməyən çörəyin ola.
sonra da çəkdiyin çilələr susa,
çilələr susduqca, gör nələr susa..
bir güllə sıxasan, güllələr susa-
güllə saxlamağa ürəyin ola.
Share: