Vidadi Əliyevin həyat yoldaşı, Elçin Əlibəylinin anası, Dilarə Əliyevanın qayınanası… – Xalq artisti ilə ad günü söhbəti

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası, Xalq artisti Elmira İsmayılovanın doğum gündür. Onun 75 yaşı tamam olur. KMüstəqil.Az bu münasibətlə Elmira xanımı təbrik edir Kulis.az-ın aktrisa ilə ad günü söhbətini oxucuların diqqətinə tapşırır.

– Adətən, doğum günlərinizi necə qeyd edirsiniz?

– Mənim heç vaxt ad günü qeyd etməyə həvəsim olmayıb. Elə həmişə ailəmlə, öz aramızda qeyd etmişəm.

– Yəqin bugünkü yubiley yaşı da istisna deyil.

– Bəli. Bu gün də elə edəcəm.

– Yubileyinizin Qarabağın işğaldan azad olunduğu günlərə təsadüf etməsi sizə necə təsir etdi?

– Əlbəttə, çox sevindim. Hətta arzuladım ki, inşallah bizə də o günlər qismət olsun, biz də öz yurdumuza geri qayıdaq.

Xalq artisti Elmira İsmayılova: “Dilarə Əliyevanı səhnəyə mən qaytardım” -  MÜSAHİBƏ

– Sizcə, Qarabağda teatrın, sənətin yenidən dirçəldilməsi üçün nə kimi işlər görülməlidi?

– Xüsusi heç nə etməyə ehtiyac yoxdur, çünki Qarabağ teatrının, sənətinin ənənələri hələ də yaşadılır və bizim sadəcə ora qayıtmağımız kifayət edəcək.

– Adətən xalq artistləri mərkəzi, daha böyük statuslu teatrlara gəlirlər. Ancaq siz gəlmədiniz…

– Məni Musiqili Komediya Teatrından düz üç dəfə dəvət ediblər, amma İrəvan Teatrında işləmək mənim həm mənəvi, həm tarixi borcum idi deyə, oranı atıb gedə bilməzdim.

– Bəzən deyirlər, bir evə bir məşhur adam bəs edir, amma sizin ailədə həyat elə gətirib ki, həyat yoldaşınız Vidadi Əliyev, böyük oğlunuz Oqtay Əliyev, kiçik oğlunuz Elçin Əlibəyli və gəlininiz Dilarə Əliyeva çox məşhurdurlar. Bu qədər məşhurun bir evdə olması çətinlik yaratmır ki?

– Heç bir çətinlik yaratmır. Hərənin öz sahəsi var və hərə öz işi ilə məşğuldur. Biz biri-birimizə həm tənqidi yanaşır, həm də əl uzadırıq.

– Tənqid demiş, Elçin Əlibəylinin verilişlərinə baxırsınız?

– Baxıram.

– Hərdən tənqid etmirsiniz ki, şouya çox gedirsən?

– Elçin ağıllı oğlandır və nəyi, nə vaxt, necə etməli olduğunu yaxşı bilir. Buna görə də heç vaxt ona nəsə demirəm. Bilirəm, özü hər şeyin ölçüsünü bilir.

– Ailənizdə sizin sənətinizi gəlininiz, Əməkdar artist Dilarə Əliyeva davam etdirir. Onun sənətinə münasibətiniz necədir?

– Dilarə hələ institutu təzə bitirəndə mən hiss elədim ki, nə qədər qabiliyyətlidir. Ona görə onu öz teatrımıza dəvət etdim. O da sübut elədi ki, həqiqətən də çox istedadlı aktrisadır.

– Sizi ad gününüz münasibəti ilə bir daha təbrik edirik.

– Çox sağ olun.

Share: