Milli Həmrəylik Partiyasının (MHP) İdarə Heyətinin iclası keçirilib

Milli Həmrəylik Partiyasının (MHP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə Müstəqil.Az-a partiyanın mətbuat xidmətindən bildiriblər.

İclas ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə 1 dəqiqəlik sayğı duruşu ilə başlayıb.
İclasda Milli Həmrəylik Partiyasının sədri, Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlisahib Hüseynov geniş məruzə ilə çıxış edib.
Partiya sədri və digər natiqlər öz çıxışlarında 44 günlük Vətən müharibəsi haqda, ölkədə hökm sürən milli birlik və həmrəylik əhval-ruhiyyəsi barədə, habelə vətəndaşlarımızın Ali Baş Komandanımız İlham Əliyevə, müzəffər Azərbaycan Ordusuna qarşı bəslədiyi böyük ümid, inam, güvən barədə öz fikirlərini bölüşüb, tarixi Qələbəmizə dair ətraflı fikir mübadiləsi aparıblar.
Müzakirələr zamanı MHP İdarə heyətinin üzvləri tərəfindən ölkə rəhbərliyinə ünvanlanmış bir sıra təkliflər də irəli sürülüb. Həmin təkliflərdə qeyd olunur ki:
-Şuşada Qələbə paradı keçirilsin, qəhrəman əsgərlərimizin şərəfinə möhtəşəm abidə kompleksi ucaldılsın və Şuşa Beynəlxalq Universiteti yaradılsın;
-Ermənilərin vandallığı nəticəsində xarabalığa çevrilmiş Xocalı və Ağdamda “Açıq muzey” yaradılsın;
-Çoxlu sayda şəhid vermiş Cəlilabad rayonuna, eləcə də düşmənin irimiqyaslı bombardmanlarına, terror hücumlarına məruz qalmış Gəncə, Bərdə, Tərtər şəhərlərinə “Qəhrəman şəhər” statusu verilsin;
-Ölkənin bütün magistral yolları boyunca şəhidlərin şəkilləri olan bilbordlar qoyulsun;
-Bakıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Qafqaz Türk-İslam Ordusunun müzəffər komandanı Nuru Paşanın heykəlləri ucaldılsın;
-Ali Baş Komandan İlham Əliyevə qalib sərkərdə kimi “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” fəxri adı verilsin.
İclasda bu və digər təkliflərin yer aldığı paketin Milli Məclisə və əlaqədar dövlət qurumlarına təqdim olunması barədə qərar qəbul edilib.
İclasın rəsmi hissəsi yekunlaşandan sonra MHP üzvləri Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını, Türk şəhidlərinin xatirə kompleksini ziyarət ediblər. Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin məzarları önünə gül qoyulub, onların ruhlarına dualar oxunub.
Müstəqil.Az
Share: