Böyük dip-savaş başladı: ilkin əlamətləri…

Təxmin etdiyimiz kimidir: döyüşdə böyük qələbəni əldə edən Azərbaycan daha çətin mübarizəyə başlayıb və bu, heç də 44 günə bitəcək savaş deyil…

Az öncə Fransa Prezidenti Makronun Ermənistan Baş naziri Nikol Paşinyana telefon zəngi və “Qarabağda bütün tərəflərin maraqlarına cavab verəcək həllin tapılması üçün” Fransanın əlindən gələni edəcəyini elan etməsi ciddi siqnaldır.

İki gün əvvəldən isə Rusiyanın ayrı-ayrı dairələrinin “siqnalları” başlayıb. Bu mənada xüsusilə Rusiya XİN çox aktivləşib. Dünənə qədər – Azərbaycan savaş meydanında sözünü deyərkən gözləmə mövqeyində olan və Rusiya liderinin iradəsindən kənara çıxmayan XİN məsələ diplomatik müstəviyə keçən kimi özünü büruzə verməkdədir. Bir tərəfdən bütün varlığı ilə Türkiyə sülhməramlılarının və yaxud nəzarət həyata keçirəcək kontingentinin Azərbaycana gəlişi ilə bağlı ziddiyyətli fikirlər səsləndirilirsə və mümkün olduqca buna dirəniş nümayiş etdirilirsə, digər tərəfdən olduqca zərərli siyasi terminlərdən istifadə edilir.

Hansıdır bu terminlər?

1. Rusiya sülhməramlıları Dağlıq Qarabağ ərazisindəki təmas xəttində yerləşdirilib…

Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi 1991-ci ildə ləğv edilib, 10 noyabr 2020-ci ildə isə Azərbaycan Ordusu ölkənin 29 il öncə qəbul etdiyi qərarı icra etdi. “Dağlıq Qarabağ ərazisi” deyilən bir məfhum yoxdur, Rusiya sülhməramlıları isə Azərbaycan ərazisində, Azərbaycanın Xankəndi şəhəri yaxınlığında yerləşdirilib.

2. “Laçın koridoru” anlayışı leksikondan çıxmalıdır. Koridor – iki subyekt arasında ola bilər. Ermənistandan Azərbaycana gələn Laçın yolu var. Bu yol Azərbaycanda yaşayacaq erməni icması ilə Ermənistan arasında əlaqəni yaradır. Bu yolun təhlükəsizliyini isə Rusiya hərbçiləri Azərbaycan Ordusunun nəzarətində öz üzərinə götürüb.

3. Lavrov ötən gün rəsmi açıqlamasında deyir ki, “Dağlıq Qarabağda” yalnız Rusiya sülhməramlıları olacaq, Türkiyə ilə birgə qurulacaq nəzarət mərkəzi isə “Dağlıq Qarabağdan kənarda, Azərbaycan ərazisində yerləşəcək”.

Yanlış istilahdır: “Dağlıq Qarabağdan kənarda, Azərbaycan ərazisində” nə deməkdir ki? Dağlıq Qarabağ deyilən bir məfhum – qeyd etdiyimiz kimi – yoxdur, illah ki o istilahdan istifadə edilirsə, Dağlıq Qarabağ və ümumiyyətlə Qarabağ – birbaşa Azərbaycan ərazisidir.

Burda diqqəti ən çox cəlb edən odur ki, Rusiya Prezident Administrasiyasından – Kremldən nə qədər pozitiv, balanslı və Bakı ilə İrəvana mümkün qədər eyni baxış sərgiləndiyini görürüksə, Rusiya XİN-in münasibəti o qədər, ən yumşaq sözlə desək, “balanssızdır”. belə anlaşılır ki, Rusiya liderinin iradəsi xaricində olan və hakimiyyətə təsir imkanını özündə saxlayan qruplaşmalar artıq “bir an tez” fəaliyyətə keçib.

Minsk Qrupunun iki həmsədr ölkəsinin birinin birbaşa (Makronun simasında), digərinin dolayısı (Lavrosun simasında) açıqlamaları ortadadır: digəri – üçüncüsündə prezident seçkilərinin qalmaqalı yaşanır və bir müddətdən sonra Co Baydenin prezidentliyi rəsmiləşəcək. Bayden isə heç də prosesə Tramp kimi yanaşmayacaq – onun da Minsk Qrupunun digər iki ölkəsinin mövqeyinə yaxın bəyanat verəcəyi gözləniləndir.

Beləliklə, döyüş meydanında darmadağın edilən Ermənistanı və onun arxasında duran qüvvələri xilas əməliyyatı başlayıb – bu dəfə masada. Hər vəchlə 30 ildir davam edən bu münaqişənin birdəfəlik həllinə mane olmaq və prosesi mümkün qədər uzadıb, növbəti düyünə çevirmək uğrunda bəzi qüvvələrin birləşdiyini görürük.

Qarabağa vurulan Qara Bağı – Qordi düyününü 30 ildən sonra Ali Baş Komandan “qılıncla” kəsdi və status-kvonu, təmas xəttini darmadağın etdi. İndi daha kiçik ərazidə yeni təmas xətti anlayışı dövriyyəyə buraxılır, yeni “status-kvo” üçün canfəşanlıq edilir və balanslaşdırıcı yeganə qüvvəni – Türkiyəni bölgəyə buraxmamaq və heç olmasa, “az buraxmaq” üçün bütün beynəlxalq qanunları ortaya töküb, bu vaxta qədər “adam yerinə qoymadıqları” BMT TŞ-nin qətnamələrinə qədər istinadlara başlayıblar.

Böyük diplomatik mübarizə artıq başlayıb – belə də gözləyirdik.

Diplomatiyada necə mübarizə aparacağıq – bu, heç müzakirə mövzusu deyil. Prezident İlham Əliyevin qəti mövqeyi və milli iradəsi ortadadır: heç bir status, ərazi bütövlüyündə heç bir güzəşt olmayacaq.

Bizə düşən isə yanlış istilahlardan qaçmaq, o istilahları dövriyyədən çıxarmağa töhfə verməkdir. Məsələn, “Dağlıq Qarabağa yerləşdiriləcək, Azərbaycan ərazisində isə…” kimi beynəlxalq hüquqdan kənar ifadələrdən istifadə olunmaması üçün nə edilməlidirsə, onu edəcəyik…

Müstəqil.Az

Share: