Gəmi kapitanları döyüşə getməyə hazırdı

Xəzər hövzəsində, eyni zamanda dünyanın ayrı-ayrı sularında üzən dənizçilər və gəmi kapitanları Ordumuzun apardığı uğurlu əks-hücum əməliyyatı ilə bağlı Ali Baş Komandan İlham Əliyevə təşəkkür ediblər.

Müstəqil.Az bildirir ki, bu barədə Axar.az-a Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin sədri, kapitan Faiq Balabəyli deyib. O bildirib ki, İB vasitəsi ilə edilən müraciətdə kapitanların döyüşlərdə iştirak etmək arzusu olduğu qeyd edilib.

AXDG QSC XDND idarəsinin “Şahdağ” gəmisinin kapitanı Zaur Novruzov özünün və komandiri olduğu gəminin müraciətini DSD İB yə göndərərək əldə silah Vətənin müdafisəsinə qalxmağa hazır olduqlarını deyib.
Xarici sularda üzən gəmi kapitanlarından Nazim Həbibov, Ramiz Hüseynov, Valeh Ağabalayev, Mehti Yusifov, Araz Sultan Həsənov, Fəzail Əliyev və digərləri də vətənin bu ağır günlərində Ali Baş Komandanımızın yanında olduqlarını və düşmənlə haqq savaşında ön cəbhədə olmağa hazır olduqlarını deyir.

F.Balabəyli onu da qeyd edib ki, kapitanlar Ordumuza yardım kampaniyasına mütəmadi dəstək olurlar:

“Bu günlərdə Əbu-Dabidə olan kapitan Emil Süleymanov, BƏƏ-dən Nazim Həbibov və digər ölkələrdəki kapitanlar Ordumuza yardım kampaniyasında fəal iştirak edirlər. Onlar tərəfindən edilən yardımlar İB-nin vasitəsi ilə ön cəbhəyə çatdırılır”.

Müstəqil.Az

Share: