Gecə yarısı bir qız məktub yazır səngərə… – Cəbhədə olan zabitdən şeirlər

Müstəqil.Az şair Emin Pirinin şeirlərini təqdim edir. Qeyd edək ki, Emin Piri sentyabrın 29-dan zabit kimi cəbhəyə yollanıb. Baş leytenant hazırda düşmənlə üz-üzə vuruşur.

Mələklərə atılan mərmilər…

Toplardan,
təyyarələrdən
doğan uşaqlar
yerdə bələklərdən çıxırdı.
uşaqların yerdə
batan səsləri
göydə mələklərdən
çıxırdı.

Analar saxlaya bilmirdi
bombaları
uşaqlar qaça bilmirdi
bombalardan.
hara qaçsalar da
bombalar tuturdu uşaqları.
şəhər bombalanarkən
itirmişdi
altıaylıq körpəsini.
qoparmışdı
əllərindən mərmilər.

bir qolu balasında
biri özündə qalmışdı ananın…
itkin qoluna yalvarıb,
itkin balasını tapşırırdı ana:
“yaxşı bax balama
ağlayanda
əllərindən tut,
bir az güldür.
qulağı üşüyəndi
qulağını yaxşı ört”.

Balasıyla itən
qolunu günahlandırıb,
geri qayıtmayan
əlinə ağlayırdı.
itirdiyi qolunun
yerinə baxıb
yarasını danlayırdı,
ana.

bu dağılmış şəhərin
hər daşını qaldırıb,
axtarırdı yavrusunu.
daş qaldırmaqdan
daşa dönmüşdü təklənmiş əli.
ancaq bala vermirdi
daşlar…

on altı il keçsə də
ana balasını axtarırdı
altı aylıq körpələr arasında.

Başdaşları utandırdı məni

Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.
Bu yaşıma görə
Şəhidlər Xiyabanında
18 yaşlı
baş daşları
utandırdı məni.
məndən kiçikdi hələ
məndən öncə doğulanlar
əmi deyib
üstümə qaçır başdaşları
bir əsgərin ölüm günü
başdaşının doğum günüymüş.
can qoydular
nə düşdü paylarına
sağ qalanlar
daşladılar
torpağının başını.
Şəhid məzarlarını
mərmərə bükdük,
daş qoyduq başlarına
qalxa bilməsinlər
üzümüzə tüpürməyə.

Üzü çopur səhralar

Burda nə dərd-sər bitir,
nə din-kitab davası.
Göydə quştək vurulur
müsəlmanın duası.

Göydən dualar düşür
ətəyi, üzü qanlı.
Analar ağzı dualı,
analar diz çökübdü,
analar dizi qanlı.

Anaların ağzından
qanlı dualar qopur.
Üzün yırtır səhralar,
səhralar çopur-çopur.

Əllər göyə uzanıb
vurulan duaları
göydə saxlamaq üçün.
…Yer kürəsi əlində
qanlı duayla uçur.

Sağ qalan varmı?!…

Əsgər sinəsi axtarır
isinməyə
fevral şaxtasından
üşüyən güllə.
hər əsgər tabutu
bir ağ gəlinliklə köçər…

əsgər deyil,
sevən qızın arzularını
götürüb gedər
hər atılan güllə.
soba yanında
gecə yarısı bir qız
məktub yazır səngərə.
anasının yarıyuxulu
“qızım yatmamısan?”
sualına diksinib
“üşüyürəm, ana
odun atıram sobaya” …

Daha
gecələri oyaq qalmağa
soba yanında
məktub yazmağa,
yalandan üşüməyə
sobaya odun atmağa
ehtiyac yoxdu…

tağım komandirinin
səngərdən qıvrıla-qıvrıla
boğuq səsi gəlir:
kimsə sağdı?!

Ayağım özümdən qeyrətli çıxdı

çiçək açırdı
torpağa basdırılan
minalara
toxunanda ayaqlar.
çiçəklər yara açırdı
yaralar
anaların yuxusuna qaçırdı.
yuxular qara xəbərin
ardınca qaçırdı.
Qəlbinə qara xal düşən qızların
gözünün altından
öpüş yerini
səhər eşitdiyi xəbərlər yuyar.
evli xanımlar
yatağında yox,
torpaqda
əriyçün dərin yer salar.

…O da cəbhədəydi
mərmilər qucaqlamışdı
sağ ayağının addımını.
arxada can verən
addım səsinə
qayıdıb
itmiş ayağını aldı əlinə.
Bir vaxt sevgilisinə
gül verən əllər
bu gün nə aparacaqdı?!

cəbhədə qalan sağ ayağının
təqaüdünü də
sol ayağı alıb xərcləyir!
danlayır özünü hər səhər-axşam
əlini başına, dizinə çırpır:
o qaldı cəbhədə,
mənsə qayıtdım
ayağım özümdən qeyrətli çıxdı.

İtirilmiş əllər

Görüşəndə
Sevgilisinin əlində
gözü axtarardı
ona veriləcək gülləri.
İndi
kitabları arasında qurutduğu
Gül ləçəklərində axtarır
Sevgilisinin cəbhədə itirdiyi əlləri.

***

…Bezib şəhərdən
qaçdığın bu kənddə
indi gözün götürər təndir ətrini.
Kirayə qaldığın bu qəlb sahibi
“Təndir ətirli qız.”
Sevəsən,
sevəsən,
lap ayrılasan,
üzülməyəsən ayrılığa,
sevinəsən bir sevgi yaşadın deyə.
Çəkər gözlərini səndən kəndinə,
qaralar dünyan,
bu “şəhər” ürəyinə yağış yağacaq?!
Xəyallar bürüyər səni…
Dodaqlarımız arasındakı
bir udumluq havanı
Yarı-yarıya udarıq…
Səni “bic-bic” xəyaldan
diksindirib oyadır
bu kəndin qısqanc itləri.
Mən bir az Sergey Yesenin,
İrana oxşayan bu kənddə sərxoş,
şəhərli oğlana bel bağlamaz
bu kəndin qızı,
uzadar əllərini…
uzağı bir qurtum sərin su verər.

***

Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmlərin
Şəkil-şəkil iməkləyir divarımda.
Qızım, başdaşın özündən uca,
məzarın səndən qoca.
sənsə hələ də körpə…
Həbsxana köşəsində
qəfəs içindəki quş qədər azaddır
mənim sülh arzularım.
Qızım, bütün boş yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada bulud kimi,
qaranlıq gecədə günəş kimi.
Qızım, saçlarım darıxır –
yolmağınçün,
yanaqlarım çuxura dönüb
yerini doldurmağa –
o quyular totuş barmaqlarına həsrət
həyətim ayaq izlərinə möhtac.
Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir…
Bağışla,
Bağışla, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümsə –
bir çimdik bil, böyüklərdən hədiyyə.

Share: