Düşmənin 21 postunu dağıdan generalımız – Özəl gün

Bu gün 1-ci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənovun doğum günüdür.

Müstəqil.Az  xatırladır ki, Hikmət Hüseyn oğlu Həsənov 9 oktyabr 1975-ci ildə Füzulinin Pirəhmədli kəndində anadan olub. O, 1992-ci ildə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbinə daxil olub. Tərtərdə N saylı hərbi hissədə tağım komandiri kimi xidmətə başlayıb.

1994-cü ildə Türkiyədə Tuzla Hərbi Piyada Məktəbində 6 ay kurs keçib. 2002-ci ildə təhsilini davam etdirmək üçün Çin Xalq Azadlıq Ordusunun Nankin Quru Qoşunları Ali Hərbi Akademiyasına daxil olub, akademiyanı xüsusi fərqlənmə ilə bitirib, xüsusi döş nişanı ilə təltif olunub.

2004-cü ildə Tovuz istiqamətində əsgəri Dilqəmlə erməni postunu ələ keçirdiyinə görə komandanlıq tərəfindən briqada komandiri vəzifəsinə yüksəldilib. Həmin döyüşdə əsgəri Dilqəm şəhid olduğu üçün hazırda da bu post Dilqəmin adını daşıyır.

H.Həsənov 2008-ci ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasına daxil olub, 2010-cu ildə akademiyanı fərqlənmə ilə bitirib. Elə həmin il Pirəküşküldə Müdafiə Nazirliyi tərəfindən yaradılan NATO taborunun yerləşdiyi briqadaya komandir təyin edilib, NATO təlimlərində qarşıya qoyulan tapşırığı ingiliscə məruzə edən ilk azərbaycanlı hərbçi olub.

2013-cü ildə təhsilini artırmaq üçün Almaniyaya gedib, NATO əməliyyat qərargahında qərargah zabiti kimi praktika keçib.

H.Həsənov 2016-cı il Aprel döyüşlərində cəbhənin 3 istiqamətində – Ağdam-Tərtər-Goranboy cəbhəsində döyüşləri idarə edib. Həmin döyüşlərdə əsgərlərimizlə 2 saat ərzində düşmənin 24 illik “Ohanyan müdafiə xətti”ni yararaq, Talış yüksəkliklərinə qalxıb, düşmənin 21 postunu dağıdıb və 7 strateji yüksəkliyi düşməndən təmizləyib.

O və rəhbərlik etdiyi hərbi birlik 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı strateji əhəmiyyətli Suqovuşanı (Madagiz) işğaldan azad edib.

Hikmət Həsənov ingilis, rus, türk, fars, erməni dillərini mükəmməl bilir.

Doğum gününüz mübarək, cənab general!

Müstəqil.Az

Share: