“Bütöv Azərbaycan uğrunda silah tutan əllərinizə qurban, Azərbaycan Əsgəri!” – Təranə Musayeva

Səni sevməyə başlayanda nəinki yer üzündə, heç bətnimdə də deyildin!
“Düşmən çəpəri” olduğunu biləndə isə bu ifadənin yersizliyinə nədən o günə qədər diqqət etmədiyimə təəccüblənmişdim. Sən ki ürəkdin! Varlığını duyduğum ilk andan sinəmi yarıb az qala bayıra çıxacaq qədər həyəcandan vurnuxan ürəyimdin. Səni qucağıma alanda mübaliğəsiz deyirəm – dünyanın qucağıma qoyulduğunu hiss etdim. Öylə bir qürurlandım ki, sərkərdəsi güclü, yenilməz, güvənilir biri olan əsgər kimi! İlk addımlarınla kainatı “gəzdim” səninlə. Sevdiyim bütün insanların nişanələrini səndə aradım. Gülüşündə 24 yaşında Şəhid olmuş qardaşımı, səbrində hamının çox sevdiyi anamı, təmkinliyində atamı axtardım, gördüm! Gizlətməyəcəm, ərköyünlük, nadinclik, sözə baxmayan zamanlarında əminə, atana, ata babana daha çox bənzədirdim!
Böyüdüyünü heç anlamadım ki! Gözlərim qarşısında artan boyun heç gözlərimə görünmədi! Vaxt oldu dalaşıb üstümə gəldin, vaxt oldu döyülüb üstümə gəldin, vaxt oldu əlaçı oldun, vaxt oldu heç dərs kitabının üzünü açmadın! İllər keçdi, amma boynuma düşən gündən burnuma düşən qoxun heç dəyişmədi, heç itmədi. ‘Düşmən çəpəri” olduğunu bildiyim gündən gözümün ucu ilə sənə yaraşan qız axtardım, tapmadım. Dünyanın ən gözəl qızları olan Azərbaycan qızlarını seçib-seçmələdim, xəyalımda elçi getdim, toyunda sevincdən kövrəlib ağladım, göz yaşımı silə-silə qol qaldırıb süzdüm, nəvə oxşadım, böyütdüm! Xəyallar şirin olur, acısız olur, düşmənsiz olur. Beləcə biriniz 18 yaşınız olan kimi, biriniz evli-uşaqlı olaraq, biriniz ali təhsilli, biriniz məktəbi zor-bəla bitirib, biriniz anasız, biriniz min qohum-əqraba ilə, biriniz sevgilinizin əlinə toxunmamış, biriniz sevgi dadmamış düşmənlə savaşa getdiniz.
Müxtəlif tərbiyəli, müxtəlif səviyyəli olsanız da bir amal uğrunda – bütöv Azərbaycan uğrunda silah tutan əllərinizə qurban, Azərbaycan Əsgəri!
Uşaq ikən ən çox öpdüyüm ayaqlarının altına qurban, Azərbaycan Əsgəri!
Tarixlərin ən şərəflisini yazırsan!
Millətinə sevinclərin ən gözəlini yaşadırsan!
Tanrım səni qorusun, Azərbaycan Əsgəri!
Təranə Musayeva
Müstəqil.Az
Share: