Zəngilanlı müğənni: “Torpağını üzümə sürtəcəm”

“Zəngilanın işğaldan azad olunması xəbərini eşidəndə özümü azad hiss etdim.”

Müstəqil.Az bildirir ki, bu sözləri Kulis.az -a açıqlamasında əslən Zəngilan şəhərindən olan Əməkdar artist Almaz Orucova deyib:

“Bu gün hər birimiz qarabağlıyıq. Ürəyimiz, ruhumuz, qəlbimiz, sevincimiz, ağrı-acılarımız eynidir. 27 il sonra biz qələbə qazanırıq. Bu inanılmaz, əvəzolunmaz bir hisdir.

Nə qədər ki, Qarabağ işğal altında idi bizim başımız aşağı, qəddimiz əyri idi. O torpağın böyüklüyü, müqəddəsliyi hara getməyimizdən asılı olmayaraq bizi çağırırdı. Şükürlər olsun bu günə. Mən özüm 1986-cı ildən Bakıda yaşayıram. Amma buna baxmayaraq özümü həmişə köçkün hesab etmişəm. Çünki mənim doğulub böyüdüyüm ev Zəngilanda qalıb. Ailəm didərgin düşüb. Zəngilanın işğaldan azad olunması xəbərini eşidəndə özümü azad hiss etdim. Qardaşım həmin gün dedi ki, indiyə qədər sizə deməmişəm, amma hər dəfə mənə qaçqın deyiləndə ölüb dirilirdim. Şükür ki, bu gün bu ad bizim üstümüzdən götürüldü. Atam-anam Zəngilanın nisgili ilə bu dünyadan köçdü”.

Əməkdar artist Zəngilana gedəcəyi günü səbirsizliklə gözlədiyini bildirib:

“Ayağımı basdığım ilk yerdən bir ovuc torpaq götürüb üzümə sürtəcəm. Bu mənim əhdimdir. Sonra əgər hələ də qalıbsa, ata yurdumun xarabalıqlarında gedib dolaşacam. Mənim o evdə acılı, şirinli xatirələrim var. Biz o torpaqlara başımız dik gedəcəyik. Mən hər qarış torpağın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, onların valideynlərinin əllərindən öpürəm”.

Müstəqil.Az

Share:

Author: admin