“Ordumuz bir neçə şəhər və kəndimizi işğaldan azad edib” – PREZİDENT

İlham Əliyev: “İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir”

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsi zamanı Qarabağdakı hərbi əməliyyatlardan, humanitar atəşkəsdən danışıb.

Müstəqil.Az-ın xəbərinə görə, ölkə başçısı bildirib ki, Ermənistanın planları tam başqa idi: “Onlar hesab edirdilər ki, bu atəşkəsdən istifadə edərək, bunu istismar edərək öz hərbi məğlubiyyətlərini bir qədər azalda bilərlər, zaman qazana bilərlər, yeni qüvvələr səfərbər edə bilərlər. Ancaq onlar yanıldılar. Mən demişdim ki, Ermənistan müsbət yanaşma göstərməsə, peşman olacaq və mən haqlı idim”.

“Ermənistanın bu çirkin siyasəti anlaşılandır. Çünki onlar hər zaman döyüş meydanında məğlubiyyətə uğrayanda belə çirkin əməllərə əl atır. Sivillərə qarşı, əliyalın insanlara qarşı qəddarlıq göstərmək onlar üçün adi bir şeydir. Azərbaycan xalqı bunu Xocalı soyqırımının timsalında görüb”, – deyə ölkə başçısı vurğulayıb.

Prezident bildirib ki, bütün cəbhə boyu Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək bir neçə şəhər və kəndimizi işğaldan azad edib: “İşğaldan azadetmə əməliyyatımız uğurla davam edir. Bu gün səhər (dünən – red) mənə verilən məlumata görə, Azərbaycan Ordusu bu istiqamətdə daha böyük uğurlara imza atdı. Bu məsələ ilə bağlı lazım olan vaxtda açıqlama veriləcək”.(Türküstan.info)

Share: