Qadınsayağı  vəzn… – Tamilla Həmidqızının Aysel Xanlarqızının yaradıcılığı haqqında fikirləri…

Qadınsayağı  vəzn…

 

   Sənətkarlıq mənəvi kamillik olsa da , onun öz təbiəti var.Əsərlərdə üslub,özünəməxsusluq bəzən o qədər dəqiq və təbii olur ki, onu yaradanın qadın ,yaxud  kişi olduğunu imzasız  da tapırsan:

“Şair,gecə şeir doğurdu

hisslərin,

Sancısını ruhumda hiss edirdim…”

Aysel Xanlarqızının şeirlərində qadın heysiyyatı o qədər güclüdür ki, heç nəyi çaşbaş salmazsan ,çünki onun sənədləşdirib möhür basdığı misralar saxtalıqdan uzaqdır. Bir kitabla (“Karantin boşluğu”) maraqlı,mənalı,ürəkli qadını tanımaq, həm də poeziyanın odunda isinmək olarmış.

“Ruhun bişirdiyi sevgim külləndi,

İçimdə doğrandı ürək bir dilim.

Sən bir dəniz kimi coşub kükrədin,

Qasırğam içində külək sevgilim.”

Qadın sevgisi,sevinci, qəmi,həsrəti rəngli bir dünyadır.O dünyanın  şeirlə ifadəsi cahana  sığmaz.Ayselin şeirlərini kişi şairlər – Sabir Rüstəmxanlının və Süleyman Abdullanın gözü və sözü ilə gördüm.Əlbəttə,onlar  poeziyanı məndən də yaxşı bilirlər.Ancaq, zənnimcə,mən Aysel Xanlarqızını onlardan  daha çox hiss edə bilirəm.

Qadının düşüncələri həyatına sığmayanda  (həm də  Tanrı ona şair sənətinin əlifbasını öyrədəndə) qələmlə taleyinə yazılar:

“Bir dram boşluğu yaşayıb səndə,

Faciə-faciə ağırlaşıram.

Sən məndən hər sətir uzaqlaşdıqca,

Mən səndən ayrılıb şeirləşirəm.”(Bir dram boşluğu)

Faciə-faciə ağırlaşmaq ifadəsi təmiz qadının üslubudur məncə.Milli qadın  sevgimiz səssiz, etirafsız, təmənnasız olduğundan şeirlərdə pıçıltısına qulaq verərik:

“Səni gözləmişdim bir ömür boyu,

Gəlib gecələri yandıracaqdın.

Kölgəmin üstünə düşən təkliyi,

Kədərin köksündən endirəcəkdin…”

Şairin mərdliyi həyat  hekayələrinə yazılıb şeirləşəndə  zərif-zərif  notlara köçür:

Ahlar doluşmuş köksümlə,

Tükənməz,zərif səsimlə,

Gözlərimi son əksinlə

Bağlayım…

***

Tutub bir ömür yasını,

Ruhun susmuş duasının.

Ver ölümün havasını

Qoxlayım…”

 

Ayselin ürəyi o qədər doludur ki, onun sərbəst vəznində  qafiyəyə  ehtiyac  duyulmur.Sədaqətli,qürurlu, utancaq qadın portreti çox gözəldir:

“Saçımın tumarı ilişdi,dərdin

Üstümə atdığı qarmaqlarında.

Sən özgə əlini sıxdığın gündən,

Əllərim utanır barmaqlarımdan…”

 

Övlad böyütmək,həm söz sənətində,həm öz sənətində çalışmaq güclü qadının qabiliyyətidir.Belə halda  qadının xoşbəxtliyi onun həyatının mənasında, əbədiyyətində axtarılır.

 

“ Çörək pulu arzusuyla

dərdlərini  əyninə geyib

köhnə çamadanlarına

həsrət yığıb gedən o adamın

boş ümidlə “tez dönəcəm” səsi… –

məni uzun-uzun düşündürən bir mövzudur. Ayselin publisistik düşüncələri  canlı  və  aktual olduğu üçün  “sarı  simə” dəyir.

 

“Ayrılır nəğmələri” çoxdur,Aysel. Ancaq  səninki  sirr deyil,məmləkətimizdə yaşayan(yaşayan demək mümkündürsə) diri  ərlərlə  yalqız qalmış zərif cinsin  çətinliklə çəkilən ,səbr istəyən  dərdidir.

“Sponsor ərlər” yad ellərdən  ailəyə başçı, övlada ata borcunu  ödəyə bilərmi?!

“Nə  qədər ağrısan da ,

ağrıya bilməzsən mənim kimi.

Zərif çiyinlərimdə

daşıdığım qayğı yükü

yalnızlığımla  damğaladı  gecələrimizi.

Qızım telefondakı mesajlarla

“Darıxıram” sözünü yazmağı öyrəndi  ilk…

Oğlum kağızdan təyyarə düzəldib

uçururdu otaqboyu,

hava limanına döndərmişdi evimizi…”

 

Şeir yazan qadınların yazı masası ilə mətbəx masası  hərdən dəyişik düşür,hərdən  də qısqanc  olur, ancaq ülfətlə  sahibini  ora  bağlayır. Mətbəx  şeirləri bir xanımın  milli  mənsubiyyətini , qayğılarını , mədəniyyətini  istedadla  göstərir.

“Mürəbbə  dadında”  şeiri azərbaycanlı  qadının ünsiyyət  ,qonşuluq , dostluq , qonaqpərvərlik  kimi  keyfiyyətlərini  paylaşır:

 

“Çətin anlarımda

addım səslərinə ovunur içim.

birlikdə iki qayğısız uşaq  kimiyik  səninlə…

sən sıxıntılarımı çiyələk qoxusuyla,

mənsə arzularını mətbəxdə

aş ətriylə əzizləyirəm,

Bir fincan çay xoşbəxtliyi  yaşayaraq

şən gülüşlərinə oyanır təbəssümüm.

Mehriban  baxışlarında  əriyib

nə yaxşı ömrümə gəldin dostum,deyirəm…”

Sənət qadınının  dərdi  evin   içindən çıxıb dünyanın dörd bir  tərəfinə dağılar,vətən torpağından güc alıb cəsarətlə  bəşəriyyətin qayğısını çəkər:

“Qarabağ dərdi  üzündə,

Sillə yeri tək qızarar.

Laylasın çalar güllələr

Uyumaz şəhid məzarı.

Həsrətin buket olduğu

Dərdləri əklil vətənim!

Gülüşü əlil vətənim!”

 

Aysel! Sənət  yoluna çıxdınsa,onu axıradək qət etməyi düşün.Mövzu bərəkəti,qələm çalmaq, söz bitirmək, hər bəndəyə nəsib olan tale deyil.Bu talenin yükü ağır olsa da ,çətindən daha çətinə qatlaşmaq əqidəsi,iradəsi və zövqü ilə yaradıb yaşamağına inanıram:

 

“İnanmazsan,başdan başa

Şeir içindəyəm,dostum!”

 

Tamilla Həmidqızı  (Alqayeva)

Odlar Yurdu Universitetinin filologiya fakültəsinin müəllimi

 

Müstəqil.Az

 

Share: