“Suqovuşan”ın əsas faydaları açıqlandı

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti “Suqovuşan” su anbarı ilə bağlı açıqlama verib.

ASC-nin Su Anbarları və Hidroqovşaqların İstismarı sektorunun müdiri Elxan Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, Tərtər rayonu ərazisində, Tərtərçay çayı üzərində yerləşən “Suqovuşan” su anbarı 1976-cı ildə istismara verilib:

“Bu su anbarı Tərtərçay və Turaqaçay çaylarından daxil olan suların hesabına formalaşır. Ümumi həcmi 5,86 milyon kub metr olan su anbarından ümumilikdə 96217 hektar torpaq sahəsinin, o cümlədən, Tərtər rayonunun 24481 ha, Ağdərə rayonunun 14380 ha, Goranboy rayonunun 6938 ha, Yevlax rayonunun 5912 ha, Bərdə rayonunun 12620 ha, Ağdam rayonunun 29886 ha və Ağcabədi rayonunun 2000 ha əkin sahəsinin suvarma suyu ilə təmin olunması nəzərdə tutulub.

Lakin 28 il bundan əvvəl baş vermiş Qarabağ müharibəsi nəticəsində “Suqovuşan” su anbarı işğal olunub. Su anbarı o vaxtdan bəri işğal altında olduğundan torpaq sahələrinin su təminatında ciddi çətinliklər yaranıb. Bununla yanaşı, suyun buraxılmaması çayda kəskin ekoloji problemlər yaradıb” .

O qeyd edib ki, sentyabr ayının 27-dən başlayan əks-hücum əməliyyatı nəticəsində şanlı Azərbaycan ordusu tərəfindən Suqovuşan kəndi azad edilib və su anbarından suyun buraxılmasına nail olunub:

“Hazırda su anbarından buraxılan suların nizamlanması nəticəsində Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi təmin olunub. Su anbarının əhəmiyyəti haqqında danışdıqda, qeyd etmək istəyirəm ki, ərazidə ekoloji tarazlığın bərpa edilməsi ilə yanaşı, uzun illərdən bəri su təminatı çətin olan bu ərazilərə suyun verilməsi, burada gələcəkdə əkin işlərinin davamlı aparılmasına, su qıtlığının aradan qaldırılmasına, kənd təsərrüfatında yüksək məhsuldarlığın əldə edilməsinə təminat yaranıb.

Bu ərazilərə öz axımı ilə suyun verilməsi eyni zamanda ərazidə mövcud olan subartezian quyularının istifadəsinə tələbatın azalmasına və elektrik enerjisi sərfiyyatında qənaətin yaranmasına səbəb olacaq”.

 

Müstəqil.Az

Share: