“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədrindən prezident İlham Əliyevə…

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

2020-ci ilin 27 sentyabrından başlayaraq cəbhənin müxtəlif istiqamətlərindən hücuma keçən mənfur qonşularımızın çirkin niyyətlərinin qarşısısınınSizin Ali Baş Komandan kimi müdrik qərarlarınız, qətiyyətli tapşırıqlarınızla şanlı ordumuz tərəfindən alınması və əks hücum əməliyyatlarına başlayan silahlı qüvvələrimizin 30 ilə yaxındır ki, işğal altında olan tarixi ərazilərimizin bir hissəsiniazad etməsi xəbərini xalqımız böyük ruh yüksəkliyi və rəğbətlə qarşılayır. Əzəli torpalarımızda yenidən və əbədi olaraq üçrəngli bayrağımızın dalğalanmasının bizdə yaratdığı hissləri sözlərlərlə ifadə etmək mümkün deyil.

Cənab Prezident, müstəqil Azəbaycanımızın qurucusu, Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı kimi Sizin adınız dünya diplomatiyasının səhifələrinə qüdrətli siyasətçi kimi qızıl hərflərlə çoxdan yazılıb. Bu gün Sizin rəhbərliyinizlə Qarabağ uğrunda uğurlu döyüş əməliyyatlarının aparılması, əldə edilən qələbələr onu deməyə əsas verir ki, xalqımızın şərəfli tarixinə yeni, parlaq səhifələrin yazıldığı bu günlərdə Sizin adınız dünya hərb tarixinə də mahir sərkərdə kimi böyük hərflərlə yazılır.

Ulu Öndərimiz Heydər Əliyevin və Sizin uzun illər bu münaqişənin həlli üçün apardığınız diplomatik mübarizə, bu müddət ərzində iqtisadiyyatımızın güclənməsi, ölkədə yaradılan sarsılmaz xalq-iqtidar birliyi bu gün Azərbaycan dövlətinin imkanlarını hədsiz dərəcədə artırmışdır. Məhz bu müdrik siyasətin nəticəsidir ki, bu günkü həssas məqamda Azərbaycan dövləti dost və tərəfdaş ölkələrdən, dünya birliyindən ciddi siyasi dəstək alır. Qarabağ məsələsində mövcud vəziyyətin dözülməzliyi şəraitində Sizin sərkərdəliyinizlə əks hücum əməliyyatlarının başlanmasını xalqımız müdrik, ardıcıl, cəsarətli qərar kimi alqışlayır. Ordumuzun şəxsi heyətinin ruh yüksəkliyi, on minlərlə vətəndaşımızın səfərbərlik xidmətinə könüllü olaraq müraciət etməsi, arxa cəbhənin ön cəbhə ilə nəfəs alması Sizin bu ədalətli qərarınızın hər bir Azərbaycanlı tərəfindən qətiyyətlə dəstəklənməsinin isbatıdır.

İnanırıq ki, 2016-cı ilin aprel zəfərindən, 2020-ci ilin Tovuz döyüşlərindən güc alan şanlı ordumuz ən yaxın müddətdə işğal altında olan torpalarımızı son qarşınadək azad edəcək, Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal altında olan bütün dədə-baba yurdlarımızda üçrəngli bayrağınmız əbədi dalğalanacaqdır.

Möhtərəm Prezident, ona da ürəkdən inanıram ki, mən də bu yaşımda nəvələrimlə birlikdə Sizin sərkərdəliyinizlə bu günlərdə işğaldan azad olunan Murov zirvəsindən aşaraq doğulduğum yurd-yuvaya qayıdacağam, ata-babalarımın məzarını ziyarət edəcəyəm.

Mən bir ağsaqqal kimi, bu şanlı döyüşlər zamanı şəhid olan övladlarımıza Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirəm.Eyni zamanda bir ağsaqqal kimi düşmənlə üz-üzə dayanan əsgərlərimizə xeyir-dualarımı yollayıram.

Möhtərəm cənab Prezident, bir daha əmin olun ki, xalqımız Sizinlədir, hər zaman qüdrətli dövlətimizin və onun rəhbərinin yanındadır. Tanrı Sizi qorusun. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Kəlbəcər rayon ictimaiyyəti adından dərin hörmət və ehtiramla,

Qənbər Qurbanov,

87 yaşlı Kəlbəcər sakini,

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının və Yazıçılar Birliyinin üzvü,

“Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədri

 

Müstəqil.Az

 

Share: