Qədim dünyanın mahir dənizçiləri – FİNİKİYALILAR

Vaxtilə Aralıq dənizinin şərq sahilində, hazırda Livan kimi tanıdığımız ölkənin və qonşu Suriyanın sahil  ərazisində  Finikiya adlı dövlət olub. Onun sakinləri bəşəriyyətə

çoxlu ixtiralar bəxş edib, müxtəlif sahələrdə ilklərə imza atıblar. Məharətli gəmiqayıranlar, mahir dənizçilər, istedadlı  sənətkarlar və zəngin tacirlər kimi tarixdə ad qoyublar.

Finikiya qədim dünyanın böyük dövlətləri –  Mesopatamiya, Misir  ilə müqayisədə “cırtdan” ölkə olsa da, Aralıq dənizində  “darğalığı” məhz onun gəmiləri edib. Gəmiqayırma işində özlərini  misilsiz ustalar kimi təsdiqləmiş finikiyalılar həm ticarət, həm də hərbi gəmiləri ilə şöhrətləniblər.

Qədim Misir ehramlarında rast gəlinən freskalar sözügedən gəmilər barədə kifayət qədər təsəvvür yaratsa da, məhz 1959-cu ildə Türkiyənin Antalya körfəzində Gelidonya burnu yaxınlığında aşkar edilən və hazırda Bodrumun Sualtı Arxeologiya Müzeyində sərgilənən ticarət gəmisi (e.ə. 1250-ci ilə aid edilir)  finikiyalıların  gəmiqayırma sənətində nail olduqları yüksək bacarığı əyani nümayiş etdirir.  Gəmini seyr edən ziyarətçilərdə   isə istər-istəməz qədim finikiyalılar barədə, onların gəmiqayırma və dənizçilik kimi mürəkkəb, özəl xüsusiyyətlərə malik sahələrdə necə və nəyin hesabına uğur qazanmaları  ilə bağlı çoxsaylı suallar yaranır ki, onları da cavablandırmaq üçün Finikiyanın özü ilə daha yaxından tanış olmaq gərəkdir.

FİNİKİYA

Aralıq dənizinin şərqindən Mesopatamiyaya qədər uzanan tarixi ərazi   Avropa ədəbiyyatından Levant sahili kimi məlumdur. “Levant” günəşin doğduğu yönə işarə edərək, latıncadan “meydana çıxma, yüksəlmə” anlamını verir.

Bu ərazi dağ silsiləsi ilə çəpərlənmiş ensiz torpaq zolağından ibarət olub, dəniz boyunca bir neçə yüz kilometr uzanır.  İndi həmin zolaq Suriya ilə Livan arasında bölüşdürülüb. Dağ sıraları bu ərazini bəzi yerlərdə kəsərək lap dənizə yaxınlaşır, keçmək üçün ancaq dar cığırlar qalır.

Qədim dünyanın qüdrətli dəniz dövləti Finikiya məhz burada, Levant sahilinin uzuluğu 200 km, eni isə 15-km-dən 50 km-dək olan bir parçasında yerləşibmiş. Ərazisinə görə müasir Avropanın “cırtdan” dövlətlərindən yalnız Lüksemburqla müqayisə edilə bilən Finikiya bununla belə,  Aralıq hövzəsi sahillərində ən çox koloniyalara malik olub.

Levant sahili qayaların küləklərdən daldalağı çoxsaylı körfəzləri ilə seçilib. Dağ silsilərini kəsən çayların mövcudluğu isə Ön Asiyanın içərilərinə döğru irəliləməyə imkan verib. Qədimdən bu ərazidə şəhərlər salınıb. Finikiyanın Arvad, Bibl, Sidon və Tir kimi əhəmiyyətli şəhərləri sözügedən sahil zolağının orta hissəsində yerləşib. Bu şəhərlər kiçik olsalar da,   eramızdan əvvəl II minillikdə məhz inkişaf edən şəhərlər kimi tanınıb. Finikiyalıların digər məskənləri, o cümlədən Berut (indiki Beyrut)  o zaman kənddən bir qədər böyük olub.

Finikiyalıların həyatında dəniz mühüm rol oynayıb. İlk növbədə, təhlükəsizlik baxımından. Livan dağları təbii sipər rolunu oynasa da, misirlilər və hettlər, assirlər və vavilonlular, yunanlar və romalılar mütəmadi olaraq dövlətli finikiyalılara “təşrif buyurublar”. Məhz  çətin anlarda düşməndən qaçıb dənizdə qorunmaq üçün finikiyalıların körfəzdə bu məqsədə xidmət edəcək gəmiləri hazır vəziyyətdə lövbərdə dayanırdı.

(ardı var)

Sevda Abdullayeva.
ASCO-nun

İctimaiyyətlə əlaqələr departamentinin

aparıcı mütəxəssisi

Share: