Cəhənnəmdə yer hazırla, Gəlirəm Allah, gəlirəm… – Arzu Göytürk

 

Müstəqil.Az istedadlı şair Arzu Göytürkün şeirlərini təqdim edir:

 

ALLAH HAQQI, DƏYMƏZMİŞ…
Ağlağan gözlərimi oyub, çıxaracağam,
Dərimi ilan kimi soyub, çıxaracağam,
Adını ürəyimdən yuyub, çıxaracağam,
Allah haqqı, dəyməzmiş…
Dodağını bal kimi, badam kimi sevirdim,
Mən səni Tanrım kimi, Xudam kimi sevirdim,
Mən səni adam bilib, adam sevirdim,
Allah haqqı, dəyməzmiş…
Ürəyimi unutdum, səndən ürək düzəltdim,
Öpüb gözümə qoydum, duzla- çörək düzəltdim,
Şeytanı sevə- sevə ondan mələk düzəltdim,
Allah haqqı, dəyməzmiş…
***
Sus, haqqı deyən, sus ki, bu millət oyanmasın,
Laylay de, yatıb illərdi cürət, oyanmasın!
Düşmən gözünə qorxu salıb,ağlağan etsin,
Öz torpağını erməniyə ərməğan etsin,
Getsin ərəbin torpağında ah -fəğan etsin,
Töksün pulunu çöllərə, qeyrət oyanmasın!
Sus, haqqı deyən, sus ki, bu millət oyanmasın!
Yaddaşı zəifdir, ərəbin yasını tutdu,
Babək niyə öldü? Kimlər öldürdü? Unutdu!
Yanmış ürəyin sonra da din ilə ovutdu,
Sus, düşməninə, nəbadə ,nifrət oyanmasın!
Sus, haqqı deyən, sus ki, bu millət oyanmasın!
Qışqırma,bağırma, qulağı kardı, oyanmaz,
İllərdi yatır, bəsirəti kordu, oyanmaz,
Zəbt eyləsə də ev-esiyin ordu, oyanmaz,
Qoy çəksin hələ yüz il də zillət ,oyanmasın!
Sus, haqqı deyən, sus ki, bu millət oyanmasın!
***
Basdırmayın torpağa
Çürütməyin cismimi.
Qara mərmər daşlara,
Həkk etməyin ismimi…
Qəlbi bahar olana,
Nə qış, nə qar yaraşmır.
Taleyi qaralara ,
Qara məzar yaraşmır.
Bükməyin ağ kəfənə,
Qan verər qəlb yarası.
Ağ kəfəni qaraldar,
Taleyimin qarası…
Qüsullama cismimi,
Ey mürdəşir, çək suyu !
Göz yaşım bədənimi ,
Paklayıb ömrüm boyu.
Qürur ,dözüm yazıldı
Mənim ömür yazımda.
Ata, bunları söylə
Cənazə namazımda…
***
Mən üsyankar bəndən idim,
Bilirəm Allah, bilirəm…
Cəhənnəmdə yer hazırla,
Gəlirəm Allah, gəlirəm…

Qəlb vermişdin, dağ qaytardım,
Qara saçı ağ qaytardım,
De, nəyini sağ qaytardım?..
Ölürəm Allah, ölürəm…

Düz gəlmədim bu aləmlə,
“Həyat adlı əqlikəmlə”,
Ömrümü verdiyin qəmlə,
Bölürəm Allah, bölürəm…

Məzlum düşəndə çətinə,
Üsyan etdim zillətinə,
Mən sənin “ədalətinə”,
Gülürəm Allah, gülürəm…

Mən üsyankar bəndən idim,
Bilirəm Allah ,bilirəm…
Cəhənnəmdə yer hazırla,
Gəlirəm Allah, gəlirəm…

Arzu Göytürk
Müstəqil.Az
Share: