Ənvər Ağazadə: “Hakimiyyət Tofiq Yaqubluya qarşı haqsızlığa son qoymalıdır”

Artıq altıncı gündür ki, Müsavat Partiyasının fəalı Tofiq Yaqublu ona qarşı haqsız məhkəmə qərarına etiraz olaraq, aclıq aksiyası keçirir və ədalətli hökm çıxarılmayana qədər aksiyanı dayandırmayacağını qəti şəkildə bildirir. Sosial şəbəkələrdən görürük ki, siyasi təşkilatlardan tutmuş sadə vətəndaşlara qədər böyük əksəriyyət Tofiq Yaqublunun azad olmasını istəyir. Dünən  vəkili T.Yaqublu ilə görüşüb, onun vəziyyətinin yaxşı olmadığını bildirib.

Ümid Partiyası sədrinin birinci müavini Ənvər Ağazadə Tofiq Yaqubluya qarşı məhkəmə qərarını pisləyib, bildirib ki, bu qərar ölkə daxilində vətəndaşın dövlətə güvənini, ölkə xaricində isə dövlətin imicini zədələyir.

Bu haqda Müstəqil.Az-a Ümid Partiyasının Mətbuat Xidmətindən məlumat verilib:

“Çox təəssüf ki, bizim ölkəmizdə məhkəmə qərarları vətəndaşların törətdikləri cinayətə görə deyil, onların hakimiyyətə münasibətinə görə çıxarılır. Tofiq Yaqublu haqqında çıxarılan məhkəmə hökmü bunun bariz nümunəsidir. Azərbaycanda fəaliyyət göstərən siyasi, ictimai təşkilatların əksəriyyəti, ictimai fəallar bu haqsız və ədalətsiz hökmə etiraz edir, beynəlxalq təşkilatlar bu hökmü ədalətsiz sayaraq, etirazlarını bildirir. Ölkədən kənarda yaşayan həmvətənlərimiz Tofiq Yaqubluya dəstək olaraq aksiyalar keçirirlər”, – deyə Ənvər Ağazadə höküməti bütün bunlara susmamağa çağırıb.

Partiya funksioneri qeyd edib ki, bütün bunlar dövlətin adına yazılır: “Dövlət adından çıxarılan ədalətsiz məhkəmə hökmü ölkə daxilində vətəndaşın dövlətə güvəninə, sevgisinə, ölkə xaricində isə dövlətin imicinə böyük zərbə vurur. Son məlumatlara görə onun saxlandığı müəssisənin rəhbərliyi Tofiq Yaqublunun aclıq aksiyasını psixoloji durumu ilə əlaqələndirmək istəyir. Bu, növbəti haqsızlıq və biabırçılıqdır. Bütün bunlar dövlətin adına yazılır. Ona görə də hakimiyyət dərhal bu haqsızlığa son qoymalı, Tofiq Yaqublunu azad etməlidir”.

Müstəqil.Az

 

 

Share: