Qoynuna girmişəm yetim uşaqtək, dərdin ətəyindən tutub qalxıram

Arzu NEHRƏMLİ

Gəlir

Dərd yüküm boyumdan uca,
Çəkdikcə, çəkdim doyunca,
Bəs deyilmiş hələ bunca
Biri də yoldadır, gəlir.

Bu da bir ömür çağıdır,
Çöl cənnət, içim ağıdır,
Cənazəm kəfən dağıdır,
Ruhumsa bal dadır, gəlir.

Arzu, bitirdin dözümü,
Dərdlərinin yox çözümü,
Çalışıb özü özünü,
Söz ilə, aldadır gəlir.

Dərd məni çəkir

Bu hansı səfərdir, hara gedirəm?
Ağlımda min fikir, başda min fikir.
Elə bilməyinki, üsyan edirəm,
Vallah, dərd çəkmirəm, dərd məni çəkir.

Ocaqda qazanım dərdə qaynayır,
Nə atəş anlayır, nə də su anır,
Bir az gec bişincə, tamarzı kimi
On günün acıtək ağzım sulanır.

Elə sığınmışam isti qucaqtək,
Hələ olmayıbdır dərddən yıxılam,
Qoynuna girmişəm yetim uşaqtək,
Dərdin ətəyindən tutub qalxıram.

Hələ açılmamış sirrəm, sualam,
Nə qədər cavablar pərt çıxıb gedib.
Deyirəm bir sabah mən necə ollam,
Birdən durub görsəm dərd çıxıb gedib.

 

İSTƏYİR

Hər igid balasın mübariz görüb,
Analar özünü öymək istəyir.
Savaş meydanından qalib qayıdıb,
Oğullar döşünə döymək istəyir.

Çəksin bu ürəklər yükü nə qədər,
Yurddaş yurd yerinə köçənə qədər,
Daşı ətəklərdən tökənə qədər
Adam şirin cana qıymaq istəyir.

Aman yox namərdə, alçaq xainə,
Kütləşər qılıncım girsə qınına,
Arzu bərk susayıb düşmən qanına,
İçib “xirtdəyəcən” doymaq istəyir.

Yoluna davam et, uğur, ürəyim

Elədən beləyə dərdə yol açdın,
Üstü ələk-vələk, yağır ürəyim.
Nə bir üsyan etdin, nə də ki, çaşdın,
Sındın, əyilmədin, məğrur ürəyim.

Hər gələn nə varsa, çəkdin üstünə,
Buna tab gətirməz nə köks, nə sinə,
Axı sən ürəksən, səs ver səsimə,
Bir dillən, bir danış, bağır, ürəyim.

Bir dəvə yükünlə karvan gəzirəm,
Axıdıb sellərə, saman gəzirəm,
Təzdən peşman olub aman gəzirəm,
Qorxuram çatlayar, yığır ürəyim.

Sən kökü dərində məzhəb imişsən,
Oxuna bilməyən sənəd imişsən,
A mənim güvəncim, sən nə imişsən?
Özü dünya boyda yumruq ürəyim.

Məndən çəkdiyini ud qram-qram,
Nə aldın, alırsan, bac alammıram,
Onsuzda səninlə bacarammıram,
Yoluna davam et, uğur, ürəyim.

Share: