Məğrur yerişi vardır, amma

Anadan aktyor olmaq üçün doğulub, son nəfəsinədək aktyor qalacaq. Xasiyyəti çox tünddür, xarakteri sərt olduğundan hər kəs onunla dostluq edə bilmir. Oynayır, boynuna götürdüyü rolu elə oynayır ki, nəinki rejissor, əsərin müəllifi də həsəd aparır…

Demirəm ki, dünyaşöhrətlidir, amma dünyanın bu küncündə izi qalacaq…

Mükəmməl insandır. Bunu onun özünə desəniz, o qədər xoşuna gələcəkdir ki, kövrək vaxtına düşsə sizi bağrına basıb, öpə də bilər…

Allahdan aşağı ucalığın zirvəsində onu görsəniz heç də məətəl qalmayın, o, öz yerindədir…

Tez hirslənir, amma tez də imana qayıdır. Bir məzlumu görəndə ürəyi dağlanır, içi göynəyir…

Gözəl təşkilatçılıq qabliyyəti vardır. Ürəkləri fəth edəcək xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə onunla ünsiyyətdə olan insanlar daha çox şahid olurlar…

Bəli, şanslı və uğurlu adamdır. Həyatda bacarmadığı nəsə yoxdur. Heç nə onun qarşısında əngəl ola bilməz. Hətta hər kəsi idarə edə biləcək qədər güclüdür. Dövlət onu dəfələrlə mükafatlandırıb. Hətta 2006-cı ildən Prezidentin fərdi təqaüdünü alır. Yəni beş adamdan pis yaşasa da, on beş adamdan irəlidədir. Amma nədənsə özündə güc tapıb bir ziyalı kimi xalqın çətin günlərində görünməyə can atmır…

Bəzən adamda tənbəl birisi təəssüratı yaratsa da aldadıcıdır, necə deyərlər, o, civə kimi qaynayır…

Məğrur yerişi vardır, amma sakit təbiətli, mənən çox sadədir. Zəngin dünya görüşünə, iti zəkaya sahibdir. Doğrudur, göstəriş verməyi xoşlasa da, özü icra edəndə daha məmnun olur…

Açıq danışmağı bacarır, nəsə xoşuna gəldikdə, bəyəndikdə, eyni zamanda nəyisə istəmədikdə və bəyənmədikdə bunu olduğu kimi qeyd etməkdən çəkinmir. Bəzən kimisə tərif edəndə onu utandıra biləcək səviyyədə şişirdə bilir…

Son dərəcə çalışqandır. Nə baş verirsə versin, hədəflədiyi nöqtəyə mütləq gedib çatacaq. Novator deyil, fəqət yenilikləri asanlıqla ram edə bilir…

Deyir ki, – “90-cı illərin əvvəllərində mən Slovakiyaya getmişdim və orada düz 10 ay yaşadım. Bəzən mən hüznlə nə qədər çox vaxt itirdiyimi düşünürəm, ən azından əlavə 10 filmdə rol ala, 10 tamaşada iştirak edə bilərdim… Ancaq bununla bahəm çox şey dərk etmişəm. Həqiqi nümunələr gətirim. Mənim hər şeyim vardı – ən prestijli rayonda gözəl evim, ən bahalı maşınlarım. Bir dəfə zülmət qış gecəsində yad bir səs məni yuxudan oyatdı. Eyvana çıxdım və gördüm ki, mənim dəbdəbəli villalarda yaşayan qonşularım aramsız yağıb yığılan qarı təmizləmək üçün əllərində bellələrlə işə girişiblər! “Bunlar nədir, anormaldırlar, səhəri gözləməyə bilməzdilər bəyəm?”, – deyə düşündüm və yatmağa getdim.
Səhər 8-də mən ofisə getməliydim, evdən çıxanda isə maşını qarajdan çıxara bilmədim, çünki qapının qarşısında qar anbarı vardı. Ətrafda hər yan isə tər-təmiz idi… Vacib görüşə çatmaq üçün ofisin avtomobilini çağırmalı oldum. Axşam qonşularda təmizlik hökm sürürdü, mənim qarım isə daha da yuxarı qalxmışdı. Gecə üçdə mən yerimdən qalxdım, əlimə bel götürdüm və bütün qarı təmizlədim, səhər qarajdan maşınımla çıxanda, bütün qonşular məni gülüşlə yola salırdılar. Mən anlaşılmaz əcnəbi deyil, onların ənənəsinə qəbul edən bir insana çevrilmişdim.
Yadımdadır bir dəfə avropalı ustaların drellərinin arxasında tozsoran olduğunu görəndə necə təəccüblənmişdim! Bu bizim ağlımıza niyə gəlməyib deyə düşünmüşdüm?! Bu ki çox asandır!”

Dostluq, yoldaşlıq etməmişəm, amma çox yaxşı bilirəm ki, dostluqda sədaqətli, yoldaşlıqda səxavətlidir…

Hər bir insan Allahın əsəridir, onun həyat ssenarisini də Allah yartdığı andan yazıb. Bilmirəm, kim necə düşünür, mən haqqında söhbət açdığım Fəxrəddin Manafovu öz dəsti xətti olan bir aktyor kimi tanıyıram. Biz gəldi gedərik, Azərbaycan daim yaşayacaq və onun hopduğu filmlər Azərbaycan qədər əbədi olacaq…

Avqustun 2-si Onun doğum günüdür, 65 yaşı tamam olur. Ahıllığın astanasındadır, üzü CƏNNƏTƏ hələ yolu uzundur…
Yeni yaşınız mübarək, Fəxrəddin Manafov!

Elman Eldaroğlu

Share: