Türkiyə-Azərbaycan hərbi təliminin bu formada keçirilməsi göstərir ki… – Müsahibə

Teleqraf.com saytının suallarını hərbi ekspert Azad İsazadə cavablandırıb.

Müstəqil.az onunla müsahibəni təqdim edirik:

– Azad müəllim, Azərbaycan və Türkiyə quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə iyulun 29-dan avqustun 10-dək birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimlərinin keçirilməsini necə qiymətləndirirsiniz?

– Sözsüz ki, çox yüksək qiymətləndirirəm. Digər tərəfdən deməliyəm ki, hər bir hərbi təlim öz-özlüyündə bir neçə məqsəd güdür. İlk növbədə sözsüz ki, iki dost ordunun birgə əməliyyat keçirmək təcrübəsi yaranır, idarəetmə sistemləri üst-üstə gəlinir. Çünki onlar istər-istəməz fərqlənir. Amma hər bir təlimin arxasında hərbi-siyasi məqam da var; güc və dostluq nümayişi. Belə təlimlər adətən planlı olur. Amma konkret indiki məqamda biz başa düşməliyik ki, Azərbaycanla Türkiyənin birgə keçirdiyi təlim düşmən tərəfə bizim bir yerdə olduğumuzu nümayiş etdirir və lazım olarsa, birgə əməliyyatlar keçirə biləcəyimizi göstərir. Bu birgə əməliyyatlara antiterror əməliyyatı, enerji təhlükəsizliyinin təmin olunması və sair əməliyyatlar daxil ola bilər. Təsadüfi deyil ki, təlimlər təkcə Bakıda deyil, Naxçıvanda da keçirilir. Naxçıvan bizim üçün ən vacib nöqtədir. Çünki ermənilər Naxçıvana periodik olaraq iddialar səsləndirirlər və orada periodik olaraq təxribatlar olur. Amma hərbi təlimin bu formada keçirilməsi göstərir ki, Türkiyə Azərbaycana istənilən vaxtda, istənilən yerdə kömək etməyə hazırdır.

– Təlimin miqyası, yəni, cəlb olunan hərbçilərin və hərbi texnikanın sayı barədə fikirlərinizi bilmək istərdik…

– Təlimlərə cəlb olunan hərbçilərin və hərbi texnikanın sayı çox da fərqli deyil. Bəzi məqamlar fərqlənir. Sözsüz ki, hər dəfə eyni təlimlər keçirilmir. Hər bir təlim digər təlimdən necəsə fərqlənir. İstər miqyas, istərsə də texniki və sair baxımdan. Bu, genişmiqyaslı bir təlimdir. Digər təlimlərdən çox da fərqlənmir. Amm yaranmış hazırkı vəziyyətdə bir qədər də genişdir.

– Bu yaxınlarda Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin qəfil yoxlanışları həyata keçirildi. Rusiya tərəfinin bu qəfil yoxlanışlarının Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində baş verən gərginliklə bağlı olduğu daha çox ehtimal edilirdi…

– Rusiyanın cənub və qərb regionunda keçirəcəyi “Qafqaz” adlı planlı geniş hərbi təlim sentyabr ayında olmalıdır. İndi keçirdiyi heç də planlı deyil. Çünki elə Rusiya mətbuatında izah olunmuşdu ki, Rusiya Silahlı Qüvvələrinin Ali Baş komandanı Vladimir Putin Cənub Hərbi Dairəsinin hərbi hazırlığının qəfil yoxlanılmasına dair əmr verib. Deməli, bu planlı təlim deyil. Planlı – daha böyük, daha genişmiqyaslı təlim qeyd etdiyim kimi avqustun axırı, sentyabrın əvvəlində olacaq. Qəfil yoxlama sırf Ermənistan-Azərbaycan sərhədində baş verən təxribatdan sonra Rusiyanın əsasən bu regiona yaxın qüvvələrinin hazırlığını yoxlatdırmaq məqsədi güdürdü.

– İndiki Türkiyə-Azərbaycan təlimləri həmin qəfil yoxlanışa bir növ cavab kimi qiymətləndirilə bilərmi?

– Sözsüz ki, mümkündür. Türkiyə-Azərbaycan hərbi təlimləri planlı təlim idi. İntəhası, bəlkə onun tarixi reallıqla əlaqədar olaraq bir balaca dəyişdirilib. Türkiyə və Azərbaycan arasında hər il hansısa birgə təlimlər keçirilir. Hava qüvvələrinin, radioelektron qüvvələrinin, artilleriyanın təlimləri baş tutur. Elə budəfəki təlimlərə də iki ölkə ordularının şəxsi heyəti ilə yanaşı zirehli texnikası, artilleriya qurğuları və minaatanları, Hərbi Hava Qüvvələrinin döyüş və nəqliyyat helikopterləri, həmçinin, hava hücumundan müdafiə və zenit-raket bölmələri cəlb edilib. Ola bilsin ki, bu təlim də planlı təlimdir. Sadəcə ola bilsin ki, plandan kənar daha genişmiqyaslı etmək qərarına gəliblər və məncə, tarixi də bir qədər dəyişiblər. Amma mənim dəqiq məlumatım, o plandan xəbərim yoxdur. Bütövlükdə, Azərbaycan-Türkiyə təlimləri praktiki olaraq hər il keçirilir.

Səxavət Həmid

Share: