Ümid Partiyası son olaylarla bağlı bəyanat verdi

14 iyulda Qarabağa dəstək yürüşünün sonunda baş verən hadisələrin heç də ürəkaçan olmadığı qənaətindəyik.

Müstəqil.Az xəbər verir ki,  Ümid Partiyasının yayınladığı bəyanatda belə deyilir.

Bəyanatda daha sonra qeyd olunur: “Lakin hesab edirik ki, baş verən hadisələri dramatikləşdirmək, olaylarda dövlət çevrilişi və ya hakimiyyəti zəbt etmək elementləri axtarmaq nə yürüşün fəlsəfəsi, nə də iştirakçıların hərəkətləri ilə adekvat deyil.

İqtidar baş verən qanunsuzluqlara görə müxalifət partiyalarının üzvlərini ittiham etməklə cəmiyyətdə qarşıdurma mühitini dərinləşdirir. Xüsusilə, AXCP üzvlərinin həbsi və ittiham edilməsi bizi ciddi narahat edir.

Hakimiyyət nümayəndələrinə və hüquq mühafizə orqanlarına səslənirik:
Həbs olunanlar dərhal azadlığa buraxılsın, cinayət təqibi dayandırılsın. Qarabağ yürüşünə çıxan insanların emosiya və hissləri torpaqlarımızın işğaldan azad olunması istiqamətində istifadə olunsun. Təxribat elementləri ilə bu müqəddəs hisslərə ləkə vurulmasına imkan verilməsin.
Düşmənə bu kimi hallardan istifadə etmək üçün fürsət verilməsin, beynəlxalq təzyiqlər üçün şərait yaradılmasın.
Ən başlıcası, siyasi mövqeyindən asılı olmayaraq heç bir vətəndaşımız Qarabağ sevgisi və istəyinə görə, hətta emosional davranıbsa belə, cəzalandırılmasın, rəqibləri sıradan çıxartmaq üçün fürsət axtarılmasın.

Hamını Azərbaycanımız adına milli birliyə dəvət edir, hakimiyyətdən həbs olunanların azad olunmasını və onlara qarşı cinayət təqibinin dayandırılmasını xahiş və tələb edirik.

Azərbaycan Ümid Partiyası.”

Share: