” Qiyamçı general ” – Kəmalə Səlim MÜSLÜMQIZI yazdı

Cövhər Dudayev çeçen hərbçisi, siyasətçisi, dövlət xadimi və  Çeçenistanın ilk prezidenti olub. Aviasiya general-mayoru, çeçenlərin SSRİ ordusundakı yeganə generalı olub. Sovet tarixinə Strateji Hava Quvvələrində tümən komandiri olmağı bacaran ilk müsəlman kimi adını yazdırıb.

 1979-1989 -cu illərdə Əfqanıstan müharibəsinin iştirakçısı olub.


Çeçenistanın Yalho kəndində anadan olub. 23 fevral 1944-cü ildə ailəsi Qazaxıstana sürgün olunarkan o, 15 günlük (bəzi mənbələrdə 8 günlük )  körpə olub.
Uşaqlıq illəri çox çətin keçib. Orta təhsilini orada tamamlayıb. 1962-ci ildə Tambov Təyyarəçilik Akademiyasından, 1966-cı ildə isə Uzaq Məsafə Təyyarələri üçün Pilot və Mühəndis Yetişdirilməsi Akademiyasından məzun olub.

1974-cü ildə Yuri Qaqarin adına Hərbi Hava Akademyasını da bitirən Cövhər Dudayev birinci sinif pilot və mühəndis ünvanını qazanıb. Keçmiş SSRİ hökuməti tərəfindən 12 medalla təltif edilib. Tümgeneral vəzifəsinə yüksəlib.

Çeçenistanın dövlət başçısı olmazdan əvvəl Baltikyanı respublikalarda cərəyan edən istiqlal mücadiləsini yatırmadığı üçün “qiyamçı general” adlandırılıb. Belə ki, 1989-cu ildə Estoniyada Strateji Hava Quvvələri Komandanlığında görəvdəykən Baltikyanı ölkələrdə başlayan azadlıq hərəkatının zor gücünə yatırılması üçün Moskvadan əmr alıb. Ancaq o, “yurdunun azadlığı üçün mücadilə edən bir xalqın üstünə bomba atmaram” deyərək əmri yerinə yetirməyib. Moskva isə bu itaətsizliyi həzm edə bilməyib və Cövhər Dudayevi cəzalandıraraq əsgərlərilə birlikdə Cövhərqalaya sürgünə göndərib.  1990-cı ilin mayında vəzifəsindən istefa verib.

1990-cı ilin noyabrında Çeçen Xalqının Qurultayına dəvət edilib və sonradan “Çeçen Beynəlxalq Konqresi” adını almış xalq məclisinin İdarə Heyətinin sədri seçilib.

 1991-ci ilin 19-21 avqustunda keçmiş SSRİ-nin prezidenti Mixail Qorbaçovu hakimiyyətdən yıxmaq üçün düzənlənmiş əməliyyatın önündə gedənlərdən biri olub, Rusiyanın 11 dekabr 1994-cü ildə Çeçenistana qarşı başlatdığı işğal və soyqırım hərəkətinə qarşı Cövhər Dudayev “Son çeçen canını vermədən ruslar ölkəmizə hakim ola bilməz” deyərək xalqına “Cihad” əmrini verib. Onun rəhbərliyi altındakı çeçen xalqı iki ilə yaxın sürən şanlı bir istiqlal mücadiləsi verib və 1996-cı ilin mayında Çeçenistan tamamilə ruslardan təmizlənərək Qafqaz tarixinə yeni bir “qızıl səhifə” yazıb.

O deyirdi: “Üzərimdəki uniformam kəfənimdir, şəhadətə hazıram. Şəhidliyi rütbə və şərəf olaraq qəbul edirəm. Qanımın son damlasınadak ölkəmin azadlığı və millətimin hürriyyəti üçün savaşmağa hazıram”.
Rusların dəfələrlə onu öldürmək istəyi boşa çıxırdı. Bill Klintonun Yeltsinlə sıcaq münasibəti sonucunda NSA Dudayevin telefonuna nəzarəti ələ keçirir, koordinatlar müəyyənləşdirilir və 21 aprel 1996-cı ildə ruslar Cövhər Dudayevin olduğu yeri raketlə vururlar və çeçen xalqının qəhrəmanı şəhid olur.
1996-cı ildə Latviyanın paytaxtı Riqa şəhərinin Purvtsiems rayonundakı Kosmonavtika küçəsi Cövhər Dudayevin adı ilə adlandırılıb.
C. Dudayevin xatirəsinə qoyulmuş ilk xatirə lövhəsi 20 iyul 1997-ci ildə Tartu şəhərində (Estoniya) Barclay otelinin divarında asılıb.  Üzərindəki yazıda deyilir:
Çeçenistanın İçkeriya Respublikasının ilk prezidenti, general Djoxar Dudaev 1987-1991-ci illərdə bu evdə işləyib.
Bosniya və Herseqovinada adına küçə verilib.
Latviyanın paytaxtı Riqada 1996-cı ildə onun şərəfinə xiyaban salınıb.
Poltavanın Nikitçenko küçəsində xatirə lövhəsi asılıb.

p.s

1. Azərbaycanda da Dudayevin şərəfinə ürəklərində abidə ucaldanlar var 
2. Dudayev “cihad” deyib xalqı üçün, İçkeriya üçün vuruşdu. Kaş bizim ortalıqda boy göstərən generallarımız  onun kimi qərar verə biləydi.
3. Döyüşlərdə ağır yaralanmış oğlu da daxil olmaqla üç övladı Baltikyanı ölkələrdə, ələlxüsus da Riqada yaşayırlar.
4. Biz tribunalarda, pafoslu çıxışlarda onlarla qardaş xalqıq.
4. Rusiya bizim şəhid edilən hərbçilərimizi hansı agent (lər) inin əlilə aradan götürdü? Buna aydınlıq gətiriləcəkmi?..

Kəmalə Səlim MÜSLÜMQIZI

Share: