Bakıdakı güclü yanğınla bağlı son məlumat – Video

Bakıda güclü yanğın baş verib.

Müstəqil.Az xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Yanğın zamanı bir neçə dəfə partlayış səsi eşidilib. Hadisə yerinə çox sayda yanğınsöndürmə briqadası cəlb edilib.

***

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda “Sobsan” boya fabrikinin ərazisində yanğın olması barədə məlumat daxil olub. Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Yanğın zamanı baş verən partlayışların 25 tonluq çənlərdə baş verdiyi bildirilir. Buna görə də yanğın daha geniş ərazini əhatə edib.

Daha bir neçə çəndə partlayışın baş verməsi gözlənilir.

Əraziyə Bakı şəhər üzrə 4 rayonun yanğından mühafizə bölmələri cəlb edilib. Əraziyə bir neçə təcili yardım maşını gətirilib.

Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş verdiyi ərazidə Qərargah yaradılıb. Qərargahdan bildirilib ki, yanğın 700 kvadratmetr ərazini əhatə edir.

Əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin 32 texnikası və 160 canlı qüvvəsi cəlb edilib.

Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları 20:12-də çıxış edib və ilk yanğınsöndürən maşın 20:19-da hadisə yerinə çatıb.

Hazırda Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən ərazidədir.

****

Yeni məlumata əsasən, hadisə yerinə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov da gəlib.

***

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən təxirəsalınmaz tədbirlər davam etdirilir.

Hazırda Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov hadisə yerindədir.

***

İyulun 4-də Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın məhdudlaşdırılıb.

Hazırda Fövqəladə Hallar Nazirliyinin texnikası və qüvvələri tədbirləri davam etdirir.

***

Ən son məlumata görə, yanğın zamanı 6 nəfər xəsarət alıb. Onlardan 5-i yanğınsöndürəndir.

Yanğının söndürülməsinə 300 FHN-çi və 50 texnika cəlb edilib. Alov 2,5-3 min kvadratmetr sahəni əhatə edib.

***

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonu ərazisində yerləşən “Sobsan” boya fabrikində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən tam söndürülüb.

Share: