İlham Əliyev Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti haqqında

“Bu münaqişə Azərbaycan Xalq Cəbhəsi hakimiyyətinin acı mirasıdır. Çünki məhz onların xəyanətkar fəaliyyəti nəticəsində torpaqlarımız işğal altına düşüb. Bunu hər kəs bilməlidir”.

Müstəqil.AZ bildirir ki, bunu Prezident İlham Əliyev iyunun 25-də Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışından sonra hərbçilərlə görüşü zamanı nitqində deyib.

Dövlət başçısı bildirib: “Şuşanın işğalı böyük faciə idi. O vaxt Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi. Azərbaycan Xalq Cəbhəsi istənilən yollarla hakimiyyətə gəlmək istəyirdi. O, əvvəlki hakimiyyəti yıxmaq üçün ən çirkin, ən xəyanətkar əməllərə əl atdı, Şuşanı ermənilərə təhvil verdi. Hərbçilər yaxşı bilirlər, Şuşa alınmaz qaladır. Onu almaq mümkün deyil. Onu təhvil verdilər, satdılar ki, hakimiyyəti yıxsınlar, hakimiyyətə gəlsinlər. Əfsuslar olsun ki, belə də oldu. 1992-ci ilin mayında Şuşa və Laçın işğal edildi, Xalq Cəbhəsinin dəstələri qanunsuz yollarla hakimiyyətə gəldi. Ondan sonra nə etdilər? Ondan sonra ölkəmizi dağıtmağa başladılar. İşğal edilmiş torpaqlar qaldı bir yana, onlar isə talançılıqla, rüşvətxorluqla, oğurluqla məşğul idilər, kabelləri kəsib satırdılar. Kütləvi talançılıq baş alıb gedirdi. Nəticədə bir tərəfdən xalq buna dözmədi, digər tərəfdən 1993-cü ilin aprelində Ermənistan Kəlbəcəri işğal etmişdi. Qanunsuz yollarla hakimiyyətə gəlmiş həmin xəyanətkar Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti Kəlbəcəri Ermənistana təhvil verdi və ondan sonra Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yarandı. Artıq gediş-gəliş və silah-sursat, texnika və təchizat başlamışdı. Ondan sonra nə etdilər? Torpaqları müdafiə etmək əvəzinə qardaş qanını axıtdılar, vətəndaş müharibəsini başladılar, Gəncəni bombaladılar. Azərbaycan əsgərlərini əsir götürmüşdülər. Orada torpaqlar əldən gedir, burada bir-birini qırırlar ki, hakimiyyətə gəlsinlər. Məhz bunun nəticəsində torpaqlarımız işğal altına düşdü”.

Ptezident qeyd edib ki, əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bilmək olmur Ermənistan hələ haraya qədər gəlib çıxa bilərdi: “Ona görə bu tarixi hər kəs bilməlidir. Bu işğal Azərbaycan Xalq Cəbhəsinin xəyanətkar və satqın hərəkətlərinin nəticəsidir. Xalq onlara dözmədi, qaçıb getdilər. Buna nə ad vermək olar? Ancaq fərarilik. Prezident fərarilik edib, qaçdı Kələkiyə. Yaxşı, sən Ali Baş Komandansan, ölkə müharibə şəraitindədir. Sən xalqı, dövləti, dövlətçiliyi qorumalısan. Gecə ilə gizlin təyyarəyə minib, uçub Naxçıvana, oradan gedib oturub Kələkidə. Buna nə ad vermək olar? İndi buna bəraət qazandırmaq istəyənlərə üz tutub deyirəm. Nə ad vermək olar buna? Qorxaqlıq, satqınlıq, fərarilik. Başqa ad yoxdur. Hamı da bunu bilməlidir. O birilər nə etdilər? O vaxtkı dövlət katibi indi özünü guya müxalifət adlandırır. Amma o hansı müxalifətdir Azərbaycan xalqı yaxşı bilir. Onların tərbiyəsi, mərifəti, addımları nədən ibarətdir, indi bütün vətəndaşlar internetdə görürlər.

Mən demişəm ki, Azərbaycanda nə qədər pis olsa, onlar üçün o qədər yaxşıdır. Görün, nəyə sevinirlər? Sevinirlər ki, neftin qiyməti 14 dollara düşüb. Buna kim sevinir? Bir Ermənistan, bir də özünü müxalifət adlandıran bu antimilli şura. Neftin qiyməti 14 dollara düşəndə axı, insanlar bundan əziyyət çəkəcək, problemlər yaranacaq, sosial sahədə problemlər yaşana bilər, iqtisadiyyatımız yavaşıyar. Amma bu, onların işinə yarayır, Azərbaycan üçün nə qədər pisdir, onlar üçün o qədər yaxşıdır. Bax, onlar o vaxt da bu prinsiplə yaşayırdılar. Ona görə torpaqlarımızı əldən verdilər. Dövlət katibi o vaxt prezidentlə bir yerdə fərarilik edib. O da getdi gizləndi Kələkidə. Parlamentin sədri fərarilik etdi. Onlar fəraridirlər, satqındırlar, xaindirlər. Hər kəs bunu bilməlidir, heç kim bunu unutmamalıdır”.

Müstəqil.AZ

Share: