“Şeş də dəyir, yek də dəyir xətrimə…” – Ayaz Arabaçı, Murad Köhnəqala

AYAZ ARABAÇIYA:
(Murad Köhnəqala)
 
Dağlar oğlu, elə kövrək olmuşam
Con da dəyir, Cek də dəyir xətrimə
Bir arayış alammıram nə vaxtdı
Komunal da, JEK də dəyir xətrimə.
****
Varı olan papağı yan eyləyir
Olmayanlar ahu-fəğan eyləyir
Marketlərdə qiymətlər qan eyləyir
Kassalarda çek də dəyir xətrimə.
***
Fəhmi olur, zənni olur hər gözün
Zərgər kimi seyr edirsən sən özün
Nə şairin qiyməti var, nə sözün
Oğru-quldur, zek də dəyir xətrimə
***
Çox vaxt həyat alçaqlara tac verir
Ömrüm bu cür zülümlərə bac verir.
Zər də qısıb quyruğunu gec verir
Şeş də dəyir, yek də dəyir xətrimə
***
Qəzəblənib şimşək kimi çaxıram
Durulanda rəvan-rəvan axıram
Ta, həyata multfilm tək baxıram
Tərs kimi Şirek də dəyir xətrimə.
 
 
Murad Köhnəqalaya:
(Ayaz Arabaçı)
 
 
Köhnəqalam,hələ məni demirsən,
“Şup” da dəyir,”şap” da dəyir xətrimə.
Dost-tanışın yava-yava sözləri,
Nöş dəymir ki,lap da dəyir xətrimə.
 
Xatirələr dəyib-dəyib saralıb,
Ağ günlərim doxsan faiz qaralıb,
Bu aralar səbrim tamam daralıb,
Söz də dəyir, gap da dəyir xətrimə.
 
Aşammıram balaca bir gədiyi,
Heçə çıxır haqq babanın dediyi,
Yalaqların efirlərdə yediyi,
Zəhər-zəqqum “hap” da dəyir xətrimə.
 
Sən yaxanı bu mövzudan çək,elə,
İmam qoyma,seyid qoyma şəkk elə,
Qurtarmır ki,iynə-biznən tək,elə,
Hətta bəzən sap da dəyir xətrimə.
 
Düzəldərmi Tramp verən rəy bizi,
Yaşatmadı arzu bizi,səy,bizi..
Yedizdirir itlərinə bəy bizi,
“Tut” da dəyir,”qap” da dəyir xətrimə.
 
Bürüyübdü qatı duman çən məni,
Tanımadım aynada da mən,-məni..
Xarabada rahat burax sən məni,
Güvəndiyin YAP da dəyir xətrimə…
Müstəqil.Az
Share: