Siyasi oyunlar Quruluşun mayasındadır

Soylu ATALI

Dünyada baş verən olaylar olduqca mürəkkəb durumlar ortaya çıxarır. Bu durumlara baxışlar da olduqca qarışıq-dolaşıq, çoxçeşidli, mürəkkəb xarakterlərlə özünü göstərir. Yəni baxışların xarakterik açıları çox fərqlidir. Bu da onunla bağlıdır ki, bütün yanaşmalar, başlıca olaraq, günsəl xarakter daşıyır.

Başqa sözlə, yanaşmalar, sərgilənən baxışlar olayların sınırlarından qırağa çıxmır, dar çərçivədə təhlillər aparılır. Deyək ki, ictimai, iqtisadi, sosial Quruluşun mahiyyətinə toxunulmur. Hər şey mövcud Quruluşun içində axtarılır, araşdırılır, mövcud Quruluşun tələblərinə uyğun davranılır. Ancaq istəklər daha geniş olur. Məsələn, elə böyük azadlıqlar istənilir ki, bunu ödəmək, çox hallarda mümkünsüz olur.

Məsələn, bir ölkənin içində vətəndaşlar öz dövlətlərindən hər şey istəyir. Haqqı da var, dövlət vətəndaşının azadlığını hər yöndən təmin etməlidir. Ancaq necə?! Bunu dövlət hansı əsaslarla eləməlidir, ya da eləyə bilər?! Bu zaman vətəndaş ödəyənin, yəni dövlətin hansı ideoloji baza üzərində qurulduğunun fərqinə varmır. Bütövlükdə götürəndə hansı Quruluşun tələbləri ilə formalaşdığını götür-qoy eləmir. Sual oluna bilər: axı Vətəndaş bu deyilənləri bilməli, gözə almalıdırmı?! Bizə görə vətəndaşın düşünməli olduğu məsələlər də var, düşünməyə borclu olmadığı məsələlər də. Ancaq elə bir dönəmdə, elə bir Quruluşda yaşayırıq ki, insana qarşı normal münasibətlər mövcud deyil. Yəni ədalətli, qanunla nizamlanan yönətim olmadığına görə yaşamaq uğrunda, həqiqət, ədalət uğrunda mübarizə aparmaq qaçılmazlığa çevrilir. Yəni vətəndaş əngəlləri tanımalı, onunla mübarizə aparmalıdır ki, istəkləri ödənsin. Normal sivilizasiyada, normal İnsani bir quruluşda yaşasaydıq, dövlət vətəndaşın haqqını qoruyardı. Vətəndaş da öz ömrünü yaşayardı, ən adi, doğal haqları uğrunda gücünü, enerjisini tükətməzdi. Bütün bunlara görədir ki, toplumumuzda tez-tez hallandırırlar ki, insanlarımız öz hüquqlarını bilmirlər. Hüquq qanunlarla təsbit olunan bir məsələdir. Bir daha vurğu edirik, normal bir dünyada yaşansaydı, hər bir insandan bu qanunları bilməsini ummaq heç də normal görünməzdi. (Bax, yaşadığımız Quruluşun xarakterinə görədir ki, bu yanaşmalara biranlamlı qiymət vermək olmur). Məsələn, biz deyə bilərik: hüquq, qanunvericiliyin yönləri insanlara yüksək oxullarda öyrədilir. Bir ölkənin toplumu da ucdantutma yüksək oxulları qurtarmırlar. Belə olan halda, nədən hər kəsdən hüququ bilmək umulmalıdır?! Axı yüksək oxulları bitirib işə düzəldənlərə yönətim etibar olunur. Onlar toplumun qulluğunda durmalı, onların hüquqla bağlı bütün işlərini ədalətli şəkildə yoluna qoymalıdırlar. Deyək ki, sadə əməkçinin də zəhmətindən tutulan gəlir vergisi ilə hüququ bilməli olanlara aylıq-donluq ödənilir. Ona görə hüququ bilənlər hüququ bilməyənlərin qarşısında borcludurlar. Ya da, əgər sadə insanlardan ən adi, təbii haqlarını bilmək umulursa, onda maarifləndirici bazalar, qurumlar yaradılmalı, bu işi üzərinə götürməlidir. Çünkü dövlət öz işinin öhdəsindən gəlmir, vətəndaşla dövlət arasında yadlıq yaranır. Bununla da yeni qüvvə ortaya çıxıb vətəndaşlardan mübarizə təpəri umur. Bu mübarizəni də aparmaq üçün bəlli bir biçimdə hüquqları bilmək gərəkir. Yuxarıda isə vurğuladıq ki, hüquqları bilmək yüksək oxullarda öyrədilir. Deməli, mübarizə meydanına çağırılanlar toplumun aktiv, üzdə olan kəsimidir. Bəs onları mübarizəyə kim çağırır, necə çağırır? Ya da mübarizənin qlobal hədəfləri nədir?! Axı nə dəyişir, necə dəyişir, ya da nəyin əsasında dəyişikliklər ortaya gələcək?!

Üzdən baxanda  bütün bu suallar, onların cavabları bir-birini danır (təkzib edir), bir məntiq o biri məntiqi yalanlayır. Bununla belə, hər hansı bir yanaşma, eyni halda, həm haqlı, həm də haqsız ola bilməz. Bəs nədən yaşamımızı oluşduran məsələlər bir-birinə tərs görünür, sərgilənən mövqe bir yerdə haqlı, başqa yerdə haqsız görünür?! Bu məsələlər bütövlükdə toplumun yaşamına yansıyır. Yəni elə bir məsələ yoxdur ki, bütün toplum ondan ya tam razı olsun, ya da tam narazı olsun. Toplumun bir hissəsinin razı olduğu məsələdən o biri hissəsi narazı olur. Bax, bunun adına demokratiya deyirlər – söz, düşüncə azadlığı. Ancaq toplumun bir kəsiminin sözü, düşüncəsi o biri kəsim üçün doğru deyilsə, onda hansı kəsimi demokrat saymaq, onun baxışını ölçü götürmək gərəkdir?! İkinci bir yandan, axı bir kəsim o biri kəsimin baxışlarını könüllü olaraq qəbul etmir, etməyəcək. Ya da bir kəsimin baxışını haqlı sayıb, o birisinə bunu qəbul etdirmək gərəkirsə, bunun adı nədir – Diktatorluqmu?! Yox! Deyirlər belə olanda məsələni səs çoxluğu yoluna qoyur. Bəs səs çoxluğu nədir, yuxarı qalxan əl çoxluq təşkil eləyər, ancaq çox əl həqiqəti əmələ gətirmir axı. Deməli, 10 dənə oğru əl yuxarı qalxırsa, bir dənə doğru əl yenilməli, yalan sayılmalıdır. Lap elə götürək Azərbaycanın Qarabağ sorununu. Hər kəs bilir ki, bu məsələnin çözümünə güclülər əngəl olurlar. Onların səsi çoxdur. Çox səs deyir, qan tökmək olmaz, məsələ barış yolu ilə çözülməlidir. Bunun üçün qovğa edənlərin hər ikisi, yəni həm Azərbaycan, həm də Ermənistan demokratik prinsiplərlə davranmalıdırlar, öz ölkələrində demokratiyanı tam oturtmalıdırlar. Tutaq ki, onların dediyi kimi, Azərbaycanda da, Ermənistanda da demokratiya tam oturuşdu, nə baş verəcək? Azərbaycanmı Qarabağdan vaz keçəcək, yoxsa Ermənistanmı Qarabağı boşaldacaq?! Yoxsa, demokratiya qurbanlar hesabına əmələ gəlib oturuşmalıdır deyəcəklər?! Yəni ideologiyanın oturuşmasına qurbanlar vermək olar, vətəni azad eləməyə yoxmu?! (Ona görə yuxarıda vurğu elədik ki, üzdən baxanda məsələlərin bir-birinə tərs görsənməsi çox doğal görünür). Bəs demokrat olmaq üçün qurbanlar necə verilməlidir, nədən verilməlidir?! Bununla bağlı bir misala baxaq. Sovetlər dağılandan sonra Batı Güney Qafqazda həryönlü oturuşmaq planlarını işə saldı. Azərbaycanda, Gürcüstanda daha çox qabağa getdi. Ancaq bu istəyi Ermənistanda özünü doğrultmadı. Çünkü Ermənistanda Rusiyanın hərbi varlığı mövcuddur. Uzun çağlardan sonra guya Batıyönlü bir kadr hazırlayıb Ermənistanda hökümətin başına gətirdilər. Ermənistanın sivil dünyanın yanında görünməsi üçün Nikol Paşinyan kimi bir “demokrat”ın hökümətin başına gətirilməsi gərəkmiş. Rusiya diktatura rejimli olduğuna görə Ermənistanı öz vassalı kimi saxlayır, Ermənistanı inkişafdan geri qoyur, geri qalan Ermənistan blokadadan çıxa bilmir i.a. Ancaq bu “demokrat” Paşinyan Azərbaycanı hədələyir, Qarabağı heç vaxt qaytarmayacağını bəyan edir. İndi Avropadan soruşsan ki, sənin “demokrat” kadrın işğalçılıqdan geri durmur. Ola bilər cavabı bu olar: erməni toplumu demokratiyadan çox uzaq olduğuna görə, Paşinyan hələlik onun dilində danışmaq zorundadır. Ancaq Paşinyanın elə bir gücü yoxdur ki, sonacan Batıyönlü olsun, ya da görünsün. Demək, bu da Batı üçün bir aşamadır. Paşinyanları ortaya atırlar, alınar, lap yaxşı, Güney Qafqazın içinə bir az da irəliləmiş olurlar. Alınmaz, bir qurban da öz işini başa çatdırmış olur. İstənilən halda, “demokratiya qurbanlarla başa gəlir” deyimi özünü doğrultmuş olacaq. Yenə də ziddiyyət – həm barış yolu, həm də qurbanlar… Bəs necə olsun?! – Bizim istəyimiz Millilikdir, Millətləşmədir. Bəs dünya üçün hansı doğru olar, demokratiyamı önəmlidir, Millilikmi?! Ya da demokratiya ilə milliliyin ortaq nöqtəsi varmı?! Biz deyirik, Millilik humanizmdir. Deyirlər demokratiya da humanizmdir, sadəcə kimlərsə onu düzgün anlamayıb başqa istəklər üçün qullanır. Olsun! Axı bu “kimlərsə” özlərini demokratiyanın beşiyi sayırlar, başqa bölgələrə də demokratiya adlı ideologiya onlardan yayılır, ya da onların araçılığı ilə yayılır. Biz demirik, Batıda humanizm yoxdur. Biz deyirik, Batıda humanizm oyunların altında qalır. Bu oyunlar da başqalarının Milliliyini zədələməklə aparılır. Sözümüzün təsdiqi üçün yenə bir misalı gözdən keçirək. Bu gün erməni dünyaya bağırır ki, Türkiyə onlara qarşı soyqırım olayı törədib. Əslində ermənini bağırtdırırlar ki, bunu desin. Kim bağırtdırır?! – Dünyaya demokratiya aşılayan Batı. Türkiyə neçə yol bəyan edib ki, birgə komissiyalar yaradılsın, araşdırmalar aparılsın, birlikdə tarixi həqiqətlər ortaya çıxarılsın. Ancaq Batı bu önəriləri qulaq ardına vurur, erməninin bağırtılarını isə qulaq içinə alır.

Orxan Pamuk adlı antimilli bir kosmopolit deyir, Türkiyədə ermənilər soyqırıma uğrayıb. Batı bir dövlətin həqiqətlərini qulaqardına vurur, bir yazarın yanlış dediyini isə həqiqətə çevirib onu ödülləndirir. Yəni Türkiyə bölgə üçün önəmli bir dövlətə çevrildiyi bir çağda, bir vaxtlar onu dağıdıb yeməyə hazırlaşan, indi də bu istəyindən vaz keçməyən Batı onun içindən, hamının tanıdığı, maraqla oxuduğu birinə ödül verib Türkiyənin Milli mənafeyini zədələməyə çalışır. Düşünürlər ki, Pamuku maraqla oxuyanlar onun dediyini doğru saya bilərlər. Görünən odur ki, humanizm görsənişi altında ideoloji silah işlədilir. Üzdən görünən isə odur ki, Pamuk söz, düşüncə azadlığını ifadə elədi. Yəni çoxluq təşkil eləyən öz millətinin deyil, azlıq təşkil eləyən erməninin haqqını savundu. Yəni bu, demokratiyanın baxışıdır. Millilik açısına görə isə Orxan Pamuk dünyada qurulan oyunların çətiri altında öz millətinə qarşı dönüklük elədi. Demokratik sayılan dünya çoxluq təşkil edir. Çoxluq da Pamukun yanındadır. Səsvermənin qanunlarına görə Pamuk haqlıdır. Deməli, tarixi həqiqətlər əyri də olsa, doğru da, önəmi yoxdur, səs çoxluğu durumu kökündən dəyişə bilir. Bu ölçü hər hansı bir ölkədə hakimiyyətdəkinin dəyişməsini də yoluna qoyur. Sadəcə oyunlarda səmimiyyət quraşdırılır, ədalət görüntüsü yaradılır. Deyək ki, seçki keçirilir. Hakimiyyətə gəlmək istəyən iki aday var. Bunlardan biri səs çoxluğu ilə üstünlük qazanır. Hesab edək ki, o birisi üstünlük qazanmış olaydı. Nə baş verəcəkdi, başqa sözlə, nə dəyişəcəkdi?! Biri gəlib pensiyanı artırdı, o biri gəlmiş olsaydı, əmək haqqını artırmış olacaqdı. Axı hakimiyyətə gələnlərin heç biri bütün istəkləri ödəməyə gəlmir, ödəyə bilmir. Bunların hər ikisi, xırda fərqlərlə, Quruluşun tələblərinə uyğun dəyişiklik edirlər, edəcəklər. (Biz burada Azərbaycan tipli dövlətlərdən bəhs etmirik. Çünkü bu tip dövlətlərdə yönətim büsbütün müstəbid xarakterlidir).

Əslində “demokratik  seçki” deyilən bir sürəc kapitalizmin yaşamasını sağlayır. Yəni heç kim Quruluşun dəyişilməsi haqqında düşünmür. Nədənsə, xoşun gəlmirsə, səsini başqasına verib hakimiyyəti dəyiş. Beləcə, Quruluş yerində qalır, hakimiyyətdəkilər dəyişir. Üzdən baxanda isə ədalətli bir görsəniş var – toplum kimin işindən xoşu gəlmirsə, ona daha səs vermir, yenisini seçir. Başqa sözlə, kapitalizmi, toplumun səsverməsi ilə yaşadırlar. Yəni toplumu yarımədalətlə, yarımhumanizmlə, yarımazadlıqla yetərləndirirlər. Ona görə deyirik, demokratiya kapitalizmə qarşı deyil, ancaq Millilik kapitalizmə qarşıdır. Yarımmillilik olmur, Millilik tam, bütöv bir hadisədir. Bu gün Millilik uğrunda mübrizə getmir, demokratiya uğrunda mübarizə gedir. Hər halda, görünən budur. Toplumsal gəlişməni təmin etmək çabalarına demokratik mübarizə deyirlər. Ancaq yuxarıda dediyimiz kimi, demokratik mübarizə, başlıca olaraq, hakimiyyət uğrunda mübarizədir. Bütün toplumsal, sosial sorunların çözümü hakimiyyət dəyişikliyində axtarılır. Ancaq hakimiyyətlər dəyişəndən sonra, yenə də, heç bir köklü məsələ çözümünü, tam olaraq, tapmır. Bizim düşüncəmizə görə heç bir Quruluş, Milli məsələləri, anlamına uyğun, yəni doğru yöndə, yoluna qoymur. Milli sorunların üstünə pərdə tutulur, kosmopolit, beynəlmiləlçilik şüurları ilə əvəz eləməyə çalışırlar, daha da böyük sorunlara yol açmış olurlar. Millətçiliyi toplumsal məncillik (ictimai eqoizm) kimi dəyərləndirib belə bir doğruçu, böyük ideyanı kölgələməyə çalışırlar.

Biz dedik ki, Millilik kapitalizmə qarşıdır. Çünkü Millət – insani prinsiplərlə oluşur, insanlığın qanunlarıyla yaşamağa can atır. Azadlıq – tam ədalət tələb edir, kapitalizm ədalətsizlikdir. Çünkü pulçuluğun ölçü olduğu ortamda mənəvi prinsiplər yaşama etki göstərə bilmir. Kapitalizm ortamında söz, düşüncə azadlığından danışmaq özünü doğrultmur. Çünkü kapitalizmi devirən sözə azadlıq tanımaq absurd görünür. Bizim düşüncəmizə görə Millətçilik – İnsani qanunlar əsasında dəyərlər yaratmaq, bu dəyərləri yaşam ölçüsünə çevirməkdir. İnsanlığın tələbinə yüksələn Millət başqalarına münasibətdə humanist olmaya bilməz. Öz millətini sevən başqasına yağı ola bilməz, “sevgi ilə nifrət qoşadır” deyib sağlam bir ideyanı – Millətçiliyi zədələyənlər “başqası” anlayışı ilə “yağı” anlayışını qarışıq salırlar. “Öz Milləti” anlayışı ilə “başqa millət” antonim anlayışlar deyil. Nifrət şərə qarşı yönələr. Öz millətini sevən üçün başqa millət şər anlamı daşımır. Millətləşmənin özülündə İnsanlaşma durur. Milli mədəniyyət, milli dəyər, milli özgürlük, milli quruculuq – Milli kimliyi bəlirləyən keyfiyyətlərdir. Millətləşən – özümləşər, demokratlaşan Batılaşar. Çünkü özümləşmənin qoruyucusu millətdir, demokratlaşmanın yiyəsi Batıdır. Heç kim demokratiyaya özündən qatqı vermir, hamı Batının buyurduğu kimi demokrat olur. Özündən demokratiyaya qatqı verəni Batı tanımaz, qəbul etməz.

Biz deyirik, Özümləşən (əslində insanlaşan) Millətləşər. Əsil Bəşərilik elə Millətləşmə deməkdir. Yəni İnsanlaşma Bəşərilik deməkdir. Asif Atanın sözü ilə desək: “Bəşərin qurtuluşu İnsanlaşmaqdadır. İnsanlaşın – İnsanlaşdırın!”

Yükümüzdən Böyük Fərəhimiz yoxdur!

Atamız Var olsun!

11 Şölə Ayı, 42-ci il. Atakənd

Share: