“Mənimlə qalmadı mənim olanlar…” – Cabir Həsənovun şeirləri

Olaydı

 

Kaş yenə qazanı anam asaydı,
Yenə də ağzımda o tam olaydı.
Biz yenə beş uşaq eyni süfrədə,
Süfrənin başında atam olaydı.

 

Bağımızda yuva quraydı quşlar,
Axaydı gözümdən yalançı yaşlar.
Böyük qardaşıma atdığım daşlar,
Həyatda ən böyük xətam olaydı.

 

Bir daha açaydı dövrün çiçəyi,
Yenə mən olaydım evin göyçəyi.
Hər bacımın başda bantı, ləçəyi,
Mənim köynəyimdə butam olaydı.

 

 

Mənimlə qalmadı mənim olanlar

 

Bahar vaxtı evə gəlib görərdim,
Atam al parçanı dirəyə vurur.
Qaranquş çöpləri bir-bir sütuna,
Anam yumurtanı çörəyə vurur.

 

Onda uşaq idim, uşağa bax bir,
Bir qız bəyənirdim, xatirimdədir.
Onda anlamırdım ayrılıq nədir,
Bilmirdim ağrısı ürəyə vurur.

 

Keçdi, xatirəyə döndü xoş anlar,
Mənimlə qalmadı mənim olanlar.
Onda zərbələri topa vuranlar,
Böyüyüb…zərbəni kürəyə vurur.

 

 

Tək yaşamaq

 

Kim nə bilir,
Bu həyatda tək yaşamaq necə olur?
Sevgisi bol, qayğısı bol vətənində,
Qərib olmaq,
Arzuları, ümidləri tək daşımaq necə olur?

 

Dünya tənhaların unudulduğu,
Dünya qəmlə sevinc kəsişdiyi yer.
Bura gündüzlərin çox tez ötdüyü,
Bura axşamların tez düşdüyü yer.

 

Bayırda qayğısız, xoşbəxt görünüb,
Zamanı bölməyə adam seçirsən.
Axşam üzündəki xoş görüntünü,
Qapıda tullayıb – evə keçirsən…

 

 

Yerində

 

Məni yerli-yersiz incidir həyat,
Hərdənbir könlümü alır yerində.
Nə qədər başıma sığal çəkirsə,
Yenə incikliyim qalır yerində.

 

Gah zərif duyğumu qatlayıb keçir,

Gah böyük səbrimi adlayıb keçir.

Min dəfə səbəbsiz odlayıb keçir,
Bir dəfə mehrini salır yerində.

 

Bir arzum ürəkdə, dərində qalır,

Günahlar şeytanın şərində qalır.

Mənim istəklərim yerində qalır,

Zalım öz havasın çalır yerində.

 

 

 

Bu sevgi

 

Belə dalğın, belə küskün dayanma,
Sənə məğrur, şux yaraşır bu sevgi.
Təlaş dolu baxma mənə gözəl yar,
Sənə məndən çox yaraşır bu sevgi.

 

Sevgi nədir, sevən gözün yaşıdır,
Sevgi yuva – qayğı təməl daşıdır.
Sağlam ürək məhəbbətə naşıdır,
Sən vuranda ox, yaraşır bu sevgi.

 

Bir gün olar, bitər qəmim, nisgilim,
Qıyma, səndən ayrı düşüb əskilim.
Kim nə deyir desin, bil ki, sevgilim,
Sənə dildə “yox” yaraşır bu sevgi.

 

 

Anam

 

Hər səhər yeyərdim isti dürməyi,
Öz əliylə büküb, verəndə anam.
Başqa dad olardı qara çörəkdə,
Üstünə yağ çəkib, verəndə anam.

 

Bir iş tapşıranda, yaxşı deyərdim,
Dilək üçün hər qonşuya dəyərdim.
Köhnə köynəyimi şəstlə geyərdim,
Təzə düymə tikib, verəndə anam.

 

Keçdi gəncliyimin yolu sandıqdan,
Utandım o köhnə, dolu sandıqdan-
Son ümid saydığı pulu sandıqdan
Üzümə göz dikib… verəndə anam.

 

 

 

Bu axşam

 

Bu axşam dünyanın dodağı qaçıb,

Bəxt kimin üzünə gülür bu axşam?

Bu axşam bir həsrət dustağı qaçıb,

Sevgini kiminlə bölür bu axşam?

 

Kim bilir, darıxmaq necə kəlmədi,

Kim bilir unutmaq neçə bölmədi?

Bəlkə də bu axşam kimsə ölmədi,

Mənim ümidlərim ölür bu axşam.

 

Xoşbəxtlik adası uzaqdır, uzaq,
Qar, yağış, tufandır, qasırğa, sazaq,
Kim bilir haradək uzaqlaşacaq,
Bir gənc də ixtıyar olur bu axşam.

 

 

Qayıtmışam

 

Neçə yol çıxmışam bəxtin dağına,
Yıxılıb, sinəmdə dağ qayıtmışam.
Mənim öz bəxtimlə öz aramdakı
Qopanda sonuncu bağ qayıtmışam.

 

Bu get-gəl yolunda keçincə vaxtım,
Dərdin heybəsini çiynimə taxdım.
Bir səhər oyanıb güzgüyə baxdım,
Mən niyə saçları ağ qayıtmışam?

 

Fələk hər tərəfdən kəsib yolumu,
Dünyanın qurduğu ədalət bumu?
Ehtiyac öldürüb hər bir arzumu,
Qara günlər üçün sağ qayıtmışam.

 

 

 

Gəlmişəm

 

Bu gün məni əziz görüş gözləyir,
Bir ümidi tam götürüb gəlmişəm.
Əldə qədəh dadıb eşqin meyindən,
Dil-dodaqda tam götürüb gəlmişəm.

 

Üzün günəş, könül zəmi sevgilim,
Di saç nuru, vüsal dəmi sevgilim.
Unut bu gün köhnə qəmi sevgilim,
Təzə arzu, kam götürüb gəlmişəm.

 

Otur mənlə, hər dərdini böl danış,
Öncə soruş, deyim dinlə, bil danış.
Bax üzünə, oxşa, sevin, gül danış,
Bu sevgini xam götürüb gəlmişəm.

 

Al qəlbimi saxla, qoru düşməsin,
Elə vursun, nəfəs quru düşməsin.
Çək pərdəni, ayın nuru düşməsin,
Ortalığa şam götürüb gəlmişəm.

 

Könül açıb, boyun burub əylənək,
Yavaş-yavaş körpü qurub əylənək.
Çıxaq çölə, altda durub əylənək,
Buludları dam götürüb gəlmişəm.

 

 

Sənsizliyə alışmaq

 

İncəliklə yazıram ki, biləsən,
Bir acıdır sənsizliyə alışmaq.
Darıxmağın, inciməyin, küsməyin
Əlacıdır sənsizliyə alışmaq.

 

Hər tərəfdə özün kimi kəslərin,
Hər tərəfdə səsin kimi səslərin,
Arzuların, ümidlərin, hisslərin
Tıxacıdır sənsizliyə alışmaq.

 

Əl üzməkdi ətəyindən fürsətin,
Əyilməkdi qarşısında qismətin.
Yavaş-yavaş ayrılığın, həsrətin
Rəvacıdır sənsizliyə alışmaq.

 

Cabir Həsənov

Share: