Ölən Könüllər – Kamalə Abiyeva yazdı

Könül öləcək

Könül minlərdən, yüzminlərdən biridir. Həm də zəhmətkeş ailənin ilki, üç bacıdan biridir. Ana – ata çox zəhmətə qatlaşıb qızlarını oxutmaq üçün. Könül indiki Bakı Humanitar kollecdə kitabxanaçılıq ixtisasına yiyələnib. Amma özünə baxışı milli bizdən uzağa getməyib: biz qızlara daha çox ərə getməyi aşılayırıq, qızların gələcəyində “ər, uşaq, qaynana və s.” görürük. Oğlanlarımıza da daha çox qız axtarmaqla məşğuluq.

 

Bizim üçün övladımızın ailə qurması arzudan çox məqsəd olur. Könül də kitabxana müdiri olmaq haqda deyil, ər haqda düşünüb, ailə qurub. Könülün hansı arzularla yaşadığını mən bilmirəm. Heç kim bilmir. Ailə qurduğunu qohum, qonşu, dost-tanış bilir. İki övladı olduğunu da hamı bilir. Bəlkə xoşbəxtliyini həyat yoldaşına qulluq etməkdə, uşaq dünyaya gətirib qayğısına qalmaqda görüb? Heç başqa arzusu olmayıb? Belə qızlarımız nə çox. Təki ailə xoşbəxtlik gətirsin.
Könülün evliliyi uğursuz oldu. Düzdü ana oldu, övladlarının savadlı, olmasına çalışdı. Bir ananın verə biləcəyi heç bir qayğını əsirgəmədi. Həyat yoldaşına, qaynanasına, nə başqa bir qohuma “eh” də demədi. Xəstəliyini, yorğunluğunu, arzusunu da bildirmədi. Ayları, illəri beləcə ötdü: xörək bişirir, qab, pal -paltar yuyur, uşaqlara baxır, ərə, qaynanaya, gələnə – gedənə qulluq edir, “bəli, baş üstə” deyir və s.və i.

Və bir gün anladı ki, dözümü tükənib: Öləcək…

Könül ölür

Könülün gəlin olduğu ailə çətin oldu. Ailədə kimsə normal düşünə bilmirdi. Ağıl sorunları vardı. Məsələn, isti çaya “bu soyuqdu”, soyuq suya “qaynardı” deyə bilərdilər. Kimsəni razı sala bilmirdi. İllərlə dözdü Könül. Son zamanlarda bir – neçə dəfə anasına, bacısına “Dözə bilmirəm” demişdi. Uşaqlarını götürüb getmişdi. Amma bizdə milli ”döz” psixologiyası da var axı.

Yoldaşınınsa “görüntüləri” artır, qısqanclıq sindromları başlayırdı. Düşüncə, sağlamlıq, tərbiyə sorumları olan kişilər adətən qadınlarına zülm edir. Bu zülmünsə işgəncə növləri çoxdu. Qadınlar adətən susur… Susduqca yoxa çıxırlar… Könülün həyatında özündən başqa hamı vardı…

Könül anlayırdı ki, yoxa çıxır – ölür…

Könül oldü

Könül ölürdü. İnsan kimi ölürdü… Onu yaşadan övladları idi. Ana kimi həyata tutunmağa çalışırdı. Övladları məktəbli idi. Onların taleyi üçün narahat Könül çabalayırdı. Demə narahatlıq da yaşada bilir. Çox istəyirdi onlar oxusun, seçilsin. Həyat yoldaşının bütün əziyyətlərinə, sinir krizlərinə, şıltağına dözürdü. İki oğlunun anasına bir manat qıymayan şəxsi maşın sürən Ər isə narazı gəzirdi.

Demə Ərin “ayrılıq planı” vardı. “Anangilə baş çəkək” deyə bir gün axşam saatlarında onu evdən çıxardı. Liftdə qapının açılmamasını da düşündü. Götürdüyü bıçaqla iki oğlunun anasını kəsik – kəsik etdi: 48 bıçaq yarası. Sonra ”Mənə xəyanət edir” dedi…

Qızın çığırtısına köməyə gələnlər qapını açana kimi…Könül öldü…
Qapının arasından qızın boğazını necə kəsdiyini görən xanımın ürəyi getdi… Liftdəki mənzərəni görənlərin dili tutuldu…

Sonra?

Ana haray saldı: Balamı verin…Gəlmək istəyirdi, “olmaz” dedim.

Axı bizdə dəyərli atalar misalı var “Ər evindən meyitin çıxar ancaq”.

Bacı için – için ağladı: “İki gün əvvəl dözə bilmirəm demişdi”.

Ehhh…Heç olurmu? Bəs milli dəyərlər? ”Gəlin süpürgədi. Hara qoysan, orda qalmalıdı. Dözməlidi. “Ər onun ağasıdı”. Qul psixologiyası.

Oğlanın xalası özünü qınadı: “Mən deyirdim, bu qızı qorumaq lazımdı. Öldürəcək bir gün. Heç bu cür gəlinə qıyarlarmı”?

Ah…Xala! Hansı gəlinə? Yaxşı gəlin boşanmaz ki! Dəlidən, xəstədən, narkomandan, qaynanadan, baldızdan, heç kimdən boşanmaz. Könül ağılsız idi elə əri kimi. Dəliydi. Ağıllı qız qalardımı?

Hələ nə qədər Könüllər ölüb, ölür və öləcək…

Belə hadisələr çox olur. Bu da biri. Əslində fikrim qarışır yazdıqca.
Yəni zəif, iradəsiz, belə avam qızların ölümünə necə münasibət göstərməyimi də bilmirəm. Ağlayım, hirslənim, gülüm, ağrıyımmı?

Qatilə cinayət işi açıldı: “Qısqanclıq zəminində”…??? Amansızlıqla qəsdən adam öldürülüb əslində.
“Xəyanət edirdi” –dedi “ər”.

Ananın ağrısı onqat, yüzqat oldu. İnanmayanlara sığınır. Bacılar daş – divarı çeynəyir. Tanıyanlar yanıb – yanıb kül olur: Bu cür qıza necə qıydı? Mədəni, sakit… Dilin qurusun! Əlin qırılsın! – deyirlər. Ailəni yaxından tanıyan xanımlardan biri “Yazıq qız” dedi. Digər qonşu “Əri deyir xəyanət edirdi, yəqin…” Başqası əsəbləşdi: Eyib deyil? Siz ailəni tanımırsız? Tanıyırsız axı. Bilirdik ki, oğlan necədi. İndi bu yazıq gəlinə niyə ad qoyursuz?” Kişi qəribə baxdı, susdu.
Könülün oğlanları məktəblidir. Böyüyü “Anam tez – tez deyirdi ki, mənə bir şey olsa, qardaşından muğayat ol. Bir də “atamı öldürəcəm” deyir… Uşaqların müəllimələri ağladı: Necə gözəl qadın idi. Ana idi.- deyə. Onunla yaxın olan valideynlərdən biri: Çox aciz idi, çox sıxıntı çəkirdi. Heç təzə paltarı olmazdı… Bir başqası :”O kişini boğaram” – dedi…

Həyat yoldaşı tərəfindən öldürülən gəlinlərin işlərinin əksərində “qısqanclıq zəminində” damğası var. Mən məsələn, qanun keşikçisi, olsaydım, o sözü deyəni canı çıxanacan döyərdim. Öldürmüsən! Həyatının yoldaşını, sevdiyini öldürmüsən – deyə – deyə ölüncə döyərdim.

Anlamıram ki, bu düşüncəylə necə yaşamaq olar? Kim deyir ki, aylarla xoş söz eşitməyən, sığal görməyən, döyülən – söyülən, xəyanət görən və s. qadın ərinə sədaqətli olmalıdı? Kim deyir? Mən xəyanətə bəraət vermirəm. Əsla! Mən heç düşüncəyə xəyanəti qəbul etmirəm. Amma… Qadın bu gün yorğundu, sənə qulluq etmək istəmir, “olmaz” deyirsən. O, istirahətinə xəyanət edir. Qadın darıxır, gəzməyə getmək istəyir, sənin həvəsin yoxdur. O razılaşır, həvəsinə xəyanət edir. Qadın işləmək istəyir, icazə vermirsən, arzusuna xəyanət edir. Qadın təzə geyim istəyir, “yoxdur” deyirsən. Həsrətinə xəyanət edir. Etmədiyin bazarlıqdan sənə süfrə açır, deyinirsən (razı qalanda sevinir) və s. Niyə özünə etdiyi xəyanətlərə görə onu qınamırsan? Hə… Ancaq sənə xəyanət etməsin. Sənin sərhədlərində qalsın-mənliyinə xəyanət etsə belə. Özünə hər gün xəyanət etsin, təki sən razı qalasan.

Nə qədər utancverici, nə qədər alçaldıcı nə qədər ürəksıxıcı yanaşmamız var. Hətta belə xəbərlərdə kişilərə bəraət verən “kişi” şərhlərinə də rast gəlmək olur. Özü də elə alçaqca söyüşlə yazırlar ki…Xəyanət faktının həqiqiliyindən asılı olmadan, doğrunu bilmədən “əcəb edib”yazanları həbs eləmək lazımdır. Potensial qatillərdi. Və qadını öldürənlər (bu bacı, övlad da olur) bilirsiz niyə xəyanətlə əsaslandırır? Çünki əmindilər onlara haqq verən tapılacaq. Əslində heç birinin dəlili-sübutu olmur. Onu başqası ilə görmüsənsə, o kişini öldür ilk olaraq. Bunların qısqandığı kişilər hanı görəsən? Xəyanət varsa, səbəbkar da var. Bəs niyə görünmürlər? Niyə? Onlara kəsilən hökm bəraətdirmi? Ay sizin dağılmalı kafanız dağılsın!..

Xəyanətə görə öldürmək gərəksə, qadınların çoxu qatil olmalıdır.
Düşüncəmizdə qüsur var. İki insan – ailə ciddi birgəlik problemi yaşayırsa, ayrılmalıdı. Övlad bəhanə olmamalıdı. Belə ailələrdə uşaqlar daha bədbəxt böyüyür. Daha ciddi zədələr alır. Könülün övladları kimi…
Könülsə onsuz da ruhən ölmüşdü. Əgər ölüm varsa, deməli ailədə xoşbəxtlik olmayıb. Xoşbəxt olmadığın yer bədbəxt olduğun yerdi. Bədbəxt olduğun yerdən isə vaxtında getməlisən – qaçmalısan.Yoxsa “meyitin çıxacaq” Könüllər kimi…

P.S. Hadisə 9 – cu mkr;Cavadxan küçəsində olub. İş Binəqədi Rayon Prokurorluğundadı. İnanmaq istərdim ki, qatil layiqli cəzasını alacaq.

qadinkimi.com

Share: