Hamı qoy dəli olsun, İstiqlal divanəsi – Sehran AllAHVERDİ

Selfi

Kimi içini yeyir,
Kimi çölü, bayırı.
İçin yeyənlər gəlsin
Selfi çəkək biz ayrı.

Göyün üzündə olsun,
Ya da Yerin dibində.
Bütün işsizlər gəlsin,
Veyil, əli cibində.

Hamı qoy dəli olsun,
İstiqlal divanəsi.
Əl çəpikdə, dil desin
Azadlıq meyxanəsi.

Zamanı uduzmuşuq,
Orda zaman olmasın.
Cavanlar şəhid oldu,
Orda cavan olmasın.

Selfi içdə çəkilsin,
Gözlərimiz göz dağı.
Görünsün necə kəsir
Dişimiz bağırsagı.

09 İyun 2020

Vətən

Bura Vətəndi…
gülü solandı,
gözü dolandı.

Bura Vətəndi…
Efirində radiosu, TV-si,
orbitində müstəqil peyki olan
Vətən.

Bura Vətəndi…
üç rəngli bayragı yüksəklərə,
qalustuklu məmurları kürsülərə
can atan Vətən.

Burda bütün kameralar
ətəkdən yuxarıya,
qalustuklara tuşlanıb.

Bura vətəndir…
operatorları yaltaq,
ətəkdən aşağısı çılpaq
Vətən!

22 May 2019

Yalançı şəhər

Səndən xəbərsizik gör neçə ildı,
Gözlərin yollara dikili qalıb.
Qaçıb gələrdınmi, ayağın olsa
Qolların qoynunda bükülü qalıb.

Bəlkə ayağını özün kəsmisən,
Atib gəlməyəsən bezib ağrıdan.
Bizim yollarimiz kəsilməyib ki…
Kəsik ayaqlardı ürək ağrıdan.

Ayaqlar kəsildi, cığırlar itdi,
İtmiş cıgırlarla qalandı Şuşam.
Ayağın olsaydı yenə gəlməzdin,
Yalandı, yalandı, yalandı, Şuşam.

Share: